Müasir və müstəqil Azərbaycan dövlətçiliyinin qurucusu, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin siyasi-ideoloji fəaliyyəti Azərbaycanla məhdudlaşmamış, bütövlükdə türk dünyasını əhatə etmişdir. Böyük tarixi şəxsiyyətin türk dünyası ilə bağlı gördüyü işlər, irəli sürdüyü ideyalar, söylədiyi mülahizələr elmi-nəzəri mükəmməlliyilə yanaşı, praktik perspektivliliyilə də böyük tarixi əhəmiyyətə malikdir.
Ulu öndər çıxışlarında türk dünyasının möhkəmlənib inkişaf etməsi ilə bağlı qeyd etmişdir: “Mən bu gün, həqiqətən, qeyd etmək istəyirəm ki, bizim xalqlarımız əsrlər boyu bir-birinə yaxın dost olmuşlar. Biz bir kökdənik, biz birdilli xalqlarıq. Bizim milli ənənələrimiz çox yaxındır, bir-birinə bənzərdir, oxşardır. Ona görə də bunlar hamısı xalqlarımızı hələ biz müstəqil olmadığımız vaxtda, ayrı-ayrı dövlətlərin əsarəti altında yaşadığımız vaxtda da bir-birimizdən ayırmayıb, bir-birimizə bağlayıb, bir-birimizlə daha sıx əlaqədə saxlayıb. İndi isə xalqlarımız öz müstəqilliyini əldə edəndən sonra, müstəqil dövlət kimi dünyada tanınandan sonra biz tarixi ənənələr əsasında, həmin fundamental əsaslar üzərində bundan sonra da irəliyə getməliyik, inkişaf etməliyik”.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin çağırışlarının nəticəsidirki, bu gün türk dövlərləri bir-birimizin milli maraqlarını nəzərə alaraq, bundan sonra da qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirmiş,siyasi, iqtisadi, ticari, mədəni, nəqliyyat, energetika, kənd təsərrüfatı, turizm sahələri ilə yanaşı, təhlükəsizlik, müdafiə kimi sahələrdə də əməkdaşlıqlar fəallaşdırılmışdır.
Azərbaycan 44 günlük müharibədə Ermənistan üzərində qələbə qazandıqdan sonra türk dünyasının daha da sıx birləşməsi üçün zəmin yaranıb.Ümumilikdə İkinci Qarabağ müharibəsində Azərbaycanın tarixi Zəfərinin yaratdığı reallıqlar fonunda türk dünyasının birliyi istiqamətində atılan addımlar, türkdilli dövlətlər arasında ikitərəfli və çoxtərəfli çərçivədə əlaqələrin genişlənməsi diqqətdən kənarda qalmır. Cari ildə Ölkə başçısı cənab İlham Əliyevin türkdilli dövlətlərə, həmçinin həmin ölkələrin rəhbərlərinin Azərbaycana səfərlərinin say tərkibi, imzalanan sənədlərin əhatə dairəsinin genişləndirilməsi də təsdiqləyir. Ölkə başçısının qeyd etdiyi kimi, Türk Dövlətləri Təşkilatına üzv ölkələrlə əlaqələrin bütün sahələrdə möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Azərbaycan həmişə türk dünyasının sıx birləşməsinə öz töhfəsini verib və bundan sonra da bu birlik amallarına sadiq qalacaq. Türk dünyası 200 milyondan çox insanın yaşadığı geniş bir coğrafiyanı əhatə edir və böyük iqtisadi potensiala, enerji resurslarına, nəqliyyat yollarına, müasir hərbi imkanlara malikdir.
Bu baxımdan Ölkə rəhbəri cənab İlham Əliyevin cari ilin 14 dekabr tarixindəTürkmənistana işgüzar səfəri və səfər çərçivəsində Azərbaycan Prezidentinin Türkiyə və Türkmənistan prezidentləri ilə təkbətək, eyni zamanda, Azərbaycan, Türkiyə, Türkmənistan dövlət başçılarının geniş və məhdud tərkibdə görüşləri əlaqələrin gələcək inkişafına xidmət edən bir sıra məsələlər ətrafında fikir mübadiləsi apararaq vahid mövqe ortaya qoyulmasına yeni imkanlar yaratdı. Üçtərəfli Zirvə Görüşündə çıxışı zamanı ölkə başçısı qeyd etmişdir ki: “Azərbaycan, Türkiyə və Türkmənistan bir-biri ilə etnik, dini-mədəni köklər və ortaq mənəvi dəyərlər ilə sıx bağlıdır. Tarixi bağlar üzərində qurulmuş münasibətlərimiz ölkələrimiz arasında iqtisadiyyat, ticarət, nəqliyyat-logistika və digər sahələrdə əməkdaşlığın inkişafı üçün imkanlar yaradır”.
Bu görüşdə ölkələr arasında yeni qlobal miqyaslı enerji, nəqliyyat layihələri ilə hansı gücə qadir olduqlarını bütün dünyaya nümayiş etdirdilər. Keçirilən görüşdə liderlərin imzaladıqları mühüm sənədlər onu göstərdi ki, əldə edilən razılıqlar yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın bundan sonra da gücləndirilməsinə mühüm töhfələr verəcək.
Göründüyü kimi Türkmənistanda keçirilən Üçtərəfli Zirvə Görüşü türk dövlətlərinin münasibətlərin dünəninə baxış fonunda qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlamaları yeni reallıqlar yaradıb. Bu reallığın formalaşdırılması üçün əməli addımlar atılır, təqdirəlayiq nəticələr əldə olunur, qazanılmış hər bir nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir.
Rəşad Sadıqov
siyasi elmlər üzrə fəlsəfə doktoru,
ADPU-nun Magistratura və doktorantura şöbəsinin müdiri