Xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu York şəhərinə səfər edib.
Azadmedia.az - Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev ABŞ-a səfəri çərçivəsində Nyu Yorkda bir sıra tədbilərə qatılıb və görüşlər keçirib.
Nazir müavini 14 dekabr tarixində BMT Təhlükəsizlik Şurasının “Beynəlxalq sülh və təhlükəsizliyin qorunması: islahat edilmiş çoxtərəflilik üçün yeni oriyentasiya” mövzusunda açıq müzakirələrə qatılıb və Azərbaycan adından bəyanat səsləndirib.
Çıxış zamanı, dövlətlərarası münasibətlər üçün əsas prinsiplərdən olan suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama öhdəliklərinin yerinə yetirilməsinin vacib olduğunu diqqətə çatdırıb. O bildirib ki, beynəlxalq hüququn prinsiplərinin pozulmasına görə cəzasızlıq münaqişələrin genişlənməsinə səbəb olan əsas amillərdəndir.
Nazir müavini qurumun Azərbaycanla bağlı qətnamələri 27 ildir icra olunmadığını vurğulayıb. Həmin qətnamələrdə Azərbaycanın suveren ərazisinin işğalına dərhal, tam və qeyd-şərtsiz son qoyulması tələb edildiyi xatırlanıb. 30 ilə yaxın müddətdə yüz minlərlə insan öz torpaqlarından didərgin salındığı, onların hüquqlarına məhəl qoyulmadığı və cəzasızlıq baş verdiyi bildirilib.
Çıxış zamanı xatırlanıb ki, 2020-ci ilin sentyabrında Ermənistanın genişmiqyaslı silahlı təxribatına cavab olaraq Azərbaycan əks-hücum əməliyyatına başlamaq məcburiyyətində qalıb, əməliyyat nəticəsində Azərbaycan ərazisi işğaldan azad edilib və bu əməliyyat Nizamnamənin 51-ci maddəsinə və Şuranın müvafiq qərarlarına uyğun olub.
Nazir müavini Azərbaycan tərəfinin Ermənistana münaqişədən sonra normallaşma əlini uzatdığını qeyd edib. O, Ermənistanı qanunsuz fəaliyyətlərini dayandırmağa, ərazi iddialarına son qoymağa və diplomatik həll yolunda diqqətini birbaşa danışıqlara yönəltməyə çağırıb.
15 dekabr 2022-ci il tarixində xarici işlər nazirinin müavini Fariz Rzayev Nyu-Yorkda BMT Baş Katibinin Avropa, Mərkəzi Asiya və Amerika qitəsi üzrə köməkçisi Miroslav Yença ilə görüşüb.
Bu il Azərbaycanın BMT-yə üzvlüyünün 30-cu ildönümünün qeyd olunduğunu vurğulayan nazir müavini, bu çərçivədə BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisinin Ofisi ilə birlikdə bir sıra tədbirlərin keçirildiyini qeyd edib.
Müqabil tərəf həmçinin post-münaqişə dövründə regionda mövcud vəziyyət, işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, Azərbaycanın regionda sülh gündəliyinin irəlilədilməsi istiqamətində atdığı addımlar, Ermənistan tərəfindən bu təşəbbüslərə qarşı həyata keçirilən təxribatlar, o cümlədən ərazilərimizdə davam edən mina təhlükəsi barədə məlumatlandırılıb.
Görüşdə həmçinin Ermənistan-Azərbaycan münaqişəsinin bitməsi ilə regionda iqtisadi və nəqliyyat bağlantılarının açılması və səmərəli regional əməkdaşlıq üçün əlverişli imkanın yarandığı və Ermənistan tərəfinin bu imkanları reallaşdırmağa imkan verməyən destruktiv addımlarından əl çəkməli olduğu vurğulanıb.
Tərəflər Azərbaycan ilə BMT arasında müsbət əməkdaşlıq təcrübəsinin və bölgədə yaranmış yeni vəziyyətdə bu əməkdaşlığın genişləndirilməsi üçün geniş imkanların olduğunu vurğulayıb.
Xarici işlər nazirinin müavini Fariz Rzayev səfər çərçivəsində 15 dekabr 2022-ci il tarixində Nyu-Yorkda BMT-nin mənzil qərargahında Pakistanın sədrliyi ilə keçirilən “Qrup 77 və Çin” təşkilatının Nazirlər İclasında iştirak edərək çıxış edib.
Çıxışında nazir müavini Pakistan xarici işlər nazirinə tədbirin təşkilinə və dəvətə görə minnətdarlıq bildirib. Covid-19 pandemiyasının dövlətlər üçün fəsadlarına toxunan F.Rzayev pandemiyanın xüsusilə inkişaf etməkdə olan ölkələrdə iqtisadiyyat, təhsil və səhiyyə sektoruna bərpası mürəkkəb olan zərərlər vurduğunu və bu vəziyyətdən yeganə çıxış yolunun əməkdaşlıq və həmrəylikdən keçdiyini vurğulayıb.
Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan tərəfindən irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüsləri xatırladan F.Rzayev, pandemiyadan sonrakı qlobal bərpa prosesinin də Hərəkatın sədri olaraq Azərbaycanın diqqətində olduğunu və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə 2 mart 2023-cü il tarixində Bakıda Qoşulmama Hərəkatının Covid-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşü formatında iclasının keçiriləcəyini qeyd edib. QH üzv dövlətlərinin sözügedən tədbirdə ən yüksək səviyyədə iştirakının tədbirin uğuruna xüsusi töhfə verəcəyi vurğulanıb.
Nazirlər İclası çərçivəsində Fariz Rzayev həmçinin bir sıra dövlətlərin nümayəndə heyətlərinin rəhbərləri ilə görüşüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.