Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 18 oktyabr 2022-ci il tarixli iclasında çıxış edib.
Azadmedia.az sözügedən çıxışı təqdim edir
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, həm birinci, həm də ikinci Qarabağ müharibələri dövründə Ermənistan silahlı qüvvələri dinc əhaliyə qarşı çoxsaylı müharibə cinayətləri törətmişlər. 2020-ci il oktyabrın 17-də münaqişə zonasından kənarda yerləşən Gəncə şəhərinin mərkəzi qadağan olunmuş silahlardan, o cümlədən ballistik raketlərdən və kasetli bombalardan istifadə edilməklə növbəti dəfə atəşə tutulmuşdur. Bu dövlət terrorizmi aktı nəticəsində 15 nəfər dinc sakin həyatını itirmiş, 79 mülki şəxs yaralanmışdır.
Ümumiyyətlə, 44 günlük Vətən müharibəsi dövründə Gəncəyə 5 raket hücumu nəticəsində 26 dinc sakin həlak olmuş, 175 adam yaralanmışdır.
Onu da deyim ki, Gəncəyə qarşı terror aktlarının ildönümü ilə əlaqədar dünən Gəncədə anım mərasimləri, beynəlxalq konfrans və digər tədbirlər keçirilmişdir. Milli Məclisin deputatları həmin tədbirlərdə iştirak etmişlər.
Biz erməni terroru nəticəsində şəhid olmuş insanlarımıza Allahdan rəhmət, onların yaxınlarına səbir diləyirik.
Hörmətli həmkarlar!
Bildiyiniz kimi, bu gün Azərbaycan tarixinin yeni bir dövrünün başlanğıcını qoymuş Müstəqilliyin bərpası günüdür. Ötən əsrin əvvəllərində Azərbaycan Xalq Cümhuriyyətinin elan olunması, təqribən 70 il sonra, 1991-ci il oktyabrın 18-də isə dövlət müstəqilliyinin bərpa edilməsi Azərbaycan xalqının dövlətçilik potensialının yeni şəraitdə real şəkil alması və qəlbində yaşatdığı müstəqillik arzusunun gerçəkləşməsi idi.
Lakin xalqımız əsrin əvvəllərində qurduğu dövlətini cəmi 23 ay yaşada bilmişdisə, əsrin sonlarına yaxın müstəqil dövlətini Ulu Öndər, dünya miqyaslı siyasi və dövlət xadimi Heydər Əliyevin qüdrətli zəkası və müdrikliyi, yenilməz iradəsi və qətiyyəti sayəsində qoruyub saxlaya bilmişdir.
90-cı illərin əvvəllərini hamımız yaxşı xatırlayırıq. İqtidara gəlmiş bir illik hakimiyyət ölkəni vətəndaş müharibəsi və dağılmaq həddinə gətirib çıxarmışdı. Dövlətin idarə edilməsində, daxili və xarici siyasətin həyata keçirilməsində kobud səhvlərə yol verilmişdi.
Ordu adı ilə yaradılan silahlı dəstələrin özbaşınalığı siyasi, iqtisadi, hərbi böhranı daha da dərinləşdirirdi. Bütün bunlar Azərbaycan ərazilərinin işğalına şərait yaradır, yüz minlərcə soydaşımızın yurd-yuvasından didərgin düşməsinə səbəb olurdu.
Biz bu həqiqəti dönə-dönə təkrarlayırıq ki, əgər o dövrdə ölkədə baş verən hadisələrə Heydər Əliyevin şəxsi müdaxiləsi olmasaydı, bu gün müstəqil Azərbaycan dövlətinin varlığından danışmaq mümkün olmazdı.
Hörmətli həmkarlar!
Biz bunu da həmişə xüsusi qeyd edirik ki, Ulu Öndərin böyük siyasətə qayıdışı 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ilə başlanmışdır. Xilaskarlıq missiyasını həyata keçirmək yolunda onun ilk addımları məhz bu dövrdə və bu binada başlanmışdır.
Heydər Əliyevin 4 ay ərzində Azərbaycan parlamentinin sədri vəzifəsində çalışması bütün digər məsələlərlə yanaşı, ölkəmizdə qanunvericilik hakimiy-yəti orqanının nüfuzunu yüksək səviyyəyə qaldırmış və onun peşəkar fəaliyyət istiqamətlərini müəyyənləşdirməyə imkan vermişdir.
Hörmətli həmkarlar!
Ulu Öndərin başladığı bütün möhtəşəm işlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin həyata keçirdiyi uzaqgörən siyasət nəticəsində real təcəssümünü tapmışdır. Cəmiyyət və dövlət həyatının bütün sahələrində əldə edilmiş uğurlar dünyanın diqqətini Azərbaycana cəlb etmişdir.
Yaradılmış böyük siyasi, iqtisadi, hərbi potensial Ümummilli Liderimizin ən mühüm vəsiyyətini şərəflə yerinə yetirməyə imkan vermişdir – dövlətimizin taleyüklü problemi həll edilmiş, torpaqlarımızın 30 illik işğalına son qoyulmuş, ərazi bütövlüyümüz bərpa olunmuş, Azərbaycana qarşı ərazi iddiasına düşənlərin layiqli cavabı verilmişdir.
Bu gün Azərbaycan Respublikası gələcəyə inamla baxan, Cənubi Qafqaz bölgəsində güc mərkəzi və söz sahibi olan qüdrətli dövlətdir.
İnamla söyləmək olar ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uzaqgörən siyasəti Azərbaycan dövlətini və xalqını indiyə qədər olduğu kimi, qarşıdakı illərdə də qələbədən-qələbəyə, uğurdan-uğura aparacaqdır.
Hörmətli deputatlar!
Mən bu qısa çıxışımı möhtərəm Prezidentin sözləri ilə bitirmək istəyirəm. Cənab Prezident demişdir: “Azərbaycanın dövlət müstəqilliyi respublikamızın hər bir vətəndaşı üçün ən böyük sərvətdir.
... Bu gün müstəqil və azad xalq kimi yaşamağımız ən böyük qürurverici amildir.
... Biz gələcəkdə bu yolla gedəcəyik, müstəqil siyasət aparacağıq. Xalqın iradəsi əsasında irəli gedəcəyik. Müstəqilliyimiz dönməzdir, əbədidir”.
Hörmətli həmkarlar!
Müstəqilliyin bərpası günü münasibəti ilə sizi təbrik edirəm, hər birinizə möhkəm can sağlığı və uğurlar arzulayıram.
Eyni zamanda, təklif edirəm ki, möhtərəm Prezidentimiz İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya Milli Məclis adından təbrik məktubları ünvanlayaq.
Azərbaycan dövlətinin daha da möhkəmlənməsi və inkişaf etməsi, xalqımızın rifahının yüksəlməsi naminə dəyərli fəaliyyətlərində onlara yeni uğurlar arzulayaq.