Xankəndi-Şuşa yolu niyə bağlanıb?
Azadmedia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Ülvi Quliyev facebook sosial şəbəkəsində olan hesabında qeyd edib. Deputat açıqlamasında bildirib ki, Rusiya sülhməramlılarının rəhbəri-general Volkov Azərbaycan vətəndaş cəmiyyətinin və qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə, mülki azərbaycanlılarla üz-üzə gəlməkdən və onların ədalətli suallarını cavablandırmaqdan yayınır: “Əslində isə, məsələnin həlli çox sadədir. Əgər general Volkov üzərinə qoyulmuş sülhməramlı missiyanın mahiyyətini və məramını düzgün qiymətləndirsəydi, o, Azərbaycan ekoloqlarının və KİV nümayəndələrinin ölkəmizin bir ərazisindən başqa bir ərazisinə sərbəst keçidini müşaiyət etməklə əsl vəzifəsinin icrasını təmin edərdi. Buna süni şəkildə maneələr yaratmaq isə sülhməramlı missiyanın təyinat və məramına ziddir”.
Ülvi Quliyev qeyd edib ki, General Volkov sərbəst keçidinə imkan vermədiyi ekoloqlarımızın haqlı etirazına səbəb olan və artıq ictimailəşən sualları eşitməyə və onları cavablandırmağa borcludur: “Çünki Azərbaycan ekoloqlarında olan səhih məlumatlara görə, Rusiya sülhməramlılarının məskunlaşdığı ərazidə erməni separatçı rejimi və onların xaricdən olan cinayət ortaqları ölkəmizin təbii sərvətlərinin qanunsuz istismarını, eləcə də ekoloji terror cinayətlərini törətməkdə davam edirlər. General Volkov nəzərə almalıdır ki, Azərbaycan ərazisində Azərbaycan ekoloqlarının nəzarət-təftiş vəzifəsini həyata keçirməyə mane olmaq cəhdi onun sülhməramlı missiyasına ziddir və bu missiyanın xoşməramlı niyyətini şübhə altına alır. Azərbaycan cəmiyyətində haqlı olaraq sual yaranır ki, general Volkovun səlahiyyət həddini aşmasının arxasında, görəsən, şəxsi maraqları, yoxsa kimlərinsə qanunsuz əmrinə tabe olmaq istəyi dayanır? Cəmiyyətimizi maraqlandıran həm də odur ki, əgər səbəb əmrdirsə, general Volkov, görəsən, kimlərin qanunsuz əmrini icra edir? Azərbaycan cəmiyyətini düşündürən və haqlı olaraq narahat edən ciddi suallardan biri də budur ki, nəyə görə yaxın və uzaq ölkələrin rəsmi və qeyri-rəsmi mənsubları Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərinə heç bir maneə olmadan keçə bilər, Azərbaycan vətəndaşları isə bunu edə bilməzlər? Nəhayət, cəmiyyətimizin hiddətinə səbəb olan odur ki, on saatdan artıq davam edən müddət ərzində general Volkov onunla görüşmək istəyən Azərbaycan vətəndaşlarının görüşünə “təşrif” buyurmur, onların haqlı tələbini qulaqardına vurur. General Volkovun bu saymazyana davranışı rəhbərlik etdiyi sülhməramlı missiyanın adına təhqirdir. Azərbaycanın millət vəkillərindən biri olaraq, general Volkovu şaxtalı havada saatlardır ki, onun yolunu gözləyən mülki azərbaycanlılarla təcili görüşməyə, cəmiyyətimizi narahat edən sualları cavablandırmağa, Azərbaycan ekoloqlarının və mətbuat nümayəndələrinin Azərbaycan ərazisinə keçidinə mane olmamağa, səlahiyyət həddini aşmaqdan könüllü şəkildə imtina etməyə cağırıram”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.