Prezident İlham Əliyev Zaur İntiqam oğlu Fəti-zadənin Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin İdarə Heyətinin sədri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Zaur Fəti-zadə Prezident İlham Əliyevin 2012-ci il 11 fevral tarixli sərəncamı ilə ali xüsusi rütbə alıb.
O, Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentinin rəisi olub.
Daha sonra Zaur Fəti-zadə Vergilər Nazirliyində Beynəlxalq əməkdaşlıq və maliyyə institutlarında vergi monitorinqi Baş İdarəsinin rəisi vəzifəsində çalışıb.
Zaur Fəti-zadə 2016-cı ilin oktyabrında həmin vəzifəsindən azad edilərək Vergi risklərinin təhlili və nəzarəti Baş İdarəsinin rəisi təyin olunub.
O, Prezident İlham Əliyevin 2020-ci il 11 fevral tarixli sərəncamı ilə 1-ci dərəcəli “Vergi orqanlarında xidmətdə fərqlənməyə görə” medalı ilə təltif edilib.
Xatırladaq ki, Maliyyə Monitorinqi Xidməti cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində qanunvericiliklə müəyyən edilmiş səlahiyyətləri həyata keçirən, habelə müvafiq sahədə siyasətin formalaşmasında iştirak edən qurumdur.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.