“Kremlin gerçək məqsədi Qarabağda sülh missiyası deyil, burada qalıb möhkəmlənməkdir.” Bu sözləri Azadmedia.az-a açıqlamasında Dünya və Avropa çempionu Güloğlan Cabbarlı bildirib.
Güloğlan Cabbarlı, “Uzun müddətdir ki, Qarabağ bölgəsində ekoloji fəlakətlər törədilir, meşələrimiz qırılır və yandırılır, çaylarımız və göllərimiz çirkləndirilir, təbii ehtiyatlarımız qaçaqmalçılıq yolu ilə talan edilir.”- Hələ bir neçə gün əvvəl Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və digər əlaqədar qurumların nümayəndələri də elə həmin ərazidə Rusiya sülhməramlı qüvvələrinin komandanı general Volkovla görüşüb, problemin ciddiliyini onun diqqətinə çatdırmışdılar. Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarəti altında olan Azərbaycan ərazilərində təbii resursların qurum tərəfindən qeyri-qanuni yollarla istismar edilməsi və ərazinin ekoloji vəziyyətinə ciddi ziyan vurulması haqqında general Volkovla danışan mütəxəssislər ərazidə monitorinq keçirmək haqqında niyyətlərini də bildirmişdilər.” - Deyə bildirib.
O bildirib ki, “Növbəti addım general Volkov tərəfindən atılmalı idi, yəni o əks tərəfi xəbərdar etməli və monitorinq aparılması üçün mütəxəssislərə lazımi şərait yaratmalı idi. Lakin görünür ki, Rusiya sülhməramlıları nəzarət etdikləri ərazidə qanunsuz fəaliyyət göstərən, qaçaqmalçılıq yolu ilə əlvan metal yataqlarımızı qarət edən cinayətkarlara Azərbaycanın rəsmi dövlət qurumlarının qərarlarını başa sala bilməyib və ya başa salmaq niyyətində olmayıb.”
“Sözügedən aksiya tək vətəndaş cəmiyyəti təmsilçilərinin deyil, hər bir azərbaycanlının narazılıq və narahatlığının göstəricisidir.”
G. Cabbarlı həmçinin vurğulayıb ki, “Bütün problemlərin mənşəyində Rusiya sülhməramlılarının fəaliyyəti, daha doğrusu, fəaliyyətsizliyi dayanır. Elə bil, gəliblər burada özlərinə yeni yaşayış məskəni salmağa. Əgər, Ermənilərin xoşuna gəlmək istəyirlərsə, getsinlər bunu Ermənistanda etsinlər. Kimsə eşidibmi indiyədək Ermənistanın Gümrü şəhərindəki rus hərbi bazasının hərbçisi hansısa erməni ailəsinə bayram hədiyyəsi aparıb, yaxud kiminsə yükünü daşıyıb? Qarabağdakı rus hərbçiləri doğum evlərinə də səfərlər təşkil edirlər. Bunlar buraya nə məqsədlə gəliblər?”.
Cabbarlı qeyd edib ki, “Rusiya sülhməramlı kontingenti özünü daha neytral və ciddi aparsaydı, üçtərəfli bəyanatdan irəli gələn vəzifələrini yerinə yetirmiş olardı. Aydındır ki, onlar da Moskvadan gələn təlimatlara uyğun faəliyyət göstərirlər. Bunu Volkov da dedi, yaxasını kənara çəkmək istədi. Bu onu göstərir ki, Kremlin gerçək məqsədi Qarabağda sülh missiyası deyil, burada qalıb möhkəmlənməkdir.
Moskvada Yerevanın sürətlə Qərbə doğru qaçdığını görürlər və açığı, Ukraynadakı hadisələrdən sonra bunun qarşısını almağa taqətləri yoxdur.
Yeganə çıxış yolu beləcə ermənilərin başına sığal çəkməkdir ki, bəlkə nəisə alındı. Xankəndidəkilərin də bu sığal ürəyincədir. Bu, əlbəttə, birmənalı olaraq qəbuledilməzdir. Görünür, Rusiya Ruben Vardanyana çox böyük ümid bəsləyir, düşünür ki, onun vasitəsilə Qarabağda hansısa işləri yerinə yetirəcək. Suveren ərazilərimizdən bu cür istifadə olunması qəbuledilməzdir. Onlar nəzərə almalıdırlar ki, Azərbaycan buna heç vaxt imkan verməyib, verməyəcək. Təxribatlara son qoyulmalıdır. Azərbaycanın haqqı var ki, ərazilərini diqqətdə saxlasın, torpaqlarına sahib çıxsın.
Hesab edirəm ki, sülhməramlıların bu addımları həm də Rusiya və Azərbaycan arasında imzalanmış sənədlərin ruhuna ziddir.
Bu məqam da mütləq nəzərə alınmalıdır.
Məqsəd, Azərbaycan ərazisində qanunsuz fəaliyyət göstərən xarici şirkətlərdən birinin talançı fəaliyyətini dayandırmaq üçün dövlət qurumlarına və cəmiyyətə çağırış etməkdən ibarətdir. Əgər, bu aksiyalar ermənilər tərəfindən aparılan qeyri-qanuni iqtisadi fəaliyyətin dayandırılmasına gətirib çıxarmazsa və müvafiq dövlət qurumlarına monitorinq aparılması üçün lazımi şərait yaradılmazsa, Azərbaycan hüquq mühafizə orqanları ərazidə baş verən cinayət əməllərinin qarşısını almaq üçün adekvat güc tətbiq edə bilər.”
G. Cabbarlı son olaraq onu da qeyd edib ki, “Xankəndidə özbaşınalıqla məşğul olan cinayətkar dəstə anlamalıdır ki, onlar Azərbaycan ərazisində yaşayır və ölkə qanunlarını bilərəkdən pozmaq cinayət məsuliyyəti yaradır. Bu aksiyalardan sonra da onlar öz cinayət əməllərini davam etdirsələr, o zaman qanun öz sözünü deyəcək. Qanunlar işə salındıqdan sonra yenə də dünya mediasında “genosid” deyib haray salmaq isə gec ola bilər.”