AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır

  • + A
  • - A
  • 13-01-2023, 10:43

    Azərbaycan dünyada çox etibarlı və ciddi tərəfdaş kimi tanınır
    Məşhur Məmmədov
    Milli Məclisin deputatı


    Prezident İlham Əliyevin yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsini Azərbaycanın 2022-ci ildə iqtisadi, siyasi, diplomatik sahədə qazandığı uğurlarla yanaşı, qarşıda dayanan hədəflərin təqdimatı kimi dəyərləndirmək olar. Ölkəmizin ötən ili bütün sahələrdə uğurlarla başa vurması, daim irəliyə doğru inamla addımlayaraq yeni hədəfləri müəyyənləşdirməsi, çağırışlar səsləndirməsi düşünülmüş və məqsədyönlü, ən əsası ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin nəticəsidir. Dövlət başçısı İlham Əliyevin sözügedən müsahibəsində də bildirdiyi kimi, İkinci Qarabağ müharibəsindən sonra əsas hədəf şanlı Qələbəmizi siyasi müstəvidə də təsdiqləmək idi. Əgər siyasi sahədə bu Qələbəni təsdiqləməsək, bu Qələbəni dünya ictimaiyyətinə qəbul etdirməsək, müəyyən problemlərlə üzləşə bilərik. Bu gün əminliklə deyə bilərik ki, müharibənin nəticələri dünya tərəfindən qəbul edilib.
    Azərbaycan o ölkələrdəndir ki, öz sözünü açıq deyir, müstəqil siyasət aparır. Bunun təməlində həm hərbi gücümüz, həm də şanlı Qələbəmiz dayanır. Müharibə bitsə də, mübarizə hələ davam edir. Müharibədən sonra Azərbaycan siyasətinə olan müsbət münasibət daha da artdı. Dünyanın siyasi elitası yaxşı başa düşür ki, bu Qələbəni nəyin bahasına əldə etdik, hansı risklərə getdik, hansı qüvvələrlə mübarizə aparırdıq və bu gün də aparırıq.
    Bizim məqsədimiz ölkəni gücləndirmək və hər bir vətəndaşın həyatını daha da yaxşı etməkdir. İqtisadi və sosial sahə həmişə paralel inkişaf etməlidir. O ölkələrdə ki, ancaq iqtisadi sahəyə diqqət verilir və sosial sahə kənarda qalır, orada insanlar iqtisadi islahatlardan çox böyük əziyyət çəkirlər. İnflyasiya bu gün bütün dünyada ciddi bir problemə çevrilib. Hətta inkişaf etmiş Qərb ölkələrində adətən inflyasiya maksimum 1,5 faizdən yüksək olmurdu, bu gün inflyasiya 10 faizi üstələyir. Azərbaycandakı inflyasiya idxal edilmiş inflyasiyadır. Çünki biz dünya iqtisadiyyatının bir parçası olduğumuz üçün bir çox malları idxal edirik və bu istiqamətdə də çalışırıq ki, idxalı əvəzləyən yerli istehsal daha geniş vüsət alsın.
    İqtisadi vəziyyəti təhlil edən ölkə başçısə qeyd etdi ki, Rusiya-Ukrayna müharibəsi nəqliyyat sahəsində layihələrin əhəmiyyətini daha da artırmışdır. Bu sahəyə uzun illərdir böyük vəsait qoyulur. Azərbaycan ərazisində həm Orta Dəhlizlə bağlı, həm Şimal-Cənub nəqliyyat dəhlizi ilə bağlı bütün əsas işlər yekunlaşıb.
    Orta Asiyadan gedən yüklər üçün də yeni yollar olmalıdır. Xəzər üzərindən keçən yol vaxt baxımından çox cəlbedicidir.
    Əminliklə demək olar ki, Azərbaycan “Zəngəzur dəhlizi” terminini geosiyasi leksikona daxil edib. Zəngəzur dəhlizinin iqtisadi səmərəsi heç kimdə şübhə doğurmamalıdır. Bizim üçün bu layihə təkcə iqtisadi və nəqliyyat layihəsi deyil, bu, bizim üçün strateji bir layihədir. Bu layihənin reallaşması bizim təbii hüququmuzdur. Ondan əlavə, bu layihənin reallaşması, 10 noyabr 2020-ci il üçtərəfli Bəyanatında da öz əksini tapıb. Orada açıq-aydın göstərilir ki, Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat bağlantısı olmalıdır və Ermənistan bunu təmin etməlidir. Zəngəzur dəhlizinin reallaşması tarixi zərurətdir.
