Məşhur Məmmədov,
Millət vəkili
Avqustun 4-də Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Krallığındakı səfirliyinin inzibati binasına radikal dini qruplaşmanın hücum etməsini əks etdirən videogörüntülər hamımızı üzdü.
Səfirliyimizin binasının bir qrup radikal dini dəstənin hücumuna məruz qalması, barbar və vandal düşüncənin təsiri altında olan terrorçu dəstə üzvlərinin Səfirliyin yerləşdiyi binanın eyvanında üzərində şüarlar olan parçaların qaldırması və radikal dini şüarlarla çıxış etməsi nəinki bizim, bütün svil dövlətlərin etirazına səbəb oldu. Bunu sözügedən dövlətlərin XİN səviyyəsində açıqlamasından da aydın görmək olar.
Özlərini İslam dininə sadiq saysalar da İslamın ali dəyərlərinə zidd olaraq öz çirkin məqsədlərinə çatmaq üçün belə utanc gətirən əməllərə yol verənlər bununla İslam dininə zərbə vurmuş olurlar.
Dünən Hacı Şahinin təşəbbüsü ilə Məşədi Dadaş məscidində inanclı insanların əllərində Azərbaycan bayrağı ilə dini ayinləri yerinə yetirməsi bir daha bütün dünyaya göstərdi ki, Azərbaycanda hər bir vətəndaş dövlətini sevir. Görünən xoş mənzərə dini siyasətə qarışdırmağa çalışanların məkrli qarşıdurma niyyətlərini ürəklərində qoydu.
Azərbaycan Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı açıqlamasında da din pərdəsi altında törədilən, heç bir dini əqidəyə sığmayan, hüquqa zidd avantürist hadisəyə Azərbaycan hökumətinin münasibəti ifadə olundu. Bildirildi ki, belə təxribatçı cəhdlər möhkəm təməllər üzərində təşəkkül tapmış dövlətçiliyimizin əsaslarını heç bir vəchlə sarsıda bilməz və əminik ki, tez bir zamanda xalqımızın şərəf və qürur abidəsi sayılan bayrağımıza hörmətsizlik edənlər, Səfirliyin binasında vandal əməllərə yol verənlər öz layiqli cəzalarını alacaqlar.
Böyük Britaniyanın Azərbaycandakı səfirliyi Londandakı Azərbaycan səfirliyində baş verən insidentlə bağlı açıqlama yayaraq, xoşagəlməz hadisədə Azərbaycanın yanında olduğunu sübut etdi, hal-hazırda bu məsələ ilə bağlı hərtərəfli araşdırma aparıldığını bildirdi.
Baş Prokurorluğun reaksiyası da özünü çox gözlətmədi.
Faktla bağlı Baş Prokuror tərəfindən Cinayət Məcəlləsinin 12.3, 102 (beynəlxalq müdafiədən istifadə edən şəxslərə və ya təşkilatlara hücum etmə), 12.3, 186.1 (özgənin əmlakını qəsdən məhv etmə və ya zədələmə zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 12.3, 324-cü (Azərbaycan Respublikasının Dövlət bayrağı və ya Azərbaycan Respublikasının Dövlət gerbi barədə təhqiredici hərəkətlər) maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.
Baş Prokurorluq tərəfindən həmin cinayət işi üzrə istintaqın Böyük Britaniyanın aidiyyəti orqanları ilə birgə əməkdaşlıq çərçivəsində aparılması üçün hüquqi yardım haqqında vəsatətlə müraciət edilib.
Baş verənlərdən təəssüf hissi keçirir və inanıram ki, cinayət işi üzrə beynəlxalq norma və prinsiplərə uyğun olaraq hərtərəfli, tam və obyektiv istintaq aparılmaqla təqsirkar şəxslərin dairəsi müəyyən ediləcək və cinayət məsuliyyətinə cəlb ediləcəklər.
Din üzərindən məkrli siyasətlərini həyata keçirmək istəyənlər unutmasın ki, İslam dünyasının bir parçası olan Azərbaycan dünyəvi dövlətdir. Ölkəmizdə dinimizə, islami dəyərlərə hərtərəfli diqqət, qayğı göstərilir. Dini etiqad azadlığının, milli-mənəvi dəyərlərin hamisi olan Prezident İlham Əliyev vətəndaşların dini inanclarının qorunmasını daim prioritet vəzifə kimi qarşıya qoyur. İstər məzhəblər, istərsə də dinlərarası münasibətlərin səviyyəsinə görə Azərbaycan həm Şərq, həm də Qərb üçün uğurlu örnəkdir. Heç bir dini qrup və dini cərəyan Azərbaycanın beynəlxalq aləmdəki bu imicinə xələl gətirə bilməz.