Azadmedia.az - Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi sistemində fəaliyyətin və idarəçiliyin təkmilləşdirilməsi, regionlardakı mədəniyyət müəssisələrində işin effektivliyinin artırılması məqsədilə hazırlanmış bölgələrə səfər planına uyğun olaraq, mədəniyyət naziri Anar Kərimov sentyabrın 22-də Göyçay rayonuna səfər edib.
Anar Kərimov Göyçay şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə gül dəstəsi qoyub.
Səfər çərçivəsində mədəniyyət naziri bir sıra tarixi abidələrə və mədəniyyət ocaqlarına baxış keçirib, müəssisələrin maddi-texniki imkanları, cari vəziyyəti və fəaliyyət istiqamətləri haqqında məlumat alıb.
Anar Kərimov Göyçayın Bığır kəndi ərazisində olan 1918-ci ildə Azərbaycanda qanlı qırğınlar törədən bolşevik-erməni daşnak qüvvələrinə qarşı mübarizədə şəhid olmuş Qafqaz İslam Ordusu əsgərlərinin xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Burada Göyçay-Qaraməryəm döyüşlərində şəhadətə qovuşan türk qardaşlarımızın – 13 zabit, 235 əsgər və çavuşun xatirəsi əbədiləşdirilib.
Sonra nazir 1990-cı ildən fəaliyyət göstərən Göyçay rayon Bığır kənd Folklor evinə və rayon MKS-nin kənd kitabxana filialına baxış keçirib.
Göyçay Tarix-Diyarşünaslıq Muzeyinin fəaliyyəti ilə tanışlıq zamanı bildirilib ki, 1984-cü ildə yaradılan muzeyin 2012-ci ildə yeni binası istifadəyə verilib, muzeyin ekspozisiyası iki mərtəbədə yerləşdirilib. Hazırda muzeydə 6758 eksponat qorunub saxlanılır, onlardan 1100-ü daimi sərgilənir.
Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi Məktəbinə gələn nazirə məlumat verilib ki, məktəb 1957-ci ildə fəaliyyətə başlayıb. 2016-cı ildə yeni bina ilə təchiz olunan məktəbdə hazırda fortepiano, skripka, tar, kamança, qarmon, xanəndə və nağara sinifləri fəaliyyət göstərir. Burada 377 şagirdin təlim-tərbiyəsi ilə 94 müəllim məşğul olur.
Qeyd edək ki, 2017-ci ildən Arif Məmmədov adına Göyçay şəhər Uşaq Musiqi Məktəbində qarmon ixtisası üzrə müəllim işləyən Alim İbrahimov 44 günlük Vətən müharibəsində Tərtərin Suqovuşan qəsəbəsi istiqamətində ağır döyüşlərin birində şəhidlik zirvəsinə ucalıb.
Səfər çərçivəsində 1982-ci ildən Xalq şairi Rəsul Rzanın adını daşıyan Göyçay rayon Mədəniyyət Mərkəzinə də baxış keçirilib. Bildirilib ki, Mədəniyyət Mərkəzinin yerləşdiyi 1200 kvadratmetr sahəsi olan ikimərtəbəli bina 1962-ci ildə tikilərək istifadəyə verilib. 2019-2021-ci illərdə Mədəniyyət Nazirliyi tərəfindən mərkəzdə əsaslı təmir işləri aparılıb. Mərkəzin tabeliyində 9 kənd mədəniyyət evi və 17 kənd klubu fəaliyyət göstərir.
Göyçay rayon MKS-nin Mərkəzi Kitabxanasına baxış keçirən nazir kitabxananın ümumi fəaliyyəti, kitab fondu, oxucu sayı barədə məlumat alıb.
Nazir yerli əhəmiyyətli memarlıq abidəsi Yeraltı hamama (inv. № 4269) da baxış keçirib. Məlumat verilib ki, Göyçayın imkanlı şəxslərindən olan Həzrət bəy Ağazadə bu hamamı qızına cehiz olaraq tikdirib. Yeraltı hamam adı ona əsas hissəsi torpağın səthindən 2 metr dərinlikdə yerləşdiyi üçün verilib.
Qeyd edək ki, sözügedən müəssisələrin yerləşdiyi binaların qarşısında tikilinin təyinatı, maddi-texniki vəziyyəti və fəaliyyətinin əsas istiqamətlərinin əks olunduğu lövhələr də quraşdırılıb.