    Görülən və bundan sonra görüləcək işlər bizim mövqeyimizi daha da gücləndirəcək. Adətən açıq dənizə çıxışı olmayan ölkələr tranzit imkanlardan istifadə edə bilmirlər. Azərbaycan nadir ölkələrdəndir ki, açıq dənizə çıxışı yoxdur, ancaq artıq beynəlxalq logistika və nəqliyyat mərkəzinə çevrilir. Azərbaycanın inkişaf proqramları bütün sahələrdə bir qayda olaraq icra edilir. Biz heç vaxt reallaşması mümkün olmayan təşəbbüslərlə çıxış etmirik.
    Azərbaycanın enerji resurslarına maraq əhəmiyyətli dərəcədə artıb. Azərbaycan çox ölkələr, o cümlədən Avropa İttifaqının üzvü olan ölkələr üçün etibarlı tərəfdaşdır. Cənub Qaz Dəhlizi istifadəyə veriləndən sonra biz, o cümlədən Avropa İttifaqı ölkələrinə də qaz ixrac etməyə başladıq.
    Yunanıstan-Bolqarıstan interkonnektorunun istifadəyə verilməsindən sonra yeni perspektiv istiqamətlər açılır. Azərbaycan qazı Bolqarıstan bazarına, bu ildən etibarən həm də Rumıniya bazarına daxil olur. Serbiya ilə qaz tədarükünə dair danışıqlar aparılır, bu şəbəkənin yaradılması bizim qaz ehtiyatlarımızı həmin bazara yönəltməyimizə imkan verəcək. İonika-Adriatik dənizi layihəsi reallaşdırılsa, bu layihə hazırda Azərbaycan qazını almayan daha üç Balkan ölkəsini əhatə edəcək. Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Azərbaycana 10-dan çox ölkədən müraciətlər daxil olmuşdur. O ölkələrdən ki, indi bizim qazımızı alırlar və istəyirlər əlavə qaz təchizatı təmin edilsin və o ölkələrdən ki, heç vaxt bizdən qaz almırdılar, amma onlar da bu proqrama qoşulmaq istəyirlər. Artıq Avropa İttifaqı ilə enerji dialoqunun başlanmasına start verilib. Bu enerji dialoqu çərçivəsində təkcə təbii qaz yox, eyni zamanda, yaşıl enerji və yaşıl hidrogen də nəzərdə tutulub.
    Prezident İlham Əliyev yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsi zamanı Qarabağ müharibəsinin sonu ilə bağlı da anons verərək qeyd etdi ki, 2023-cü il İkinci Qarabağ müharibəsinin real sonu olacaq. İndi bəzi Qərb mətbuatında bizə qarşı yeni dalğa, çirkin böhtan kampaniyası artıq geniş vüsət alır. Onun ilk təzahürlərini biz görürük, amma ehtimal edilir ki, növbəti çirkin addımlar da atılacaq.
    Biz artıq elə bir qüvvə yaratmışıq və yaradacağıq ki, bununla hesablaşmamaq özünəqəsd kimi sayılmalıdır.
    Biz Ermənistanla məsələni həll etmişik. Əminəm ki, üçüncü müharibə olmayacaq. Amma təhdidlər aradan qalxmayıb, müharibədən sonra yeni təhdidlərlə üzləşmişik. Bu təhdidlərə sinə gərmək asan məsələ deyil - həm iradə olmalıdır, həm də ki, özündə əminlik olmalıdır
    Azərbaycanda həm təbii resurslar, həm güclü ordu, həm güclü iqtisadiyyat, vahid xalq, vətəndaş həmrəyliyi, hərbi sənaye kompleksi mövcuddur, bu amillərin qarşısında durmaq çox çətindir, Ermənistan və havadarları bunu unutmasın.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR