AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Dünya azərbaycanlılarının həmrəyliyi “Böyük Qayıdışı” sürətləndirəcək

  • + A
  • - A
  • 29-12-2022, 12:25

    Dünya azərbaycanlılarının həmrəyliyi “Böyük Qayıdışı” sürətləndirəcək

    Qəhrəman müzəffər xalqımız, eləcə də dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabr ayının 31-i Dünya Azərbaycanlılarının Həmrəylik Gününü böyük coşqu ilə qeyd edir.
    Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərbər edən həmrəylik gününün qeyd edilməsi bütün dünya azərbaycanlıları üçün inam və ümid anı olmaqla artıq zərurətə, eyni zamanda mənəvi ehtiyaca çevrilib. Həmrəylik Günü Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Azərbaycançılıq ideologiyası ətrafında birləşmək kimi müqəddəs hissləri özündə ehtiva edir.
    Bu gün Azərbaycan xalqı artıq dünyada özünü sübut etmiş bir xalq olaraq tanınır. Xüsusilə də 2020-ci ildə Ali Baş Komandan, Böyük Sərkərdə, Prezident İlham Əliyevin yumruq kimi sıx birləşdirdiyi, formalaşdırdığı xalq İkinci Qarabağ-Vətən Müharibəsi zamanı bir daha bəyan etdi ki, Azərbaycan xalqı torpaqlarının işğal altında olması ilə barışmayacaq və Azərbaycanın suverenliyinin tam bərpa olunması istiqamətində bundan sonra da fəaliyyət göstərəcək, ölkəmizin müstəqilliyinin, ərazi bütövlüyünün hər zaman qorunmasındasəy və bacarıqlarını əsirgəməyərək əlindən gələni edəcəkdir.
    Bu fikirlərin əsası Ulu Öndər Heydər Əliyevin milli həmrəyliyin uğurlu gələcəyini təmin etmiş tarixi qərarı ilə bağlıdır. Belə ki, hələ 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Ali Məclis bununla bağlı qanunvericilik aktının qəbul olunması üçün ölkə parlamentinə - Azərbaycan Respublikasının Ali Sovetinə müraciət edib. Dekabrın 25-də Ali Sovetin Milli Şurası müraciəti nəzərə alaraq, dekabrın 31-nin Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan olunması barədə qanun qəbul edib. Beləliklə, dünya azərbaycanlılarının həmrəyliyi, onların təşkilatlanması prosesini daim diqqət mərkəzində saxlayan Ulu Öndər Heydər Əliyev həmrəylik gününü təsis etməklə xalqın birləşməsinə və ideoloji həmrəyliyinə müvəffəq oldu.
    Sonrakı illərdə dünya azərbaycanlılarının milli birliyi və təşkilatlanması prosesinin institutlaşdırılması, həmrəylik ideologiyasının formalaşması 1995-ci ildə başladı, 2001-ci il noyabrın 9-10-da isəölkəmizin ictimai-siyasi həyatında yeni bir hərəkat, dövlət siyasətinin yeni bir istiqaməti olan Dünya azərbaycanlılarının I Qurultayı keçirildi.Qurultayda Ulu Öndərin böyük iftixarla söylədiyi “Mən həmişə fəxr etmişəm, bu gün də fəxr edirəm ki, mən Azərbaycanlıyam” kəlamı isə hər bir həmvətənlimiz üçün milli qürur rəmzinə çevrilmişdir. Ümummilli Lider çıxışında eyni zamanda bildirmişdi ki, “Əmin olduğumu bildirmək istəyirəm ki, biz bu münaqişənin də ləğv olunmasına, aradan götürülməsinə nail olacağıq, Azərbaycanın ərazi bütövlüyü bərpa olunacaqdır, işğal olunmuş torpaqlar azad ediləcək, yerindən-yurdundan didərgin düşmüş qaçqınlar öz doğma torpaqlarına qayıdacaqlar”.
    Məhz həmin Qurultay bu gün əldə etdiyimiz uğurların əsası oldu. Belə ki, İkinci Qarabağ-Vətən Müharibəsi zamanı bütün dünya azərbaycanlılarının tarixdə görünməmiş dərəcədəgöstərdiyi fəallıq, Azərbaycan xalqının nümayiş etdirdiyi həmrəylik, onların müzəffər Azərbaycan Ordusu sıralarında döyüşən qəhrəman övladlarımıza verdiyi dəstək, güc, enerjiAzərbaycanın Qələbəsi və Şuşada üçrəngli Azərbaycan bayrağının dalğalanması ilə nəticələndi.
    2021-ci ildə Dünya Azərbaycanlılarının növbəti V Qurultayı – Zəfər Qurultayının mədəniyyət incimiz Şuşa şəhərində keçirilməsi Ulu Öndər Heydər Əliyevin uzaqgörənliyinin bariz nümunəsi, onun ideyalarının uğurla həyata keçirilməsinin məntiqi davamıdır.
    Bu gün postmüharibə dövründə dünya azərbaycanlıları qalib xalqın nümayəndələri olaraq yaşadıqları ölkələrin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında daha fəal rol oynayır, respublikamızla qarşılıqlı əlaqələrin genişlənməsinə böyük töhfə verir, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında, zəngin mədəni irsimizin təbliğində,habelə Azərbaycana qarşı təşkilatlanaraq formalaşan qüvvələrin, lobbi dairələrinin pislənməsində, onların ideoloji təxribatlarının qarşısının alınmasında qətiyyət nümayiş etdirirlər.
    Həmvətənlilərimizin Azərbaycana olan təhdidlərin minimuma endirilməsi istiqamətində vəhdət təşkil edərək birgə mübarizəsi məhz Azərbaycan Prezidentinin bütün cəbhələrdə əldə etdiyi Zəfərlərin fonunda formalaşıb.
    Bu gün də bütün Azərbaycan xalqı Prezident İlham Əliyevin növbəti müjdəsinə sevinir, doğma Qarabağımızda bərpa və yenidənqurma işlərinin həyata keçirilməsində fəal iştirak edərək Böyük Qayıdışa doğru inamlı addımlarla irəliləyir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2022-ci il tarixli Sərəncamı və 2023-cü ildə həmin Dövlət Proqramına dair işlərin icrasının daha sürətlə aparılmasınövbəti illərdə də Azərbaycan xalqının vəhdətini təşkil edəcək, Azərbaycan dövlətçiliyinə, xalqımızın dilinə, dininə, milli-mənəvi varlığına və ümumbəşəri dəyərlərə, habelə yeni innovativ çağırışlara hörməti onların daim qorunmasını, yaşamasını təmin edəcəkdir.
    Bu Dövlət Proqramının uğurla həyata keçirilməsi dünyada yaşayan hər bir azərbaycanlının ürəyində olan arzusu, bu işlərə olan fərəhi və inancıdır.
    Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlı ilə əlaqə qurmaq, o cümlədən onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır. Müstəqil dövlətimiz yaşadıqca, Ümummilli Lider Heydər Əliyevin də ümumbəşəri dəyərlərə söykənən işıqlı ideyaları və azərbaycançılıq ideologiyası ölkəmizin davamlı inkişafına bundan sonra da öz töhfələrini verəcəkdir.

    Məzahir Əfəndiyev
    Azərbaycan Respublikası
    Milli Məclisinin deputatı


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR