Məşhur Məmmədov
Milli Məclisin deputatıPrezident İlham Əliyevin 2023-cü il 19 yanvar tarixində Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən “Avrasiya Orta Dəhlizi: Yoldan magistrala” mövzusunda panel iclasında çıxışı bir daha göstərdi ki, bugünkü reallıqlar fonunda tranzit ölkəsi olmaq vacibdir. Bunun əhəmiyyəti yeni iş yerləri və yerli istehsalatla bağlıdır. Bu səbəbdən biz iqtisadiyyatımızın şaxələndirilməsi üzərində ciddi işləyirik.
Nəqliyyat sahəsi ixracımızı şaxələndirməyə imkan verəcək. Orta Dəhliz üzərində və Şimal-Cənub marşrutu boyu yerləşmə Azərbaycanda əlavə biznes imkanları yaradır. Tezliklə Bakıda dəniz limanının yaxınlığında yerləşən azad zonanın açılışı olacaq.
Azərbaycanda bütün zəruri infrastruktur obyektləri daha çox yük qəbul etməyə hazırdır. Yükaşırma qabiliyyəti 15 milyon ton olan dəniz limanımız 25 milyon tona qədər genişlənəcək və artıq bunun üçün vəsait ayrılıb. Mərkəzi Asiyadan böyük həcmdə yükün istiqamətinin dəyişilməsi müşahidə olunur.
Orta Dəhlizin üstünlüklərindən biri ondan ibarətdir ki, bu nəhəng layihədə iştirak edən ölkələr öz aralarında yaxşı münasibətlərə malikdir. İstənilən çoxmillətli təşəbbüsdə uğurun qazanılması üçün bu, ilkin şərtlərdən biridir. Azərbaycan özünün Qərbində olan qonşuları Gürcüstan və Türkiyə, Şərqində isə Mərkəzi Asiya ilə gözəl münasibətlərə malikdir. Qərb və Şərq arasında təbii coğrafi bağlantıya malik olduğumuz üçün biz ötən illər ərzində nəqliyyat infrastrukturuna böyük sərmayə yatırmışıq.
Bu ildən etibarən artıq neçə illərdir neftin tranzitini təkcə Türkmənistandan yox, Qazaxıstandan da etməyə başlamışıq. Bu dəhlizdən, həmçinin karbohidrogenlər üçün də istifadə etmək potensialı mövcuddur.
Qlobal miqyasda ən mehriban mühitlərdən biri Azərbaycanla Gürcüstan arasında, Azərbaycanla Türkiyə arasında, Gürcüstan və Türkiyə arasında münasibətlər və üçtərəfli əlaqələrdir. Artıq bir neçə üçtərəfli əməkdaşlıq formatı var. Xarici işlər, müdafiə, iqtisadiyyat nazirləri səviyyəsində, həmçinin liderlər sammiti olub.
Cənab Prezidentin qeyd etdiyi kimi, istehsalçı, tranzit ölkəsi və istehlakçı arasında balans olmalıdır. Biz qarşılıqlı uduşlu vəziyyət yaratmağa müvəffəq olduq və maraqların balansı qorunub saxlanıldı.
İqtisadi qüdrəti artıran amil Azərbaycanın Xəzər dənizində 53 gəmi ilə ən böyük ticarət donanmasına malik olmasıdır.
Davos Dünya İqtisadi Forumu çərçivəsində cənab İlham Əliyev Ermənistanla bağlı bəzi fikirlərə də aydınlıq gətirərək qeyd edib ki, Ermənistan bizim çox sadə və beynəlxalq hüququn fundamental prinsiplərinə əsaslanacaq sülh sazişi imzalamaqla bağlı təklifimizə cavab verməyib. Ermənistanın Forumda olmamasının səbəbi odur ki, bizim üçtərəfli əməkdaşlıq formatına başlamaqla bağlı Gürcüstanla birgə etdiyimiz təklif Ermənistan tərəfindən rədd edilib.
Xatırladım ki, Azərbaycanın təklifi liderlərin Gürcüstanda görüşməsindən ibarət idi. Çünki Gürcüstan hər zaman tarixən bütün qonşuların görüşdüyü yer olub, lakin Ermənistan buna hazır deyil. Bu, potensial risklərdən biridir, çünki əgər 3 Qafqaz ölkəsi enerji, nəqliyyat, təhlükəsizlik, sabitlik, sərhədlərin delimitasiyası sahəsində səylərini birləşdirsə, region daha təhlükəsiz olar.