ADPU-nun dekanı
Fərmayılov Anar Hümbət oğlu
Ulu Öndər Heydər Əliyevin Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq hakimiyyətindən getməsindən istifadə edən həm erməni millətçiləri, həm onların sovet hökumətindəki havadarları dərhal hərəkətə keçdilər.
Heydər Əliyev 1987-ci ilin noyabrında bütün vəzifələrdən uzaqlaşdırılandan iki həftə sonra erməni millətçiləri baş qaldırdılar. Sovet hökuməti onlara dəstək oldu və həm Qarabağda, həm ovaxtkı Ermənistan Respublikasında xalqımıza qarşı növbəti cinayət başlandı. Azərbaycanlılar tarixi diyarı olan Qərbi Azərbaycandan deportasiya edildi. 1988-ci ildə alovlanan Qarabağ münaqişəsinin ilk acısı da Qərbi Azərbaycanda yaşandı: 300 min nəfərə yaxın soydaşımız dədə-baba torpaqlarından vəhşicəsinə qovuldu. Az sonra 20 faiz suveren ərazilərimizin – Qarabağ və Şərqi Zəngəzurun Ermənistan tərəfindən işğal olunması və bir milyon nəfərə yaxın soydaşımızın məcburi köçkün düşməsi Qərbi Azərbaycan məsələsini bir qədər arxa plana keçirdi.
Bütövlükdə Qərbi Azərbaycanda 300-dən çox şəhər və kənddə azərbaycanlılar yaşamışlar. Onların hamısı 3 il ərzində Ermənistandan zorla çıxarılmış, qovulmuş, bir çoxları öldürülmüşdür. Sonuncu kənd Nüvədi kəndi 1991-ci ilin avqustunda deportasiyaya məruz qalmışdır.
Ölkə başçısı cənab İlham Əliyevin cari ilin dekabrın 24-də Qərbi Azərbaycandan olan ziyalılarla görüşü zamanı qeyd etmişdir: “Gün gələcək və Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri tarixi diyarımız olan Qərbi Azərbaycana qayıdacaqlar. Artıq bu istiqamətdə işlər başlamışdır. Əminəm ki, icma bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
Ölkə rəhbərinin görüş zamanı irəli sürdüyü Qayıdış Konsepsiyası ilə bağlı Qərbi Azərbaycan İcmasında dərhal işə başlanılıb. Dövlət başçısı bu milli məqsədlərimizə yumşaq güc və sülh yolu vasitəsilə çata bilməyimizin vacib olduğunu da bildirdi. Azərbayacan Prezidentinin bəyan etdiyi bu fikirlər xalqımızın Qarabağ zəfərindən sonra qarşımızda duran ümummilli vəzifənin siyasi-konseptual əsaslarıdır.
44 günlük Vətən müharibəsi bizə Azərbaycanın 270 illik tarixində analoqu olmayan bir Zəfər yaşatdı. Bu Zəfər regionda hər kəsin hesablaşmaq məcburiyyətində olduğu bir reallıq ortaya qoydu. Bu reallıq 34 ildən bəri fəaliyyət göstərən Azərbaycan Qaçqınlar Cəmiyyəti üçün də öz fəaliyyət istiqamətlərinə yenidən baxmaq zərurəti doğurdu.
Şübhəsiz ki, hər şeydən öncə, biz bütün dünyaya tarixi vətənimizlə bağlı həqiqətləri çatdırmalıyıq. Orada əcdadlarımızın yaratdığı maddi-mədəni irisi ermənilərin barbarcasına necə dağıtdıqlarını, Qərbi Azərbaycan torpaqlarının düşmənlərin təzyiqi ilə ermənilərə necə verildiyini, beynəlxalq hüquq baxımından bizə aid olan torpaqlarda yaşamaq hüququmuzu bütün dünyaya çatdırmalıyıq. Dövlət başçısının qeyd etdiyi kimi: “Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə çatdırılmalıdır. Qərbi Azərbaycan İcması bu işləri daha məqsədyönlü şəkildə və nəticəyə hesablanmış tərzdə aparacaqdır”.
ADPU-nun İncəsənət və fiziki tərbiyyə fakültəsinin dekanı
Fərmayılov Anar Hümbət oğlu
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.