AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Mehman Soltanov: Bu gündən Qarabağ və Şərqi Zəngəzura böyük Zəfərdən sonra ilk qayıdış başlayır

  • + A
  • - A
  • 3-08-2022, 10:58

    Mehman Soltanov: Bu gündən Qarabağ və Şərqi Zəngəzura böyük Zəfərdən sonra ilk qayıdış başlayır

    Mehman Soltanov
    Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini

    Qarabağa, Zəngəzura qayıdırıq...

    Böyük sevinclə, xoş ovqatla, Ali Baş Komandan İlham Əliyevə, onun Müzəffər Ordusuna minnətdarlıq hissi ilə 29 illik həsrətdən sonra elimizə, obamıza dönürük.

    Qatar vaqonlarında, çadır şəhərciklərində min bir əzab-əziyyətə qatlanan məcburi köçkün vətəndaşlarımız illərin həsrət yükündən azad olur. Ötən zamanın ağır nisgilindən qurtuluşu sevincə bürünmüş göz yaşları əvəz edir. İçində ömür sürdüyümüz bu şərəfli günlər tariximizdə yeni səhifələr açır.
    Düşmənin 30 ildə xarabalığa çevirdiyi Qarabağ və Şərqi Zəngəzuru yenidən quran İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda həyata keçirdiyi misli görünməmiş quruculuq işləri Azərbaycanın qüdrətinin göstəricisidir. İyulun 15-də bu ilin altı ayının yekunlarına həsr olunan müşavirədə bu məsələyə xüsusi olaraq toxunan Prezident bir daha bəyan etdi ki, Azərbaycan dövləti Qarabağı, Zəngəzuru yenidən qurur. Özü də təkbaşına, heç bir beynəlxalq maliyyə qurumundan yardım almadan: "Hər şey göz qabağındadır. Bütün işlər plan üzrə gedir. İnfrastruktur işləri - artıq yaşayış binalarının inşasına başlanılıb, Ağalı kəndi istifadəyə verilib, beş şəhərin Baş planı təsdiqlənib, yeni yaradılacaq kəndlərin yerləri müəyyən edilib... Bu bölgə nəinki Azərbaycan üçün, dünya üçün nümunəvi bölgə olacaq. Biz hər şeyi planlı şəkildə edirik".

    Tarixinin ən qüdrətli dövrünü yaşayan Azərbaycan Böyük qayıdışa 2017-ci ildən başlayıb. 2016-cı ildə Azərbaycan Ordusunun Aprel Zəfərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin bərpası və kənd sakinlərinin geri dönüşü Böyük qayıdışın başlanğıcı oldu.
    Aprel Zəfərindən bir il sonra 2017-ci il iyulun 14-də Cocuq Mərcanlı kəndində tarixi hadisə yaşandı. Yenidən öz yurd-yuvalarına qayıdan soydaşlarımızın yanında olan Prezident İlham Əliyev bu tarixi hadisənin mənasını belə izah etdi: "Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq".
    Bu, təsadüfən deyilən fikir deyildi. Sözünə, vədinə sadiq olan lider kimi İlham Əliyevin bu bəyanatı Azərbaycan xalqının qələbəyə inamını daha da artırdı və Aprel döyüşlərində ağır zərbə alan düşmənin canına vəlvələ saldı.
    Cocuq Mərcanlı erməni əsarətində qalan Qarabağ torpaqlarına aparan yolun başlanğıcı, Şuşaya, Ağdama, Zəngilana, Füzuliyə, Qubadlıya, Laçına, Kəlbəcərə və digər əsir torpaqlarımıza açılan ümid qapısı oldu. Elə kəndin girişindəki lövhələrdə əksini tapan "Cocuq Mərcanlıdan Şuşaya" lövhəsi də hər kəsi duyğulandırmaqla yanaşı, içimizdəki inam hissini getdikcə artırdı.
    Müzəffər Ali Baş Komandan İlham Əliyevin Aprel döyüşlərindəki uğuru Vətən savaşında qələbəni təmin etdi, böyük Zəfərin təməl daşı oldu. 44 günlük Vətən müharibəsindəki qələbədən sonra Azərbaycan yalnız öz iqtisadi imkanları hesabına işğaldan azad edilən Qarabağ və Şərqi Zəngəzuru yenidən qurmağa başladı. Çünki düşmən 30 il ərzində bu torpaqlarda daşı-daş üstündə qoymamış, əsl barbarlıq xislətlərini ortaya qoymuşdu. Bunu təkcə biz deyil, bütün dünya gördü.
    İlham Əliyevin işğaldan azad edilən torpaqlarımızda reallaşdırdığı layihələr isə onu deməyə əsas yaratdı ki, tezliklə Qarabağ və Şərqi Zəngəzur dünyanın ecazkar məkanlarından birinə çevriləcək, oradan məcburi köçkün düşən soydaşlarımız da yurd-yuvalarına qayıdacaqlar. Böyükdən-kiçiyə hər kəs inanırdı ki, Qarabağı 44 günə düşməndən azad edən Ali Baş Komandan qısa zamanda bu torpaqlarda möcüzələr yaradacaq, Qarabağ, Şərqi Zəngəzur cənnətməkana çevriləcək və "Böyük qayıdış" konsepsiyasının icrasına başlanılacaq.

    Elə bu xoş müjdəni də xalqımıza Prezident İlham Əliyev verdi. Aprelin 12-də ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə Qarabağ və Şərqi Zəngəzurda görülən işləri dəyərləndirərkən Prezident bildirdi ki, Azərbaycanın heç kimdən maddi yardım almadan yalnız öz gücünə reallaşdırdığı möhtəşəm layihələr işğaldan azad edilən torpaqlarımızda tezliklə Böyük qayıdışı reallaşdıracaq. İlk olaraq isə Zəngilanın Ağalı kəndinin sakinləri bu sevinci yaşayacaqlar. Çünki ilk pilot layihə Ağalı kəndində həyata keçirilib. "Ağıllı kənd" layihəsinin ilk nümunəsi tezliklə yekunlaşacaq və bu il Ağalı kəndinin açılışı olacaq.
    Qarabağı 44 günə "dəmir yumruq" əməliyyatı ilə azad edən Müzəffər Komandan İlham Əliyev 45 gün sonra, mayın 27-də Zəngilan rayonunun Ağalı kəndində "ağıllı kənd" layihəsinin birinci mərhələsinin açılışını etdi və bir daha xalqa xoş xəbər çatdırdı: "Bu gün Böyük qayıdış dediyimiz prosesə start verildi. Böyük qayıdışın birinci kiçik addımı, bax, bu gün atılır".
    Bu, həqiqətən də, Azərbaycan xalqının şanlı Zəfərdən sonra gözlədiyi ən xoş xəbər idi. Çünki bu, soydaşlarımızın uzun illərdən bəri xəyal etdikləri günlərin reallığa çevrilməsidir. Bu gün hamıdan çox illərdən bəri əzablar içində köçkünlük həyatı yaşayanların üzü gülür, ürəyi açılır, sevincdən gözləri yaşarır. Artıq köçkünlər doğma ocaqlarına qayıdırlar. 29 ildən sonra ömürlərinin yeni mərhələsinə, ən gözəl çağlarına qədəm qoyacaqlar.
    Bu gündən Zəngilan rayonunun Ağalı kəndinə əhalinin köçürülməsinə başlanılır. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Beynəlxalq əməkdaşlıq, ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbrahim Mirzəyev bildirib ki, əhalinin ilk qrupunun Ağalıya köçürülməsi iyulun 19-u həyata keçiriləcək. Köçürmə prosesi 4 mərhələdə reallaşacaq. Birinci mərhələdə 40-dan çox ailənin Ağalıya köçürülməsi planlaşdırılıb. Onların yaş kateqoriyasına gəlincə, ortayaşlı sakinlər üstünlük təşkil edir. Sakinlərin məşğulluq, sosial, təhsil, tibbi məsələləri müvafiq qurumlar tərəfindən təmin ediləcək.
    Ağalı kəndində reallaşdırılan layihənin icrası - yaşayış, istehsal, sosial xidmətlər, "ağıllı kənd təsərrüfatı", alternativ enerji sahələri - yəni 5 komponent üzrə aparılıb. İnşa edilən 200 evdən ibarət kəndin enerjiyə olan tələbatı yalnız alternativ enerji mənbələrindən əldə olunacaq. Bu il kənddə DOST Agentliyinin "Şərqi Zəngəzur və Qarabağ" proqramı çərçivəsində "Smart DOST" xidmət məntəqəsi də fəaliyyətə başlayacaq. Kənddə "Dost Aqropark" fəaliyyət göstərəcək. Ötən il Prezident layihənin təməlini qoyarkən məlumat verilmişdir ki, türk və azərbaycanlı sərmayədarlar tərəfindən həyata keçiriləcək "Dost Aqropark" layihəsi üç mərhələdə icra olunur. Layihənin birinci mərhələsində inzibati binalar, qapalı və yarıaçıq heyvandarlıq kompleksləri, sosial obyektlər, kafe, kinoteatr, istirahət zonası, xidməti heyətin qalması üçün binalar tikiləcək. Kompleksdəki otlaq sahələrində 4 min baş cins qaramalın yetişdirilməsi, əkinçilik məhsulları istehsalı və digər fəaliyyətlər də həyata keçiriləcək. Bütün bunlar Azərbaycanın və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək, bölgənin əkinçilik və heyvandarlıq məhsullarının beynəlxalq bazarlara çıxarılmasına imkan yaradacaq.
    Göründüyü kimi, artıq intizarla gözlədiyimiz "Böyük qayıdış" konsepsiyası gerçəkləşir. Tezliklə Zəngilanda həyat yenidən bərpa olunacaq, infrastruktur qurulacaq, iş yerləri açılacaq.
    Müharibədən çıxmış ölkələrin təcrübəsinə nəzər saldıqda deyə bilərik ki, İlham Əliyevin Qarabağ və Şərqi Zəngəzurda reallaşdırdığı layihələr, doğrudan da, ən genişmiqyaslı layihələrdir. Bu proqramın özəlliyi ondadır ki, bütün layihələr dövlət büdcəsindən ayrılmış vəsait əsasında və heç kimdən yardım alınmadan reallaşır.

