İyunun 23-də Milli Məclisin sədri Sahibə Qafarova Qırğızıstan Respublikasına işgüzar səfəri çərçivəsində Çolpon-Ata şəhərində Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanovla görüşüb.
Görüşdə dost və qardaş ölkələr olan Azərbaycan və Qazaxıstan arasında münasibətlərin uğurla inkişaf etdiyini bildirən Milli Məclisin sədri deyib ki, Azərbaycan və Qazaxıstan xalqları arasında çoxəsrlik ənənəvi dostluq və qardaşlıq əlaqələri mövcuddur və bu, ölkələrimiz arasında strateji tərəfdaşlıq, müttəfiqlik münasibətlərinin dərinləşməsinə möhkəm əsaslar yaradır. Spiker deyib ki, 2022-ci ildə ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü tamam olur. Bu müddət ərzində ölkələrimiz bir çox sahələr üzrə dərin əməkdaşlıq əlaqələri qurmuşdur. Münasibətlərimizin inkişafında ölkə başçılarımızın rolu mühümdür.
İkitərəfli əlaqələrin inkişafında qanunverici orqanların rolundan bəhs edən Milli Məclisin sədri parlamentlərin ölkələrimiz arasında münasibətlərdə körpü rolunu oynadığını qeyd edib, bu sahədə münasibətlərin yüksək səviyyədə olduğunu vurğulayıb. O, bildirib ki, hər iki ölkənin parlamentlərində dostluq qrupları fəaliyyət göstərir. Deputatlarımız müxtəlif beynəlxalq təşkilatlarda da uğurlu fəaliyyət göstərirlər. Spiker həmçinin Azərbaycan ilə Qazaxıstan arasında qarşılıqlı faydalı əməkdaşlığın daha da dərinləşdirilməsi və möhkəmləndirilməsi üçün böyük imkanlar yaradan TürkPA çərçivəsində qarşılıqlı fəaliyyəti xüsusilə qeyd edib.
Görüşdə Sahibə Qafarova Azərbaycanın 44 günlük Vətən müharibəsidə qazandığı Qələbə və regionda yaranmış yeni reallıq barədə də məlumat verərək, bildirib ki, Azərbaycan bu Qələbə sayəsində öz ərazi bütövlüyünü bərpa edib və işğal faktına son qoyub. Hazırda Azərbaycan işğaldan azad etdiyi ərazilərinin bərpasını həyata keçirir. Ölkəmiz regionda daimi sülh və sabitliyin təmin olunmasını istəyir.
Milli Məclisin sədrini səmimiyyətlə salamlayan Qazaxıstan Respublikası Parlamenti Məclisinin sədri Yerlan Koşanov ölkəmizin Qazaxıstan üçün çox mühüm və etibarlı tərəfdaş olduğunu bildirib. O, Azərbaycanla münasibətlərin inkişafına böyük əhəmiyyət verdiklərini qeyd edərək, münasibətlərimizin inkişafından razılığını ifadə edib. Münasibətlərimizin hazırki yüksək səviyyədə olmasında xalqlarımız arasında mövcud olan dostluq və qardaşlıq əlaqələrinin mühüm rolunu qeyd edən Yerlan Koşanov müstəqillik illərində əməkdaşlığımızın daha da dərinləşdiyini bildirib.
Qazaxıstan Parlamenti Məclisinin sədri iki ölkə arasında münasibətlərin inkişafına qanunverici orqanların özünəməxsus töhfələr verdiyini söyləyib. Onun sözlərinə görə, bu sahədə əlaqələrin inkişafı qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından əhəmiyyətlidir. O, xüsusilə, TÜRK PA çərçivəsində əməkdaşlığın önəmini vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.