AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycanla Qazaxıstan həm strateji tərəfdaş, həm də müttəfiqdir

  • + A
  • - A
  • 26-08-2022, 17:11

    Azərbaycanla Qazaxıstan həm strateji tərəfdaş, həm də müttəfiqdir
    Məşhur Məmmədov
    Milli Məclisin deputatı


    Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevlə 2022-ci il 24 avqust tarixində görüşü bir daha göstərdi ki, beynəlxalq səviyyədə əməkdaşlığımız yüksələn xətt üzrə inkişaf edir. Azərbaycan və Qazaxıstan bütün məsələlər üzrə eyni mövqeyi nümayiş etdirir. İkitərəfli münasibətlərdə və beynəlxalq problemlərə dair bütün məsələlərdə ölkələrimizin mövqeləri üst-üstə düşür. Qazaxıstan və Azərbaycan bir-birinə yaxın dövlətlərdir, biz strateji tərəfdaşlarıq, müttəfiqlərik. Xarici siyasətdə fəal əməkdaşlıq edirik, daim bir-birimizi dəstəkləyirik və bu, gələcəkdə də davam edəcək. Çünki əməkdaşlıq etdiyimiz beynəlxalq təşkilatların sayı kifayət qədər çoxdur və hər yerdə Qazaxıstan və Azərbaycan nümayəndələri sıx, qarşılıqlı fəaliyyətdədirlər.

    “Azərbaycan Respublikası ilə Qazaxıstan Respublikası arasında strateji münasibətlərin möhkəmləndirilməsi və müttəfiqlik qarşılıqlı fəaliyyətinin dərinləşdirilməsi haqqında Bəyannamə” imzalandı. Bəyannamə ilə tanış olduqda görmək olur ki, bu Bəyannamənin adı sənədin əhəmiyyətinə dəlalət edir. Dövlət başçısı söyləyib: “Biz təkcə strateji tərəfdaşlar deyil, həm də müttəfiqlərik. Əlbəttə, bu, bizim üzərimizə xüsusi məsuliyyət qoyur və biz bu məsuliyyətə hazırıq. Bəyannamə bizim əməkdaşlığımızın çox istiqamətlərini ehtiva edir və gələcək fəaliyyətimiz üçün çox ciddi baza kimi xidmət edəcək”.

    Birgə Bəyannamədə həm də Azərbaycanın Mərkəzi Asiyanın beş ölkəsi ilə çoxtərəfli əməkdaşlığının gələcəkdə mümkün inkişafı da əksini tapıb. Həmçinin Birgə Bəyannamədə Azərbaycanın Şərqi Zəngəzur rayonunun Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə birləşdirilməsinin vacibliyi də qeyd edilib. Bu da Orta Dəhlizin tərkib hissəsi olacaq.

    Prezident İlham Əliyevin Qazaxıstan Respublikasının “Altın kıran” - “Qızıl qartal” ali ordeni ilə təltif edilməsi xalqlarımızın dostluğunun və qardaşlığının təsdiqi, Prezident İlham Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin möhkəmlənməsi üçün gördüyü işlərə verilən yüksək qiymətdir.

    Dostluğumuzun daha bir bariz təzahürü Qazaxıstanın Qarabağın yenidən qurulmasında iştirakıdır. Qazaxıstanın Azərbaycana hədiyyəsinin - işğaldan azad edilmiş ərazilərdə tikiləcək Uşaqların Yaradıcılığının İnkişafı Mərkəzinin təqdimatının keçirilməsi xalqımıza qardaşcasına münasibətin daha bir təzahürü, humanitar əməkdaşlığın daha bir elementidir. Qeyd edim ki, Mərkəz Füzuli şəhərində tikiləcək. Füzuli şəhərinin tikintisinin Baş planı təsdiqlənib, artıq yaşayış fondunun ilk tikililəri başlayır. Məhz, həmin vaxtadək, bu mərkəz hazır olanda Füzulinin ilk sakinlərinin oraya köçürülməsi planlaşdırılır.

    Həm Qazaxıstanda, həm də Azərbaycanda çox müsbət investisiya mühiti, xarici investisiyaların böyük həcmi var. Bu istiqamətdə də səyləri birləşdirməyin, birgə investisiya layihələrində iştirak etməyin vaxtı yetişib. İnanıram ki, iki ölkə arasında səmərəli əməkdaşlıq tezliklə iqtisadi göstəricilərdə öz sözünü deyəcək.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR