Xanlar Fətiyev,
Milli Məclisin deputatı
Müasir dünya nizamıında özünü qabarıq göstərən siyasi, iqtisadi və hərbi gərginliklər ortaq milli və mədəni dəyərləri bölüşən türk respublikaları qarşısında da yeni çağırışlar formalaşdırır, onlar arasındakı birliyin və əlaqələrin daha gücləndirilməsini ümumi vəzifəyə çevirir. Olduqca mühümdür ki, türk dövlətləri beynəlxalq münasibətlər sisteminin bu reallıqlarını vaxtında və düzgün dəyərləndirir, onlara adekvat yanaşmaqla, əlaqələrin və çoxtərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi üçün lazım olan bütün addımları atırlar.
Oktyabırn 7-də Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü müasir çağırışların dəyərləndirilməsi, regional və qlobal proseslərdə Türk dünyasının maraqlarının qorunması, TDT-nin fəaliyyəti ilə bağlı qarşıda dayanan vəzifələrin müzakirəsi baxımından mühüm siyasi hadisə oldu. Budəfəki Zirvə Görüşü “Regional sülh və təhlükəsizlik” mövzusuna həsr olundu, türk dövlətlərinin liderləri çıxışlarında TDT-nin fəaliyyət perspektivləri, türk dövlətlərinin münasibətləri ilə bağlı dəyərli fikirlər bildirdilər. Azərbaycan Prezidenti cənab İlham Əliyevin çıxışı isə həm də Türk dünyasının gələcək yüksəlişinin yol xəritəsi oldu. Dövlətimizin başçısının səsləndirdiyi fikirlər və toxunduğu məsələlər Türk dünyasının geopolitik baxımdan daha güclənməsi, TDT üzvləri arasında əlaqələrinin möhkəmləndirilməsi baxımından böyük əhəmiyyət kəsb edir.
TDT-nin əsası türk dövlət başçılarının 2009-cu il oktyabr ayının 3-də Naxçıvanda keçirilən Zirvə görüşündə imzaladıqları «Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılması» haqqında sazişlə qoyulub. Naxçıvan sazişində təşkilatın yaradılmasında əsas məqsədlər kimi türk dövlətləri arasında qarşılıqlı etimad, dostluğun möhkəmləndirilməsi, regionda və ümumilikdə dünyada sülhün qorunması, təhlükəsizlik və etimadın gücləndirilməsi nəzərdə tutulub. Həmçinin, sazişdə siyasi, ticari-iqtisadi, hüquq-mühafizə, təbiətin mühafizəsi, mədəni, elmi-texniki, hərbi-texniki, təhsil, enerji, nəqliyyat və ümumi maraq kəsb edən digər sahələrdə səmərəli regional və ikitərəfli əməkdaşlığın təşviqi, türk xalqlarının böyük mədəni-tarixi irsinin təbliği, tərəflər arasında təmasların təşviqi və sair yer alıb.
Ötən 16 ilin reallıqları göstərir ki, Azərabycan TDT-nin əsasının qoyulduğu ölkə olaraq həm təşkilatın fəaliyyətini uğurla həyata keçirməsinə, həm də türk respublikaları arasında əməkdaşlığın genişləndirilməsinə böyük töhfələr verir. Respublikamızın istər xarici siyasətində, istərsə də Cənubi Qafqaz regionunda həyata keçirdiyi enerji və nəqliyyat layihələrində türk dövlətlərinin də maraqlarının qorunması xüsusi yer tutur. Cənab Prezident İlham Əliyevin Zirvə Görüşündə çıxışı zamanı Azərbaycanın TDT-nin fəaliyyəti və türk dövlətlərinin əməkdaşlığının genişləndirilməsi istiqamətində həyata keçirdiyi tədbirlərlə bağlı diqqətə çatdırdığı məsələlər respublikamızın türk həmrəyliyinə verdiyi töhfələrin nümunələridir. Məsələn, Azərbaycan TDT-nin işinə dəstək məqsədilə təşkilatın Katibliyinin hesabına 2 milyon ABŞ dolları məbləğində ianə edib. İndiyə qədər Azərbaycan türk ölkələrinin iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox vəsait qoyub. Bunlarla yanaşı, Azərbaycan Özbəkistanla, Qazaxıstanla, Qırğızıstanla birgə sərmayə fondları yaradıb. Azərbaycanın təşəbbüsü ilə inşa edilən Bakı-Tbilisi-Qars dəmir yolu xətti Asiyanı Avropa ilə birləşdirən nəhəng infrastruktur olmaqla, türk dövlətlərinin iqtisadi əlaqələrinin genişlənməsinə xidmət edir. Bu gün respublikamız Xəzərdə ən böyük ticarət donanmasına malikdir. Yaxın illərdə Ələt Beynəlxalq Ticarət Limanının gücü ildə 25 milyon tona çatacaq. Bütün bunlar Azərbaycanı beynəlxalq nəqliyyat mərkəzlərindən birinə çevirməklə yanaşı, Türk dövlətləri arasında iqtisadi inteqrasiyanı dərinləşdirir.
Prezident İlham Əliyevin Zirvə Görüşündə bu barədə danışarkən qeyd etdi ki, atılan addımlar Türk dünyası daxilində iqtisadi inteqrasiyanın, enerji və nəqliyyat sahəsində dost və qardaş ölkələrimiz arasında əməkdaşlığın dərinləşməsinə və regionumuzun dayanıqlı inkişafına xidmət edir. Zəngəzur dəhlizinin açılması isə bu əməkdaşlığı daha da genişləndirəcək, Türk dünyasını geosiyasi səviyyədə gücləndirəcək, türk dövlətləri arasında yeni iqtisadi və tranzit imkanları yaradacaq.
Ümumiyyətlə, Azərbaycan TDT çərçivəsində həmişə siyasi-iqtisadi təkliflərlə çıxış edir, yeni əməkdaşlıq sahələri yaradır və ortaq layihələrin maliyyələşdirilməsində və idarə olunmasında fəal iştirak edir. TDT-nin elə bir proqram və layihəsi yoxdur ki, orda Azərbaycan olmasın. Həm də Azərbaycanın təşəbbüsləri və həyata keçirdiyi tədbirlər TDT-nin inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir. Bunun nəticəsidir ki, TDT real təsir gücünə malik beynəlxalq təşkilata çevrilib. Prezident İlham Əliyevin bildirdiyi kimi TDT ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır: «Bu gün Türk Dövlətləri Təşkilatı, sadəcə, əməkdaşlıq platforması deyil, ciddi geosiyasi mərkəzlərdən biri kimi formalaşır. Təşkilatımızın beynəlxalq səviyyədə nüfuzunun artması məmnunluq doğurur. Ortaq tarixi və etnik köklərimiz, müştərək milli-mənəvi dəyərlərimiz bizi bir ailə kimi birləşdirir».
Qəbələdə keçirilən Zirvə Görüşündə Prezident İlham Əliyevin irəli sürdüyüü təkliflər də xüsusilə təqdirəlayiqdir. Belə ki, dövlətimizin başçısının 2026-cı ildə Azərbaycanda TDT ölkələrinin birgə hərbi təlimlərinin keçirilməsi və gələn il birinci Türkoloji Qurultayın keçirilməsinin 100 illik yubileyinin TDT çərçivəsində təntənəli şəkildə təşkil olunması kimi təklifləri Türk dünyasının birliyinin daha möhkəmlənməsinə xidmət edən nəticəyönümlü çağırışlardır.
Zirvə Görüşünün əsas məqamlarından biri də çıxış edən bütün liderlərin Azərbaycanla Ermənistan arasında sülhün təmin olunması istiqamətində əldə olunan razılaşmaları, o cümlədən avqustun 8-də Vaşinqtonda Birgə Bəyannamənin imzalanmasını alqışlamaları oldu. Bu da onu göstərdi ki, qardaş türk dövlətləri Azərbaycanın bu tarixi siyasi uğuruna sevinir, regionda sülhün təmin olunması istiqamətində atılan addımları təqdir edirlər.
Zirvə Görüşü çərçivəsində Prezident İlham Əliyevin ikitərəfli görüşləri, həmçinin, TDT Xarici İşlər Nazirləri Şurasının toplantısı da keçirildi. Bütün bunlar yalnız protokol xarakterli görüşlər deyildi. Bu görüşlər həm də, yeni təşəbbüslərin irəli sürülməsi, ortaq qərarların qəbul edilməsi və Türk dünyasının gələcək inteqrasiyasına dair strateji müzakirələrin aparılması üçün mühüm imkanlardır.
Türk dövlətlərinin həmrəyliyi, təşkilatlanmaları, regional və qlobal proseslərdə ortaq mövqedən çıxış etmələri onların vahid siyasi və iqtisadi güc mərkəzi kimi çıxış etmələrini şərtləndirir. Azərbaycanın torpaqlarını işğaldan azad etməsi, Zəngəzur dəhlizinin reallaşması isə bütün türk coğrafiyasına güc mərkəzi kimi möhkəmlənmək yolunda yeni dividendlər qazandırır. TDT Dövlət Başçıları Şurasının 12-ci Zirvə Görüşü də bunu təsdiq etdi. Bu Zirvə Görüşü türk dövlətlərinin dostluğunu daha da möhkəmləndirəcək, onlar arasındakı əməkdaşlığı yeni mərhələyə yüksəldəcək. Azərbaycan isə TDT və Türk dünyasının güclənməsi, türk dövlətləri arasında münasibətlərin daha da genişlənməsi üçün səylərini bundan sonra davam etdirəcək.