Məşhur Məmmədov,
Millət vəkili
3 avqust 2022-ci il tarixində Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib. Nəticədə Azərbaycan əsgəri Kazımov Anar Rüstəm oğlu şəhid olub.
Təəssüf ki, Ermənistanın törətdiyi növbəti terror aktı ilə yenə şəhid verdik. Müdafiə Nazirliyinin məlumatından oxuduq ki, qeyri-qanuni erməni silahlı dəstələri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən yüksəklikləri ələ keçirməyə və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib. Zəfər Qələbəsindən bu yana, nə bu onların törətdiyi ilk təxribatdı, nə də itirdiyimiz ilk hərbçidir.
Üçtərəfli bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan davamlı olaraq terror təxribat əməlləri törədərək günahsız insanların həyatlarını itirməsinə, münaqişənin yenidən alovlanmasına səbəb olurlar.
Həmişə sülh tərəfdarı olan Azərbaycanın işğaldan azad olunmuş ərazilərində bərpa-quruculuq işlərinin davam etdirildiyi bir zamanda Ermənistan tərəfinin sülh yaratma prosesinə ciddi təhlükə yaradan bu kimi əməlləri ölkə vətəndaşlarının hər birini olduqca narahat edir.
Dünən törədilmiş növbəti terror aktı ilə Ermənistan üçtərəfli razılaşmanı kobud şəkildə pozduğunu, eyni zamanda regionda sülhə və sabitliyə xələl gətirdiyini, iki dövlət arasında münasibətlərin normallaşmasını istəmədiyini, beynəlxalq hüququn norma və prinsiplərinə hörmətsizliyini bir daha nümayiş etdirib.
Günahsız insanların həlak olması ilə nəticələnən və regionda sülhün təmininə ciddi təhdid olan Ermənistanın davamlı terror təxribat əməllərini pisləyir, bu kimi cinayətkar əməllərə son qoyulmasını tələb edirik.
Sevindirici haldır ki, Avropa İttifaqı (Aİ) Qarabağdakı gərginliyin aradan qaldırılmasına kömək etmək və Cənubi Qafqazda davamlı sülh və sabitlik üçün fəaliyyətini davam etdirmək öhdəliyinə sadiq qalır.
Dünən xalq olaraq gərgin gün yaşadıq. Azərbaycan Ordusu bölmələrinin keçirdiyi "Qisas" cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb.
Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.
Ermənistanın üzərinə götürdüyü öhdəliklərə zidd olaraq, hələ də silahlı hərbi birləşmələrini qonşu dövlətin ərazisində qeyri-qanuni saxladığını bariz şəkildə göstərir.
3 avqust tarixində Azərbaycan əsgərinin şəhid olması ilə nəticələnən qanlı insident də məhz Ermənistanın öhdəliklərinin yerinə yetirməməsinin nəticəsidir.
XİN-in bəyanatında deyildiyi kimi, bölgədə sülh və sabitliyin təmin olunması, habelə münaqişə sonrası normallaşma üçün üçtərəfli bəyanatların tam icrası vacibdir. Azərbaycan, öz tərəfindən üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirir və Ermənistan tərəfinin də bu öhdəliklərə əməl etməsini qətiyyətlə tələb edir.