AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Uğurla aparılan Gənclər və idman siyasəti hər sahədə bəhrəsini verir

  • + A
  • - A
  • 11-08-2022, 14:48

    Uğurla aparılan Gənclər və idman siyasəti hər sahədə bəhrəsini verir
    Məşhur Məmmədov,
    Millət vəkili


    Avqustun 9-dan diqqətlər Türkiyənin Konya şəhərinə yönəlib. Bütün müsəlman dövlətləri V İslam Həmrəyliyi Oyunlarına şahidlik edir. Maraqla izlənən V İslam Həmrəyliyi Oyunları təkcə idman deyil, həm də dostluq və həmrəylik yarışıdır. Əvvəlki yarışlarda layiqincə təmsil olunsaq da, budəfəki yarışın bizim üçün əhəmiyyəti və idmançılarımızın qələbə ilə yaşatdığı qürurlu anlar fərqli hisslər yaşadır.

    Çünki idmançılarımız bu yarışda ilk dəfə olaraq Azərbaycanı qalib ölkənin nümayəndəsi kimi qürurla təmsil edirlər.

    Açılış mərasiminin keçirildiyi Konya Böyükşəhər Bələdiyyəsi Stadionunda tədbirin tamaşaçılarının arenaya daxil olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı, Azərbaycan Prezidenti İlham Əliyevi, birinci xanım Mehriban Əliyevanı və digər dövlət və hökumət başçılarını hərarətlə alqışlaması hər birimizi qürurlandırdı.

    İslam Həmrəyliyi Oyunları İslam Həmrəyliyi İdman Federasiyası (İHİF) tərəfindən keçirilən tədbirdir. İlk Oyunlar 2005-ci ildə Səudiyyə Ərəbistanında keçirilib. Bakı IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib.

    IV İslam Həmrəyliyi Oyunlarında iştirak edən ölkələr arasında Azərbaycan idmançıları xalqımızı qələbələri ilə sevindirərək 75 qızıl, 50 gümüş və 37 bürünc medalla (cəmi 162 medal) birinci oldular. İdman arenalarında Azərbaycanın dövlət himni 75 dəfə səsləndi, dövlət bayrağı 162 dəfə qaldırıldı.
    Konya şəhərində V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi 281 idmançı təmsil edir.

    Artıq V İslam Həmrəyliyi Oyunlarında Azərbaycan komandasının aktivinə yazılmış ilk medallar idmançılarımızın yüksək fiziki hazırlığından və mənəvi əhval-ruhiyyəsindən xəbər verir. İnanırıq ki, qələbələr davamlı olacaq. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Türkiyəyə işgüzar səfəri çərçivəsində avqustun 9-da V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edən idmançılarla görüşləri idmançılarımıza stimul olmuşdur. Hər dəfə mötəbər beynəlxalq yarışlar ərəfəsində Azərbaycan Prezidentinin idmançılarla görüşüb onlarla söhbətləşməsi artıq ənənə halını alıb. Ölkəmizin başçısı Konyada idmançılarımızla görüşündə bildirib ki, 2017-ci ildə Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunları İslam həmrəyliyinin güclənməsinə təkan vermiş, müsəlman ölkələrinin idmançıları bir müddət bir-biri ilə sıx təmasda olmuşlar. Prezident əmin olduğunu bildirib ki, qardaş Türkiyədə də idmançılarımız yeni dostlar tapacaqlar. Çünki İslam Həmrəyliyi Oyunları həm idman yarışıdır, həm də ki, müsəlman ölkələri arasındakı birliyi, həmrəyliyi, dostluğu möhkəmləndirən güclü amildir.

    Yuxarıda qeyd etdiyim kimi, beynəlxalq yarışda idmançılarımızı yüksək nailiyyətlərə ruhlandıran mühüm vasitələrdən biri də onların qalib ölkənin təmsilçiləri olmalarıdır. 44 günlük tarixi Qələbəmizlə dünyaya səs salan hərbçilərimiz və gənclərimiz indi də idmandakı qələbələri ilə dünyanın diqqətini ölkəmizə yönəltməyə çalışırlar. İdmançılarımız bu gün artıq bütün beynəlxalq yarışlarda məhz qalib ölkənin təmsilçiləri, qalib xalqın nümayəndələri kimi çıxış edirlər. Prezident İlham Əliyev idmançılarla görüşündə bu barədə bildirib ki, ilk dəfə olaraq Azərbaycan idmançıları İslam Həmrəyliyi Oyunlarında qalib ölkəni təmsil edəcəklər: "Bu, hamımız üçün böyük qürurverici hadisədir. Əlbəttə ki, döyüş meydanlarında əldə olunmuş tarixi Qələbə idman yarışlarında da yüksək nəticələr əldə etmək üçün ən güclü stimuldur. Heç bir şübhə yoxdur ki, Azərbaycan idmançıları V İslam Həmrəyliyi Oyunlarında əldə edəcəkləri nailiyyətlərlə bunu bir daha təsdiq edəcəklər.
    Danılmaz faktdır ki, bu gün Azərbaycan dünyanın aparıcı idman ölkələrindən biridir və bu reallığı beynəlxalq idman ictimaiyyəti birmənalı olaraq müsbət qiymətləndirir. Çünki bir tərəfdən idmançılarımızın ən mötəbər beynəlxalq yarış və turnirlərdə əldə etdikləri yüksək nəticələr, digər tərəfdən də Azərbaycanın davamlı olaraq yüksək səviyyədə ev sahibliyi etdiyi nüfuzlu idman tədbirləri ölkəmizə bu statusu qazandırıb". Sözsüz ki, bütün nailiyyətlərin əldə olunması birmənalı olaraq Azərbaycanda idmanın inkişafına göstərilən dövlət qayğısının və şəxsən Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi gənclər və idman siyasətinin məntiqi nəticəsidir.

    Prezident İlham Əliyevin gənclər və idman siyasəti gələcəyə hesablanmış uğurlu siyasətin təcəssümüdür.

    Fikirlərimi Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev gənclərlə bağlı fikirləri ilə tamamlayıram:

    “Bu gün Azərbaycan gəncləri cəmiyyətimizin fəal hissəsidir. Biz haqlı olaraq gənclərimizlə fəxr edə bilərik".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR