Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın azad edilməsi xüsusi əhəmiyyət daşıyır.
Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndləri, 3 oktyabr tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etdi. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununla da Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqmətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.
Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. 2016-cı il Aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi, Azərbaycan Ordusu yarımçıq qalan işi 2020-ci ildə uğurla reallaşdırdı-Cəbrayıl bütövlükdə azad edildi.
Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan bizim digər rayonlara uğurlu əks hücumunuz mümkün olmuşdur. Düşmən Cəbrayıl ərazisində bir neçə xətdən ibarət istehkamlar qurmuşdu və bu istehkamları yarmaq çox böyük qəhrəmanlıq və fədakarlıq tələb edirdi. Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.
2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva işğaldan azad olunan Cəbrayıl rayonuna gəldi. İlham Əliyev Cəbrayıl şəhərində və Xudafərin körpüsündə Azərbaycan bayrağını qaldırdı. Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti var. Xalqımızın mənəviyyatında, tarixində dərin iz buraxan Xudafərin həm də milli qürur simvoludur.
Cəbrayıl rayonunun azad edilməsi uğrunda döyüşən, canından keçən qəhrəman oğullarımızı xalqımız və dövlətimiz unutmur, onların sücaəti yüksək qiymətləndirilir. 2020-ci il noyabrın 26-da “Cəbrayılın azad olunmasına görə” medalı təsis edilib. Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirmiş Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 22744 hərbi qulluqçusu “Cəbrayılın azad olunmasına görə” medalı ilə təltif edilib.
Tarixə nəzər salsaq, Cəbrayıl rayonu 8 avqust 1930-cu ildə təşkil edilib. 4 yanvar 1963-cü ildə ləğv edilərək Füzuli rayonuna birləşdirilib, 17 iyun 1964-cü ildə yenidən yaradılıb.
Cəbrayıl Kiçik Qafqaz dağlarının cənub-şərqində, Gəyən düzü və Qarabağ silsiləsində yerləşir. Rayon cənubdan Araz çayı boyu İran İslam Respublikası ilə həmsərhəddir. Sahəsi 1049 kvadrat kilometrdir, ərazisi əsasən dağlıqdır. Araz çayının qırağı vaxtilə Tuqay meşələri ilə sıx olub. Arazboyu düzənliklərin torpaqları yüksək məhsuldarlığa malik tünd şabalıdı torpaqlardır.
Qeyd edək ki, Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi.
İşğal nəticəsində rayona 13,928 milyard ABŞ dolları məbləğində ziyan dəyib. Cəbrayıllı məcburi köçkünlər respublikanın 58 rayonunun 2000-dək yaşayış məntəqəsində, o cümlədən qaçqın düşərgələrində, yük vaqonlarında və yataqxanalarda məskunlaşmışlar. 52000 nəfər əhalisi olan,1050 km2-i əhatə edən rayon ərazisi və bu ərazilərdəki 72 ümumtəhsil məktəbi, 8 xəstəxana, 132 tarixi abidə, 150 mədəniyyət ocağı, 100-ə yaxın kənd işğal zamanı vəhşicəsinə dağıdılıb.
Cəbrayıl rayonundan Qarabağ müharibəsində 362 nəfər şəhid, 191 nəfər əlil olub. 6 nəfər rayon sakini Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.
Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur.
İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı.
Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi.
Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri erməni işğal zamanı məhv edilib və ya dağıntıya məruz qalıb.
Hazırda Cəbrayıl rayonunda bərpa və quruculuq işləri gedir. “Araz Vadisi İqtisadi Zonası”nın yaradılması bütün regionun, o cümlədən Cəbrayıl rayonunun inkişafı üçün önəmli hadisədir. 200 hektarı əhatə edən böyük bir layihə artıq icra olunmaqdadır və ilkin maliyyə vəsaiti də ayrılıb;
Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edildi.
SOCAR və BP azad olunmuş Cəbrayıl rayonunda 200 meqavatdan artıq gücə malik elektrik enerjisi stansiyasının inşasını müzakirə edir. BP şirkəti ilə Cəbrayıl rayonunda 240MVt-lıq günəş elektrik stansiyanın və digər beynəlxalq şirkətlərin dəstəyi ilə Kəlbəcərdə külək elektrik stansiyasının tikintisi üzrə danışıqlar yekunlaşmaq üzrədir.
Prezident İlham Əliyev 2021-ci ildə üç dəfə Cəbrayıl rayonuna səfər etmişdir. Dövlətimizin başçısı 14.02.2021-ci il tarixdə Soltanlı kəndində işğaldan azad olunmuş torpaqlarda əkinlərlə bağlı görülən işlər ilə tanış olmuş, 26.04.2021-ci il tarixdə Cəbrayıl rayonunun girişində “Cəbrayıla xoş gəlmişsiniz!” sözləri yazılmış lövhəyə bərpadan sonra baxış keçirmiş, Dövlət Sərhəd Xidmətinin hərbi hissəsinin açılışında iştirak edərək, hərbi qulluqçular ilə görüş keçirmiş, 04.10.2021-ci il tarixdə KamAZ” ASC ilə “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin birgə servis mərkəzinin, Şərqi Zəngəzur iqtisadi rayonunda “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Cəbrayılda akademik Mehdi Mehdizadə adına tam orta məktəbin, Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin, Memorial Kompleksin və şəhərin bərpasının təməlqoyma mərasimlərində, “Cəbrayıl” yarımstansiyanın, Cəbrayılda Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılışlarında iştirak etmiş, Cəbrayıl ictimaiyyətinin nümayəndələri ilə görüşmüşdür
Rusif Kərimov ,
Viləşçay Su Anbarı İstismarı İdarəsinin rəisi
Ülkər Piriyeva