    Bu gün böyük quruculuq meydanına çevrilən Qarabağ və Şərqi Zəngəzurda yenidənqurma işləri sürətlə davam etdirilir. Yeni avtomobil və dəmir yolları, hava limanları, körpülər, tunellər, elektrik və su xətləri, müasir yaşayış kompleksləri, məktəblər, xəstəxanalar, su-elektrik stansiyaları tikilir.
    Artıq azad edilmiş elə bir ərazi yoxdur ki, orada bu və ya digər formada abadlıq-quruculuq işəri həyata keçirilməsin. İşğaldan azad edilmiş ərazilərdə 15 yol-nəqliyyat infrastrukturunun, digər kommunikasiya xətlərinin salınması, Füzuli Beynəlxalq aeroportunun qısa müddətdə tikilib istifadəyə verilməsi, digər iki - Zəngilan (bu il istifadəyə veriləcək) və Laçında (2024-cü ildə hazır olacaq) aeroportun tikintisinin davam etdirilməsi, elektrik yarımstansiyalarının istifadəyə verilməsi, su xətlərinin çəkilməsi, yaşayış məntəqələrinin yenidən qurulması və digər işlərin başlanılması, Zəngəzur dəhlizinin açılması istiqamətində reallaşan layihələr misli görünməmiş quruculuq işləridir desək, yanılmarıq.
    Onu da əlavə edək ki, işlərin həyata keçirilməsi üçün bu il dövlət büdcəsindən ayrılan vəsaitin həcmi də artırılıb. İşğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən layihələrin icrası üçün büdcədən 5 milyard manata yaxın vəsaitin ayrılması Azərbaycanın iqtisadi qüdrətinin göstəricisidir.
    İyulun 15-də keçirilən müşavirədə Prezident bildirdi ki, növbəti ildə də Qarabağ və Şərqi Zəngəzurda reallaşacaq layihələr büdcədə əksini tapacaq: "Qarabağ və Şərqi Zəngəzurun bərpası ilə bağlı gələn ilin təklifləri yəqin ki, yaxın aylarda mənə təqdim ediləcək. İnfrastruktur, yaşayış binaları, kəndlərin qurulması - bütün bu layihələr gələn ilin büdcəsində olmalıdır. Çünki biz bu il infrastruktur layihələri ilə daha çox məşğul idik. Buna baxmayaraq, biz Şuşa şəhərində dövlət vəsaiti xətti ilə yaşayış kompleksinin tikintisinə də artıq başlamışıq. Ağdam şəhərində isə özəl sektor xətti ilə yaşayış binalarının tikintisinə başlamışıq. Ona görə dövlət büdcəsində bu məsələlər nəzərə alınmalıdır".
    Göründüyü kimi, Qarabağ və Şərqi Zəngəzuru quruculuğun əsas meydanına çevirən İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə ən yüksək şəraitin yaradılması üçün bütün addımları atır. Tezliklə işlər sona çatacaq, soydaşlarımız doğma yurd-yuvalarına qayıdacaqlar, Azərbaycanın həyatında, sözün əsl mənasında, yeni mərhələ başlayacaq.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR