“Pensiyaçılar rəhmətə gedən zaman dəfn üçün dövlət tərəfindən 720 manat ödəniş edilir. Təbii ki, bu məbləğ kifayət deyil, amma yas sahibinə xeyli köməkdir. Yaxşı ki, xalqımızın yasda pul vəsaiti ilə dəftərə yazılmaq ənənəsi var”.
Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Razi Nurullayev deyib.
Deputat bildirib ki, bir neçə kateqoriya təbəqə var ki, onlara da 300-400 manat dəfn pulu şamil edilir: “Pensiya fonduna kifayət qədər vəsait toplayan şəxs pensiyaya çıxmağına bir neçə ay qalmış rəhmətə gedir. Amma, o dəfn pulu almır. Bu halı sosial yanaşma baxımından qüsurlu hesab edirəm. Pensiya yaşına çatmağa 5 il qalmış şəxslər də rəhmətə gedən zaman onların ailəsinə də eyni qaydada, yəni əmək pensiyasının minimum məbləğinin üç misli həcmində dəfn pulu ödənilməsini təklif edirəm. Əmək pensiyaları haqqında qanuna müvafiq dəyişiklik edilməsi bu sahədə sosial ədaləti bərpa etmiş olardı. Hörmətli xanım sədr, bu təklifin həyata keçirilməsi mümkünlüyünün öyrənilməsi barədə müvafiq komitə və şöbələrə göstəriş verməyinizi xahiş edirəm. Pensiya fonduna kifayət qədər vəsait toplayan və pensiyaya yenicə çıxan şəxs gözlənilmədən vəfat edir. Yada hesabında kifayət qədər yüksək məbləğ olan şəxs heç təqaüd yaşına çatmadan dünyasını dəyişir. İllərlə hesabına yığılmış vəsaiti çox az müddətdə pensiya kimi alan, ya da heç ala bilməyən adam öləndən sonra qalan pul onun ailə üzvlərinə verilmir. Bu da sosial yanaşma və ədalət prinsipi baxımından doğru deyil. Bəzi ölkələrdə pensiyaçı vaxtından tez ölürsə, hesabına yığılmış vəsait vərəsəsinə ödənilir. Azərbaycanda da bu praktikanın tətbiq edilməsini təklif edirəm. Prezident ilham Əliyevin imzaladığı “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində də pensiya islahatlarının davam etdirilməsi prioritet kimi göstərilib. Pensiya məbləğinin və pensiya kapitalının bir hissəsinin varislərin hesabına köçürülməsi ədalətli yanaşma olardı. Bu istiqamətdə beynəlxalq praktikada istifadə edilən modellərdən istifadə faydalıdır. Əlavə olaraq, Dövlət Sosial Müdafiə Fondunda yığılmış vəsaitin şəxsi mülkiyyət hesab edilməsi mexanizmi üzərində işləmək vacibdir. Şəxs həyatdan vaxtsız köçən zaman, pensiya yaşı tamam olan kimi, yaxud bir neçə ay pensiya alb dünyasını dəyişərsə, onun varisləri həmin vəsaitləri niyə də almasın? İnsan illərlə işləyir və vəsait ödəyirsə, deməlk ki, ödənilən pul vəsaiti onun mülkiyyəti hesab olunmalı və varislərinə verilməlidir”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev qeyd edib ki, bu məsələ müzakirə olunur: “Biz aidiyyəti icra qurumları ilə bu məsələni müzakirə edirik. Nəinki pensiya yaşına az qalmış, daha kiçik yaşda vəfat edənlərə də bu dəfn pulunun verilməsini müzakirə edirik. Pensiya kapitalının qarşılanması məsələsi amma icbari sosial sığorta prinsiplərinə uyğun deyil. “ekspertlər” bunu tez-tez səsləndirirlər. Amma bu məsələnin mahiyyətinə uyğun deyil. Bu sözüm Razi müəllimə aid deyil”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.