AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“4-cü Beynəlxalq Bakı Yay Caz günləri” keçiriləcək

  • + A
  • - A
  • 30-06-2022, 16:25

    “4-cü Beynəlxalq Bakı Yay Caz günləri” keçiriləcək



    Azadmedia.az - İki illik fasilədən sonra "Bakı Yay Caz günləri" (Baku Summer Jazz Days) festivalı fəaliyyətini bərpa edir.

    Əvvəlki festivalların iştirakçılarının coğrafiyasına İsveçrə, Fransa, İsrail, Gürcüstan, ABŞ, Türkiyə, Macarıstan, Rusiya kimi ölkələr daxil idi. Xatırladaq ki, festivalın proqramlarında Avichai Kohen, Erik Eruffaz, Jacky Terrasson, Stephane Belmondo, Nik West və bir çox məşhur musiqiçilər Bakıda ilk dəfə çıxış ediblər.

    “Yay ​​Caz Günləri”nin diqqətəlayiq konsertlərindən biri – Oleq Lundstremin Caz Orkestrinin Dənizkənarı parkda baş tutmuş konserti təkcə peşəkarların deyil, həm də cazı ilk dəfə dinləyənlərin də diqqətini cəlb edib. Konsertlərin ictimaiyyət üçün əlçatan olması və bununla da Bakı caz ənənələrinin geniş tamaşaçı auditoriyası üçün canlandırılması festivalın əsas məqsədidir.

    Bu il konsertlər Heydər Əliyev Mərkəzinin parkında açıq havada keçiriləcək. Giriş sərbəstdir.

    İyulun 6-da festivalı amerikalı caz pianoçusu və bəstəkarı Emmet Kohen öz triosu ilə açacaq.

    Trionun lideri Kohen caz ifaçısı və pedaqoqdur və bütün yaş qruplarından olan tələbələrinə dinləyicilər ilə ünsiyyət sənətini öyrədir. O, Nyuport, Monterey və Rotterdamda keçirilən dünyaca məşhur caz festivallarında, eləcə də Nyu Yorkdakı Rose Hall və Vaşinqtondakı Kennedi Mərkəzində bir çox məşhur musiqi məkanlarında çıxış edib.

    Emmet Cohen Amerika Piano Assosiasiyasının, 2019-cu il Amerika Pianoçuları Mükafatının sahibidir.

    İyulun 7-də proqram, məşhur İsveç-Türkiyə saksofonçusu, bəstəkar, aktyor, prodüser İlhan Erşahinin kvarteti ilə davam edəcək. Stokholmda böyüyən və 1990-cı ildən Nyu-Yorkda yaşayan musiqiçi, Wallace Rooney, Joe Lovano, Jeff Williams, Cameron Brown, Viktor Lewis kimi musiqiçilərlə birlikdə çıxış edib. O Bakıda, Türkiyədən olan cazmenlərin çıxış edəcəyi məşhur "İstanbul Sessions" layihəsini təqdim edəcək.

    Hər iki gün festival səhnəsi həmçinin bizim caz qruplarımıza təqdim olunacaq. Bu əsl millətlərarası caz musiqisi dialoqu olacaq.

    Diana Hacıyeva – müasir Azərbaycan caz səhnəsinin istedadlı nümayəndələrindən biridir. Müğənni, musiqi prodüseri və bəstəçi kimi fəaliyyət göstərərək ən müxtəlif heyətlərlə çıxış edir. 2012-ci ildən DiHaj adı altında öz musiqi fəaliyyətini nümayiş etdirən heyətin prodüseridir.

    Firudin Həmidov – gənc nəslə aid olan caz trumpet ifaçısı və bəndlideridir. Hal-hazırda Azərbaycanın ən tanınmış gənc heyətlərindən biri olan “H3 Collective”-in yaradıcısı və rəhbəridir. H3 Collective və F.Həmidov əsasən eysid-caz, fank-caz, hip-hop və digər müasir caz istiqamətlərində çalışır.

    Festival Heydər Əliyev Mərkəzi, Azərbaycan Mədəniyyət Nazirliyi və “Premier LTD” şirkətinin təşkilatçılığı ilə həyata keçəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR