Məşhur Məmmədov
Milli Məclisin deputatıPrezident İlham Əliyevin Özbəkistanın Səmərqənd şəhərində sentyabrın 15-16-da keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Zirvə görüşünə dəvət edilməsi dövlətimizin başçısının dünya miqyasında nüfuzunun və ölkə rəhbərinə göstərilən yüksək ehtiramın təzahürüdür.
Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyev Çin Xalq Respublikasının Sədri Si Cinpin, Pakistanın Baş naziri Şahbaz Şərif və Rusiya Prezidenti Vladimir Putinlə görüşlərində bu ölkələrlə müxtəlif istiqamətlərdə əlaqələrin dərinləşdirilməsinə və daha da inkişafı üçün birgə səylərin bundan sonra da davam etdirilməsinə maraqlı olduğunu bildirib, həmçinin sentyabrın 12-13-də Ermənistan–Azərbaycan sərhədi zonasında təxribatla bağlı ölkəmizin qəti mövqeyini, sülh siyasətinə sadiqliyini diqqətə çatdırıb.
Səmərqənddə Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin sentyabrın 16-da keçirilən sammitinin geniş tərkibdə iclasında çıxış edən Prezident İlham Əliyev həmkarlarına Azərbaycanın tranzit və nəqliyyat-logistika imkanları barədə ətraflı məlumat verib. Dövlətimizin başçısı respublikamızın Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri kimi regional kommunikasiya layihələrinin işə düşməsində fəal iştirakından danışaraq, Azərbaycanın öz fəaliyyətini beynəlxalq hüquqa, ədalətə və qlobal təhlükəsizliyə əsaslanaraq həyata keçirməkdə davam edəcəyini qeyd edib.
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, 2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra əməkdaşlıq edən ölkələrin nəqliyyat imkanları artacaq və marşrut boyu yerləşən bütün dövlətlər üçün faydalı olacaqdır.
Son 20 ildə Azərbaycanda 19 min kilometr avtomobil yolunun, 1400 kilometr dəmir yolunun tikildiyini və ya əsaslı təmir edildiyini bildirən dövlətimizin başçısı qeyd edib ki, tarixi qələbədən sonra işğaldan azad edilən ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkilib.
2020-ci ilin sonunda Qarabağ münaqişəsinin həlli regionumuzda nəqliyyat-kommunikasiya layihələrinin inkişafı üçün yeni imkanlar yaradıb. Zəngəzur dəhlizi açıldıqdan sonra bu, region ölkələrinin nəqliyyat imkanlarını daha da artıracaq və marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır.
Azərbaycanın Vətən müharibəsindəki qələbəsi, nəqliyyat-logistika sahəsində də yeni reallıqlar yaratdı. Bu dəhliz vasitəsilə Azərbaycandan Türkiyəyə daşınan yükləri qısa müddətdə Avropa və Yaxın Şərq ölkələrinə çatdırmaq imkanı yaranacaq. Zəngəzur dəhlizi Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək.
Zəngəzur dəhlizinin açılmasına Ermənistan mane olmaq istəsə də, dünyada söz sahibi olan ölkələr buna böyük maraq göstərir. Çin, Rusiya və Türkiyə bu dəhlizin açılmasında israrlıdır. Üstəlik, Avropa ölkələri də bu dəhlizin açılmasını dəstəkləyir.