Paytaxt məktəblilərinin Lənkəran iqtisadi rayonuna ekskursiyası təşkil olunub.
Azadmedia.az - Bakı şəhəri ümumi təhsil müəssisələri şagirdlərinin Lənkəran, Masallı, Lerik və Astara rayonlarında yerləşən aqroturizm məntəqələrinə ekskursiyası təşkil edilib.Bu barədə Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib. Bildirilib ki, Avropa İttifaqının maliyyə dəstəyi ilə Avrasiya Əməkdaşlıq Fondu və “Konstitusiya” Araşdırmalar Fondu tərəfindən birgə həyata keçirilən “AqroViziya” layihəsi çərçivəsində reallaşdırılan ekskursiyanın əsas məqsədi məktəbliləri sitrus bağları, balıqçılıq, bağçılıq, bostançılıq və fermer təsərrüfatları ilə yaxından tanış etmək, onlarda kənd təsərrüfatının müxtəlif sahələrinə maraq yaratmaqdan ibarətdir.
Şagirdlər layihənin iştirakçısı, Masallı rayonunun Boradigah qəsəbəsindən olan misgərlik və qalayçılıq sənəti ilə məşğul olan Taleh Ağayevin əl işləri ilə tanış olublar.
Masallı rayonu, Boradigah qəsəbə sakini Taleh Ağayev misgərlik və qalayçılıq sənəti ilə məşğuldur. Masallıda bu sənəti inkişaf etdirmək, öz ailə biznesini genişləndirmək üçün “ABAD”a müraciət edən Taleh Ağayev dizayn və satışın təşkili xidmətlərindən yararlanır. Taleh şagirdlərə söyləyib ki, əvvəllər misgərlik daha aktual sənət sahələrindən biri idi. Misdən hazırlanan məişət və zinət əşyaları insanların gündəlik həyatında daha çox yer tuturdu. Lakin dövrün müasirləşməsi və alternativlərin artması, bu sənət sahəsinə marağı azaldıb. İndi “ABAD”ın dəstəyi sayəsində dövrün tələblərinə cavab verən, zövq oxşayan əl işləri hazırlayaraq, bazarda öz yerimi tutacağımdan əminəm..
Qeyd edək ki, bu gün “ABAD”çı Taleh Ağayevin misdən hazırlanmış əl işləri “ABAD” sənətkarlıq mərkəzlərində təqdim olunur.
Taleh Ağayevin misgərlik və qalayçılıq sənəti haqqında söhbətləri şagirdlərdə maraq oyadıb.
Ekskursiya zamanı məktəblilər arasında maraqlı oyunlar keçirilib, şən və əyləncəli proqram təşkil edilib.
Ülkər Piriyeva