Ölkə Prezidenti cənab İlham Əliyevin ali rəhbərliyi ilə ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra, Azərbaycan yeni-yeni nailiyyətlərin əldə olunması və gələcək hədəflərimizə çatmaq istiqamətində öz qətiyyətli siyasətini davam etdirir.
İlham Məmmədov
Milli Məclisin DeputatıBirmənalı olaraq qeyd edilməlidir ki, ölkəmizdə bütün sahələr üzrə yüksək inkişaf əldə olunub, əhalinin rifah halı yüksəlib, regionların siması əhəmiyyətli dərəcədə dəyişib və bu dəyişiklik hər bir vətəndaşımızın həyatına müsbət təsir göstərib. Təsadüfi deyil ki, həyata keçirilən müdrik dövlət siyasəti nəticəsində Azərbaycan dünyanın iqtisadi cəhətdən ən dinamik inkişaf edən ölkəsi imicini qazanıb. Bu gün ölkəmizdə iqtisadi, siyasi, mədəni, sosial və digər sahələrdə çox mühüm uğurlar əldə edilmişdir ki, bu da Prezident İlham Əliyevin güclü Lider və uzaqgörən siyasətçi olmasının bariz nümunələrindən biridir. Bildiyimiz kimi bir neçə gün öncə Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam da Azərbaycanda davamlı və sistemli xaraket daşıyan fəaliyyətin tərkib hissəsidir. Sərəncamla minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb. Minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılıb. Xüsusilə qeyd edilməlidir ki, ümumilikdə son 4 ildə sosial sahədə inqilabi islahatların tərkib hissəsi kimi, minimum əməkhaqqı 2,7 dəfə artırılaraq 130 manatdan 345 manata, minimum pensiya 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılıb. Bu il sosial ödənişlərdə yeni artımlar üçün əlavə 750 milyon manat vəsait nəzərdə tutulub ki, həmin artımlar da 1,9 milyon vətəndaşı əhatə edəcək. Məlum olduğu kimi hazırda dünyada baş verən geosiyasi proseslər-müharibələr, təbii fəlakətlər, iqlim dəyişikliyi və digər qlobal problemlərin yaratdığı iqtisadi təlatümlər fonunda Azərbaycan iqtisadiyyatının dinamik və çevik inkişafı, vətəndaşlarımızın sosial rifahının yaxşılaşdırılması üçün atılan mühüm addımlar Azərbaycanın uğurlu inkişaf yolunda olmasını sübut edir.
Biz yaxşı bilir və əyani olaraq şahid oluruq ki, bu gün Prezident İlham Əliyevin həyata keçirdiyi düzgün və praqmatik siyasət məhz Azərbaycan xalqının maraqları, xoşbəxt gələcəyi naminə hesablanmışdır və vətəndaşlarımızın rifah halının yüksəldilməsi, onların firavan yaşaması dövlət siyasətinin prioritet istiqamətini təşkil edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.