AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

“Heydər Əliyevin “oğlum” dediyi zabit, nişangahsız toplarla hücum, Ağrıdakı türk əsgərləri...”

  • + A
  • - A
  • 22-07-2022, 05:30

    “Heydər Əliyevin “oğlum” dediyi zabit, nişangahsız toplarla hücum, Ağrıdakı türk əsgərləri...”


    “Naxçıvanda ordunun yaradılması bütün bölgənin taleyini həll etdi”

    “Ağır hərbi texnikamız olmadığı üçün “BMP”, “BTR” kimi texnikaların maketlərindən və buluddağıdan toplardan istifadə edirdik”

    “Düşmənə qarşı ən böyük silahımız vətən sevgisi olub”

    Talıb Əliyev: “Azərbaycançılıq ideyası, vətən sevgisi bütün tarixi dövrlərdə xalqımızı zəfərə aparan başlıca amil olub”

    Eyniylə 44 günlük Vətən müharibəsi kimi, Birinci Qarabağ müharibəsinin də Azərbaycan hərbçilərinin göstərdiyi qəhrəmanlıqlarla zəngin olduğu, əsgərlərimizin ağır şərtlər altında erməni faşizminə qarşı fədakarcasına mübarizə apardığı məlumdur.

    Moderator.az olaraq Birinci Qarabağ müharibəsinin iştirakçısı, ehtiyatda olan polkovnik-leytenant Əliyev Talıb Məmməd oğlu ilə söhbətimizdə Azərbaycanda ordu quruculuğu, Naxçıvanın düşmən hücumundan müdafiəsi, Ümummilli lider Heydər Əliyevin nizami ordu formalaşdırmaq, erməni hücumunun qarşısını almaq istiqamətində gördüyü böyük işlər, onun bütün xalqı azərbaycançılıq ideyası ətrafında sıx birləşdirməsi və s. kimi tarixi məqamlara toxunmağa çalışdıq.

    -Talıb müəllim, ilk öncə 1991-ci ildə Naxçıvanda ordu quruculuğu prosesi ilə bağlı fikirlərinizi bilmək istərdik. Bu proses hansı zərurətdən meydana çıxmışdı? Heydər Əliyevin bu prosesdəki yeri və rolu nədən ibarət idi?

    -Naxçıvanda ordu quruculuğu prosesini zəruri edən əsas amil erməni hücumları və bu hücumlardan müdafiə zərurəti idi. Uzun illərdir ki, gizli şəkildə müharibəyə hazırlaşan və SSRİ-nin dağılması fonudna öz çirkin niyyətlərini açıq şəkildə həyata keçirməyə çalışan Ermənistan xaricdəki havadarlarının köməyi ilə Naxçıvana hücumlar edir, dinc insanları namərdcəsinə qətlə yetirirdi. Məhz bu səbəbdən də həmin vaxt Naxçıvanda olan, faktiki olaraq muxtar respublikanın müdafiəsini təşkil edən Heydər Əliyev, nizami ordu formalaşdırmağa səy göstərir, bunu ən ümdə tapşırıq kimi bütün yetkili şəxslərin qarşısında qoyurdu. Lakin o dövrdə ordu yaratmaq, onun silah-sursatla təchizatını təmin etmək heç də asan məsələ deyildi. Ən böyük problem heç şübhəsiz silah və hərbi texnika təchziatı ilə bağlı idi. Naxçıvanın müdafiəsi üçün gərəkli olan silah və texnika yox idi. Nəinki ağır hərbi texnika, adi atıcı silahlar belə yox idi.

    Bu səbəbdən də 1991-ci ildə Heydər Əliyev Naxçıvanda ordunun yaradılması və onun silah-sursatla təminini həyati vacib məsələ kimi qarşıya qoydu. Çünki Naxçıvanın taleyi bilavasitə bu məsələdən asılı idi. Mənim üçün qürurvericidir ki, Ulu öndər məhz bu həyati məsələnin həllini – ordunun silah-sursatla təchizatı məsələsini mənə həvalə etdi və mən Ümummilli liderin mənə verdiyi səlahiyyətdən, eləcə də şəxsi əlaqələrimdən istifadə edərək bu problemin həlli istiqamətində konkret addımlar atdım.

    -Maraqlıdır, bütöv bir ordu üçün gərəkli olan silah-sursatı necə əldə etdiniz?

    -Təbii ki, bu təminat birdən-birə və kütləvi şəkildə həyata keçirilmədi. Bu, mümkün də deyildi. Biz ilk növbədə daxili imkanlarımızı səfərbər edərək əlimizdəki silah-sursatı yenidən dəyərləndirdik. Onların dəqiq siyahısı aparıldı, yararlılıq dərəcəsi müəyyənləşdirildi. Bundan sonra Heydər Əliyevə məruzə etmək və onun bilavasitə xeyir-duası ilə kənardan Naxçıvana silah-sursat gətirilmsəi istiqamətində işlərə başladıq. Şəxsi əlaqələrim və vətənpərvər gənclərimizin köməkliyi ilə qısa müddətdə xeyli miqdarda avtomat silah əldə edərək bu silahları Naxçıvanın müdafiəçilərinə payladıq. Heydər Əliyevin rəhbərliyi ilə Naxçıvanda 1000 nəfərə yaxın ordu quruldu. Ancaq hələ də qarşıda görülməsi gərəkən çoxlu iş var idi. Çünki yeni yaradılan ordu hərbi texnikadan tamamilə məhrum idi ki, bu da düşmənə qarşı uğurlu mübarizə imkanlarımızı məhdudlaşdırıdı.

    -Talıb müəllim, hərbi texnikanın yoxluğu fonunda düşmən texnikasının hücumu önləmək üçün hansı vasitələrdən istifadə edirdiniz?

    -Hərbi texnikamızın yoxluğu bizi ən fərqli üsullara əl atmağa, hər bir məsələyə yaradıcı yanaşmağa vadar edirdi. Bu vasitələrdən biri də sovetdən qalma buluddağıdan toplar idi. Sovet vaxtı kənd təsərrüfatı məqsədi ilə istifadə edilən bu toplardan biz hərbi məqsədlərlə istifadə edir, düşmən hücumunun qarşısını almağa çalışırdıq. Bu toplar bizə daha çox düşmənin hərbi texnikasının qarşısını almaq üçün lazım idi. Buluddağıdan toplarda hərbi toplarda olduğu kimi nişangah yox idi. Buna görə də həmin toplardan istifadə ikiqat səriştə tələb edirdi.

    Hərbi texniki təchizat baxımndan ermənilərdən çox geridə qalsaq da, ordumuzda vətənpərvərlik əhval-ruhiyyəsi çox yüksək idi. Heydər Əliyevin çıxışları, onun verdiyi göstərişlər, yürütdüyü siyasət Naxçıvanda vətənpərvərlik əhval-ruhiyyəsini yüksəldir, hər kəsi azərbaycançılıq ideologiyası ətrafında sxı birləşdirirdi. Başqa sözlə desək, hərbi texnika baxımından vəziyyətimiz nə qədər acınacaqlı idisə, vətənpərvərlik əhval-ruhiyyəsi baxımından o qədər yüksək idi. Təsəvvür edin ki, Naxçıvanda rus hərbi hissəsinə aid poliqondan gətirdiyimiz 10 ədəd xarab, istismara yararsız tankın arxasına buluddağıdan topları yerləşdirir və lazımi məqamda onlardan atəş açardıq. Ermənilər hesab edirdi ki, bizdə tanklar var və atəş də bu tanklardan açılır. Bu, düşmənə psixoloji baxımdan ağır təsir edir, ermənilər arasında qorxu hissini artırırdı. Bundan başqa, “BMP”, “BTR” kimi texnikaların maketlərini hazırlayıb bəzi mövqelərdə yerləşdirirdik. Mümkün qədər düşmənə hərbi texnikadan məhrum olduğumuzu hiss etdirməməyə çalışır və əksər hallarda buna nail olurduq.

    -Talıb müəllim, ötən əsrin 90-cı illərində Azərbaycan ordusunun adına yazıla biləcək uğurlu əməliyyatlardan biri də 1991-ci ilin Qarağac və Həsənqulu əməliyyatlarıdır. Mümkünsə bu əməliyyatlar haqqında məlumat almaq istərdik.

    -1991-ci ildən etibarən biz Ermənistanla sərhəddə zastavalar yaratmağa başladıq ki, bunlardan ən böyükləri Heydərabad və Qarağac zastavaları idi. Biz dağlarda 10-ə qədər post yaratmış, ziq-zaq formasında səngərlər qazmışdıq. Düşmən atəşindən yayınmaq, təhlükəsizliyimizi təmin etmək üçün səngərləri adətən axşam saatlarında qazırdıq. Mən o zaman Sədərək Regional Qərargahın rəisi vəzifəsini daşıyıdım. Bundan bir müddət öncə ermənlər Qarağac, Həsənqulu bağlarını zəbt etmiş, oradakı hər şeyi – hətta ağacları da kütləvi şəkildə məhv etmişdilər. Belə bir ağrılı dönəmdə Heydər Əliyev ermənilər tərəfindən işğal edilən bu torpaqların azad edilməsi ilə bağlı tapşırıq verdi. Tapşırığa əsasən biz əks-hücuma keçərək Qarağac və Həsənqulunu azad etməli, bu əraziləri düşməndən təmizləməli idik.

    Biz Heydər Əliyevin tapşırığı ilə, hərbi texniki dəstək olmadan hücuma keçdik. Cəmi 19 buluddağıdan topumuz var idi ki, bundan atəş açmaqla düşməni məhv etməyə çalışırdıq. Əsgərlərimiz bu döyüşlərdə çox böyük qəhrəmanlıqlar göstərdilər. Demək olar ki, yalnız yüngül atıcı silahlarla silahlanmalarına baxmayaraq, erməniləri və onlara dəstək verənləri məhv edərək Qarağac və Həsənqulunu azad etdilər. Azad edilən ərazilərdə, o cümlədən Cünnüt dağında postlar yaratdıq. Bu əməliyyat bütün Naxçıvanda böyük ruh yüksəkliyinə səbəb oldu. Ordumuzun gücünə olan inam daha da artdı. Ulu öndər Heydər Əliyev bizi qələbə münasibəti ilə təbrik etdi, məni Sədərək Regional Qərargahın rəisi kimi təşəkkürnamə ilə təltif etdi.

    Bu qələbə Naxçıvanda ordu qurucluğu istiqamətində atılan addımların nə qədər doğru və efektiv olduğunu aydın şəkildə təsdiqləmiş oldu.Hər zaman insanların əməyini və xidmətini yüksək qiymətləndirən Heydər Əliyev, ordu qurucluğu prosesindəki xidmətlərimi nəzərdə tutaraq mənə bildirdi ki, sən ki, bu ağır işin öhdəsindən gəldin, bundan sonra mənim oğlumsan. Ulu öndərdən bu sözləri eşitmək mənim üçün ən böyük mükafat idi və mən bu gün də bu sözlərlə fəxr edir. iftixar hissi duyuram.

    Ümumiyyətlə, Ümummilli lider bizimlə hər görüşündə bizi ruhlandırır, bizə azərbaycanlı olduğumuzu, igidlik, qəhrəmanlıq, vətənə məhəbbət, fədakarlıq kimi yüksək mənəvi dəyərlərə sahib olduğumuzu xatırladırdı. Heydər Əliyev bildirirdi ki, hər bir azərbaycanlı öz tarixi kökündən, mənəvi dəyərlər sistemindən güc almalı, öz əməlləri ilə milli kimliyini sübuta yetirməlidir.

    -O zaman söyləmək olarmı ki, azərbaycançılıq – öz kökündən, tarixi keçmişindən güc almaq, milli mənəvi dəyərlərindən bəhrələnmək, anadangəlmə vətən sevgisi, xalqı, bayrağı, dövləti canı bahasına qorumaq fədakarlığı 44 günlük Vətən müharibəsində olduğu kimi, Birinci Qarabağ müharibəsində də ordumuzun ən effektiv özünmüdafiə və qalibiyyət silahı olub?

    -Şübhəsiz. Azərbaycançılıq ideyası, bu ideyanın özündə ehtiva etdiyi dəyərlər bütün tarixi dövrlərdə xalqımızın ən təsirli müdafiə və yaşam vasitəsi olub, onun qalibiyyətini şərtləndirən əsas faktor kimi çıxış edib. Xalqımız məhz bu ideya ətrafında birləşərək düşmənə qarşı birgə mübarizə həyata keçirib. İnsanlarımız məhz bu dəyərlərə istinad edərək dar məqamda vətənin, torpağın elliklə müdafiəsinə qalxıblar. Xalqımızın igid övladlaırnı şəhidliyə aparan da, zirvələrə yüksəldən də məhz bu amil olub.

    Biz 44 günlük Vətən müharibəsində bir daha bu həqiqətin şahidi olduq. Biz şahid olduq ki, hərbçilərimiz Vətən müharibəsinin ən həlledici döyüşü olan Şuşa döyüşlərində düşməni yalın əllə məhv etdi. Əsgərlərimizə bu gücü verən, onların zəfərini təmin edən ən başlıca amil məhz azərbaycançılıq ideyası, vərənə olan əbədi və ölümsüz sevgi hiss olmuşdur. Bu, bizim bir xalq olaraq qürur duyduğumuz ən böyük həqiqətlərimizdən biridir.

    -1992-ci ildə Naxçıvanda düşmənlə müharibə ssenarisində hansı dəyişikliklər baş verdi?

    -Ermənilər 1992-ci ilin əvvəllərindən etibarən Naxçıvan istiqamətində çoxlu sayda canlı qüvvə və hərbi texnika cəmləməyə başladı. Bütün müşahidələr və kəşfiyyat məlumatları düşmənin irimiqyaslı hücuma hazırlaşdırığını göstərirdi. Bu məsələdə ruslar da ermənilərə açıq şəkildə dəstək verirdi. 1992-ci ilin mayın əvvəlində ermənilərin 30-40 hərbi texnikanın iştirakı ilə Sədərəyə hücumu başladı. Sədərək qəbiristanlğına doğru enən ermənilər Mil təpəsini və ətraf əraziləri ələ keçirdilər. Qüvvələrimizin azlığı, hərbi texnikanın yoxluğu səbəbi ilə əsgərlərimiz nə qədər cəsarətlə vuruşsa da, erməni hücumunun qarşısını ala bilmirdi. Amma buna baxmayaraq, əsgərlərimiz son damla qanına qədər döyüşür, onların hər biri əsl qəhrəmanlıq nümunəsi göstərirdi. Təkcə bir faktı qeyd edim ki, bu döyüşlərdə rota komandiri Cəfərov Şakir Səttar oğlunun rəhbərlik etdiyi 18 nəfərlik dəstə tam tərkibdə şəhid oldu. Həmin döyüşdə Şakir Cəfərov qrantamyotla düşmənin iki hərbi texnikasını sıradan çıxardı və şəhadətə yüksəldi. 1992-ci ilin may döyüşlərində ərazi baxımından bəzi mövqeləri itirsək də, ordumuzun düşmənə verdiyi böyük itki erməniləri yeni hücum əməluiyyatlarından çəkindirdi. Düşmənin özünəinam hissini məhv etdi.

    -Ermənilərlə ölüm-dirim mübarizəsinin aparıldığı bir zamanda qardaş Türkiyə Naxçıvana hansısa dəstək göstərirdimi?

    -Təbii ki, Türkiyə fakltoru bizim üçün hər şeydən öncə mənəvi-psixoloji baxımından böyük amil idi. Doğrudur, o dövrün siyasi reallıqları səbəbi ilə Türkiyə Naxçıvana açıq hərbi dəstək göstərə bilmirdi. Amma Türkiyə çətin vaxtlarda öz mövcudluğunu hiss etdirir, düşmənə ciddi mesajlar verirdi. Bununla bağlı bir faktı diqqətinizə çatdırmaq istəyirəm. 1992-ci ilin may döyüşləri zamanı düşmənə layiqli cavab versək də, bəzi mövqeləri itirməyimizi həzm edə bilmir, ciddi gərginlik keçirirdik. Belə bir zamanda mənim tapşırığımla Türkiyə sərhədinə yaxın ərazidə buluddağıdan topdan atəş açaraq qardaş dövlətin diqqətini buradakı əməliyyatlara cəlb etməyə çalışdım. Bundan cəmi bir neçə saat sonra Heydər Əliyev zəng edərək məni öz otağına çağırdı. Ulu öndərin otağına daxil olan zaman içəridə bir neçə türk generalının da olduğunu gördüm. Heydər Əliyev nəzərləri ilə generalları göstərək məndən soruşdu ki, bunların kim olduğunu bilirsən? Mən: “Bilirəm,onlar bizim qardaşlarımızdır” -dedim. Heydər Əliyev söylədi: “Bəs bilirsən nə üçün gəliblər?”. “Bəli” dedim. Heydər Əliyev dedi: İndi de görək Türkiyənin sərhəddi yaxınlığında buluddağıdan topdan atəş açmaqda məqsədin nə olub?”. Mən cavab verdim: “İstədim ki, sərhəddin o tayındakı qardaşlarımız sərhəddin bu tayındakı qardaşlarının necə cəsarətlə döyüşdüyünü və necə qəhrəmanlıqla şəhid olduğunu görsün”. Hiss etdim ki, son cümlən Heydər Əliyevin ürəyincə oldu. O, məmnun və qürurlu baxışlarla türk generallarına baxdı və mənə “gedə bilərsən” dedi.

    Səhərsi gün, əsgərlərdən biri həyəcanlı şəkildə məni yuxudan oyatdı. Ondan nə baş verdiyini soruşanda əsgər bildridi ki, bunu sözlə izah edə bilməyəcək. Mən kazarmadan bayıra çıxdım və gördüyüm mənzərədən mat qaldım. Baxdım ki, Ağrı dağı başdan-baş türk ordusu ilə örtülüb. Sanki qarşımda dağdan bir ordu dayanıb. Bu hissin verdiyi qürur və iftixar hissini sözlə təsvir etmək mümkün deyil.

    Türk ordusunun Ağrı dağındakı əzələ nümayişi erməniləri qorxuya saldı. Mən ilk dəfə o an Türkiyə faktorunun bizim üçün necə böyük önəm kəsb etdiyini əməli şəkildə gördüm. Və anladım ki, Türkiyə ilə Azərbaycanın qardaşlığı həqiqətən də əzəli və əbədidir və bu iki qardaş dövlət heç vaxt bir-birini darda qoymayacaq.


    Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq 6.3.9. istiqaməti üzrə (azərbaycançılıq ideyasının təbliği) hazırlanmışdır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR