AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Reza Deqatinin 70 illik yubileyi qeyd edilib - FOTO

  • + A
  • - A
  • 27-07-2022, 18:42

    Reza Deqatinin 70 illik yubileyi qeyd edilib - FOTO

    Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Heydər Əliyev Fondu və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə 26 iyul 2022-ci il tarixində Heydər Əliyev Mərkəzində Qarabağ müharibəsi zamanı həqiqətlərin dünyaya çatdırılmasında mühüm rol oynamış dünya şöhrətli fotoqraf Reza Deqatinin 70 illik yubileyinə həsr olunmuş “Keçmiş və gələcək bəşəriyyətin şahidi” adlı tədbir keçirilib.

    Tədbirin rəsmi hissəsində Reza Deqatinin həyat və yaradıcılığına həsr olunmuş videoçarx nümayiş olunub, xaricdə və Azərbaycanda təşkil edilən fotosərgilərindən söhbət açılıb.

    Tədbirdə çıxış edən mədəniyyət naziri Anar Kərimov qeyd edib ki, Reza Deqati 1990-cı ildə “20 Yanvar faciəsi” ərəfəsində çətinliklə Bakıya gəlmiş və burada baş vermiş böyük faciəni lentə almışdır. O, Azərbaycana “Xocalı soyqırımı” zamanı da səfər etmişdir. Reza Deqati 20 yanvar hadisələrini, Xocalı soyqırımının şahidlərini, eləcə də şəhidlərini çəkməyə müvəffəq olub. O, 1992-1993-cü illərdə Ağdamda və digər rayonlarda olaraq xalqımızın başına gətirilmiş müsibətləri lentə alıb. Reza Deqati çəkdiyi fotolarda xalqımızın başına gətirilmiş müsibətlərlə yanaşı, işğal dövründə ermənilər tərəfindən məhv edilmiş Qarabağdakı evləri, abidələri və tarixi binaları da göstərib. O, həmin dövrlərdə çəkdiyi fotoları dünya ictimaiyyətinə çatdırmaq üçün bir çox sərgilər təşkil etmişdir.

    44 günlük Vətən müharibəsi zamanı da Reza Deqati Azərbaycanın haqq səsini dünyaya çatdırmaq üçün şiddətli döyüşləri, igid əsgərlərimizin qəhrəmanlıqlarını və düşmənin vəhşiliklərini böyük məharətlə lentə almışdır.

    “Bildiyiniz kimi, Reza Deqati bir çox beynəlxalq mükafatlara layiq görülüb. Dünən də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq Sərəncamına əsasən “Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında çoxillik səmərəli fəaliyyətinə” görə Reza Deqati “Dostluq” ordeni ilə təltif edilib. Bu əlamətdar hadisə ilə bağlı mən Reza Deqatini təbrik edirəm”, - deyə nazir fikrini yekunlaşdırıb.

    Tədbirdə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilov, Azərbaycan Televiziya və Radio Verilişləri» Qapalı Səhmdar Cəmiyyətinin müxbiri Elnar Məmmədli, Alban-Udi xristian dini icmasının sədr müavini Rafik Danakari çıxış ediblər. Həmçinin Fransız Sənət kuratoru və yazıçısı Pierre BonGiovanninin video müraciəti təqdim edilib.

    Sonda çıxış edən Reza Deqati “Dostluq” ordeni ilə təltif olunmasına görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. O, yubiley tədbirini həyatının unudulmaz günü kimi dəyərləndirib və mərasimin təşkilində əməyi olan hər kəsə təşəkkürünü bildirib.

    Bədii hissədə isə tədbir konsert proqramı ilə davam etdirilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR