AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yeni qanun siyasi münasibətləri inkişaf etdirəcək - Komitə sədri yazır

  • + A
  • - A
  • 8-09-2022, 14:05

    Yeni qanun siyasi münasibətləri inkişaf etdirəcək - Komitə sədri yazır


    Siyasi partiyaların ölkəmizin inkişafının qarşısında duran çağırışların dəf edilməsində rolunun daha artırılması, milli məsələlərdə həmrəyliyə nail olunması, siyasi mədəniyyətin inkişaf etdirilməsi, konstruktiv və ədalətli siyasi dialoqun gücləndirilməsi Azərbaycan Prezidenti cənab İlham Əliyevin 2018-ci ildən başlayaraq daha da sürətlənən siyasi islahatlarının başlıca hədəfləridir.

    Keçən qısa müddət ərzində bu istiqamətdə xeyli müsbət nəticələr əldə olunmuş, 2020-ci ildəki Vətən Müharibəsi ərəfəsində ölkədə tarixdə görünməmiş milli-siyasi birlik əldə edilmişdir. Bu dövrdə vətənini və dövlətini sevən bütün siyasi partiyalar bir yumruq kimi birləşdi və Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz tarixi qələbə əldə etdi.

    2020-ci il parlament seçkilərindən sonra cənab İlham Əliyev parlamentdə çıxışı zamanı demişdi: "Mənim tövsiyəm o olmuşdur ki, müxtəlif partiyaların nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunsunlar. Bu günə qədər belə bir hal olmamışdır. Keçən çağırış Milli Məclisin komitələrinin rəhbərliyində, parlamentin rəhbərliyində müxalifət nümayəndələri təmsil olunmurdu. Ancaq mən hesab edirəm ki, Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün buna ehtiyac var". Beləliklə keçən 2 il müddətində Milli Məclisdə təmsil olunan bütün siyasi partiyalar arasında əməkdaşlıq və dialoq mühiti xeyli inkişaf etdi, qəbul edilən qanun layihələrinin keyfiyyəti xeyli artdı. Qeyd edim ki, hazırda Milli Məclisdə 10 siyasi partiya təmsil olunur. Müqayisə üçün Rusiyada 6, Türkiyə 12, Gürcustanda 4 (2016), Ermənistanda 4, Qazaxstanda 4, Ukraynada isə 7 siyası partiya parlamentdə təmsil olunur.

    Hazırda ölkəmiz yeni bir dövrə qədəm qoymuşdur. Torpaqlarımız işğaldan azad olmuş, 30illik konflikt başa çatmış, ordumuz bütün strateji mövqelərə sahib olmuş, iqtisadiyyatımız daha da güclənmişdir. Yeni mərhələdə cənab İlham Əliyevin siyasi-iqtisadi islahatları daha da genişlənməkdə və strateji xarakter almaqdadır.

    Cəmiyyətdə siyasi qüvvələrin konstruktiv, yaradıcı olmaları, milli maraqlara xidmət edərək cəmiyyətin və dövlətin inkişafına dəstək vermələri hesab edirəm ki, hər bir vətəndaşın istəyidir. Bunun üçün isə ilk növbədə hesab edirəm ki, qanunvericilik bazası təkmilləşməli, milli maraqlara xidmət edən partiyaların inkişafı üçün daha çox insitutsional imkanlar yaradılmalıdır. Məhz bu məqsədlə Milli Məclis tərəfindən yeni "Siyasi partiyalar haqqında" qanun layihəsinin hazırlanmasına başlanması və layihənin ictimai müzakirə üçün açıq olması elan edilmiş, bu prossesin açıq və demokratik olması təmin edilmişdir. Keçən 2 aydan çox müddət ərzində 39 siyasi partiyanın qanun layihəsi barəsində öz təkliflərini Milli Məclisə təqdim etməsi müzakirələrin inkluzivliyinə nail olunduğuna dəlalət edir. Dünəndən etibarən qanun layihəsinin ilkin versiyası Milli Məclisin saytında dərc edilmişdir. Sentyabrın 28-dən başlayaraq qanun layihəsi barəsində Milli Məclisdə müzakirələrin başlanması qəbul ediləcək sənədin bütün konstruktiv siyasi qüvvələrin inkişafla bağlı maraqlarına xidmət edəcəyinə inanırıq.

    Qeyd etmək istərdim ki, hazırda qüvvədə olan "Siyasi partiyalar haqqında" qanun 03 iyun 1992-ci ildə qəbul edilib. Qanun 22 maddədən ibarətdir. Yeni təklif edilın qanun layihəsi isə 30 maddədən ibarət olmaqla daha əhatəlidir. Hesab edirəm ki, geniş müzakirələr nəticəsində qəbul ediləcək yeni qanun ölkəmizdə siyasi partiyaların daha da inkişafı, siyasi konstruktiv dialoqun, əməkdaşlığın daha da güclənməsi və siyasi rəqabət mədəniyyətinin daha da inkişafı üçün yeni səhifə açacaqdır.

    Tahir Mirkişili, Milli Məclisin komitə sədri, YAP İdarə Heyəti üzvü


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR