Rusiya prezidenti Vladimir Putin dövlət təhlükəsizlik rəsmilərini xarici kəşfiyyat xidmətlərinin hərəkətlərini sərt şəkildə yatırmağa, xainləri, casusları və təxribatçıları tez bir zamanda müəyyən etməyə çağırıb.
O, bu barədə dövlət təhlükəsizliyi orqanlarının əməkdaşları günü münasibətilə təbrikində bildirib.
Putin Ukraynanın Rusiya tərəfindən işğal olunmuş ərazilərində dövlət təhlükəsizlik orqanlarının işinə diqqət çəkib. Rusiya prezidenti “Donetsk” və “Luqansk” Xalq Respublikalarında, Xerson və Zaporojye vilayətlərində (Putinə görə buralar Rusiya torpaqlarıdır) vəziyyətin son dərəcə ağır olduğunu vurğulayıb. O, ilhaq edilmiş ərazilərdəki bölmələri yeni texnika, silah və “təcrübəli kadrlarla” təmin edəcəyinə söz verib.
Qeyd edək ki, son həftələrdə Rusiyada dövlətə xəyanətlə bağlı bir neçə cinayət işi başlanıb. Ölkə qanunvericiliyinə “düşmən tərəfinə keçməyi” “vətənə xəyanət”ə bərabər tutmağa imkan verən dəyişikliklər 2022-ci ilin yayında qəbul edilib. Bəzi hallarda təqsirləndirilən şəxslərin yaxınları FTX-nin əlində heç bir sübut olmadan şəxsləri suçladıqlarını bildirirlər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.