Məşhur Məmmədov,
Millət vəkili2 ildir ki, Azərbaycan Respublikasının bayramları sırasına bir bayram da əlavə olunub - Zəfər Günü. Bu bayramı xalq olaraq hər birimiz haqq edir, sevinclə, qürurla qeyd edirik.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın, milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır.
Azərbaycan dövləti və xalqı bu işğalın fəsadlarını 30 il ərzində yaşadı. 30 il Ermənistan silahlı qüvvələrinin işğalı altında saxlanılan torpaqlarımızda bizə vurulan mənəvi və maddi ziyanların miqyasını da ölçüyəgəlməz dərəcədə artırırdı.
Mövcud vəziyyətlə əlaqədar Azərbaycan hər zaman haqq səsini ucaldırdı, beynəlxalq ictimaiyyətdən reaksiya gözləyirdi. Lakin bütün bu hadisələrin, faktların dünyanın gözü qarşısında baş verməsinə baxmayaraq Ermənistana təzyiq və cəza tətbiq edilmədiyi üçün vəziyyət getdikcə daha da gərginləşirdi. BMT-nin qətnamələrini heçə sayan bir ölkəyə qarşı bütün dünya haqq səsini ucaltmalı idi. Bu, bütün dünya üçün əsl təhdid idi.
Azərbaycan səbrlə davranır, beynəlxalq hüququn aliliyinə ümid edir, münaqişənin sülh yolu ilə həllinə səylər göstərirdi. Ölkəmiz və xalqımız möhkəm siyasi iradə göstərərək təşəbbüs edilən bütün dialoqlara qatılır, regionun təhlükəsizliyi və inkişafı naminə torpaqlarımızın danışıqlar yolu ilə geri qaytarılmasına çalışırdı. Ərazi bütövlüyümüzün bərpa olunması bütün dövrlərdə Prezident İlham Əliyevin dövlət siyasətinin əsas prioriteti olub. Bu istiqamətdə atılan addımlar, aparılan danışıqlar bunu deməyə əsas verir. Cənab Prezident İlham Əliyev hər zaman rəsmi olaraq bəyan edib ki, öz ərazisini heç bir dövlətə güzəştə getməyəcək, aparılan danışıqlarda ərazi bütövlüyümüz müzakirə mövzusu ola bilməz. Biz sadəcə münaqişənin sülh yolu ilə həllinə çalışırıq və bunun üçün dövlətlərin və beynəlxalq təşkilatların vasitəçiliyini qəbul edirik. Hər kəs bilsin ki, Azərbaycanın səbri tükənməz deyil, əgər Ermənistan sülh yolu ilə torpaqlarımızı azad etməsə, hərb yolu qaçılmazdır. Bir sözlə, Azərbaycan nəyin bahasına olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcək, tarixi torpaqlarını erməni işğalından azad edəcəkdir.
Ötən illər ərzində atılmış hər bir addım və qəbul olunmuş hər bir qərar torpaqlarımızın işğaldan azad olunmasına xidmət edib. Beynəlxalq təşkilatlarla əməkdaşlıq münaqişənin həlli üçün zəmin yaratdı. Bütün dünya işğal altında qalan ərazilərin Azərbaycana məxsus olduğunu bilir, zaman-zaman bununla bağlı bəyanatlar və açıqlamalar verilirdi. 30 ilə yaxın davam işğal göstərdi ki, danışqların nəticəsi olmadı, Ermənistan öz işğalçılıq və etnikəmizləmə siyaətindən əl çəkmədi. Dünya ictimaiyyəti də Ermənistana heç bir təsir göstərmədi. Vəziyyətin bu cür davam etməsində maraqlı qüvvələr var idi və onlar münaqişənin süni şəkildə uzadılmasında maraqlı idilər. Ancaq Azərbaycan bu vəziyyətlə daha uzun müddət barışa bilməzdi. Təkcə işğal altında saxlanılan ərazilərimizdə deyil, Ermənistanla dövlət sərhəddində yerləşən digər şəhər və kəndlərimizdə yaşayan vətəndaşlarımıza qarşı da təxribatlar davam edirdi. Növbəti təxribatlardan ən iri miqyaslısı isə 2020-ci ilin iyulunda və 27 sentyabr tarixlərində baş verdi. 27 sentyabr təxribatlarına cavb olaraq Azərbaycan əks-hücum əməliyyatlarına başladı.
Xalq və ordu birliyi 44 gün davam edən Vətən müharibəsində tarixi zəfərimizin qazanılmasına gətirib çıxardı. Tariximizin şanlı səhifəsi hesab olunan, əsl qəhrəmanlıq salnaməsinə çevrilən Vətən müharibəsi nəticəsində ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz qalib gəldi, Ermənistan ordusunu ağır məlubiyyətə uğradaraq tarixi ədaləti bərpa etdi, işğal altındakı torpaqlarımızı azad edərək, 30 illik nisgilə, həsrətə son qoydu. Bu qələbə haqqın, ədalətin qələbəsi kimi tariximizdə hər zaman qürurla və sevinclə xatırlanacaq. Bütün xalqımızı möhtəşəm Zəfər Günü münasibətilə təbrik edirəm. Eşq olsun bizə bu qələbəni yaşadan Ali Baş Komandan İlham Əliyevə və onun arxasında yumruq kimi birləşən Azərbaycan xalqına! Eşq olsun bizə qələbə sevinci yaşadan Müzəffər Ordumuza!