Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də Bakı Metropoliteninin “Xocəsən” stansiyasının və “Xocəsən” elektrik deposunun açılışında iştirak edib.
“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin sədri Zaur Hüseynov Prezident İlham Əliyevə stansiyada və depoda görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Bakı Metropoliteni xətlərinin ümumi uzunluğu 40,7 kilometrdir. Metropolitenin Qırmızı, Yaşıl və Bənövşəyi xətləri üzrə ümumilikdə 27 stansiyası fəaliyyət göstərir.
Xatırladaq ki, 2016-cı il aprelin 19-da Prezident İlham Əliyevin iştirakı ilə Bakı Metropoliteninin üçüncü – Bənövşəyi xəttinin açılışı olub. Bənövşəyi xətt ilə “Avtovağzal” və “Memar Əcəmi” stansiyaları da istifadəyə verilib. Ötən il mayın 29-da isə bu xətt üzrə üçüncü - “8 Noyabr” stansiyasının açılışı olub.
Qeyd olundu ki, “Xocəsən” stansiyası Bənövşəyi xətt üzərində yerləşən dördüncü stansiyadır. Kompleksin ümumi sahəsi 4200 kvadratmetr, stansiya platformasının uzunluğu 144 metrdir. Stansiya Lökbatan qəsəbəsi və “Sədərək” Ticarət Mərkəzi istiqamətindən hərəkət edən vətəndaşların nəqliyyat problemlərinin aradan qaldırılmasında mühüm rol oynayacaq. Bu stansiyada Almaniyanın “ThyssenKrupp Fahrtreppen” şirkətinin istehsalı olan iki eskalator quraşdırılıb. “Xocəsən” stansiyası xəttin başlanğıcında yerləşir və qatarların sərnişinlərin tələbatına uyğun intensiv hərəkətinin təmin edilməsinə şərait yaradacaq. Həmçinin “8 Noyabr” stansiyasının arxasında dönmə kamerası yerləşdiyindən intervalın tənzimlənməsi rahat olacaq.
Məlumat verildi ki, “Xocəsən” elektrik deposu Bakı Metropoliteninin sayca ikinci deposudur və 24 hektardan çox ərazini əhatə edir. Üç mərhələdən ibarət inşaat layihəsinin hazırda birinci mərhələ istifadəyə verilib.
“Xocəsən” elektrik deposunda iki içməli su anbarı, iki yanğın su anbarı, üç baxış qanovu və xidməti otaqlar, qatarların hərəkətini idarə etmək üçün blok-post, elektrik yarımstansiyası, təmir və texniki baxış infrastrukturu yaradılıb.
Daha iki mərhələ üzrə işlər xəttin yeni stansiyaları və tunelləri inşa olunduqca tələbata uyğun görüləcək. Belə ki, ikinci mərhələ üzrə hərəkət qatarına xidmət üçün məişət otağı ilə dayanma korpusu, qatarların yuyulması kamerası, təkərlərin diaqnostika kompleksi, yanacaq-sürtkü materialları anbarı, dönmə qurğuları, kompressor stansiyası, təmir-dayanacaq binası üçün qazanxana inşa olunacaq. Üçüncü mərhələdə isə vaqonların təmiri və istehsalı korpusu, inzibati və məişət binaları, dispetçer idarəetmə məntəqəsi və vaqon təmiri binaları üçün qazanxana, qaldırıcı kran estakadası ilə texnoloji platformanın tikintisi nəzərdə tutulur.
Qeyd edək ki, ölkəmizdə müasir infrastrukturun qurulması bütün sahələri, o cümlədən nəqliyyatın əhəmiyyətinin xüsusilə artdığı indiki dövrdə metropoliteni də əhatə edir. Hazırda Bakı Metropoliteninin konseptual inkişaf proqramına uyğun işlər sürətlə davam etdirilir. Proqrama əsasən, 2030-cu ildə paytaxtın yeraltı yollarının ümumi uzunluğu 119,1 kilometrə, stansiyaların sayı isə 76-ya çatdırılacaq.