AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Prof. İbrahim Cəfərov – “Prezident İlham Əliyevin uğurlu gənclər siyasəti, uğurlu gələcəyimizin təminatıdır”

  • + A
  • - A
  • 2-02-2023, 07:39

    Prof. İbrahim Cəfərov – “Prezident İlham Əliyevin uğurlu gənclər siyasəti, uğurlu gələcəyimizin təminatıdır”

    Bitki mühafizə və Texniki bitkilər Elmi-Tədqiqat İnstitutunun rəhbəri professor, AMEA-nın müxbir üzvü İbrahim Həsən oğlu Cəfərov

    Azərbaycan Gəncləri Gününün 26 illiyidir!


    2 Fevral Azərbaycan Gəncləri Günü - bu əlamətdar tarixi gün, gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ulu Öndər Heydər Əliyev tərəfindən miras qalıb və onun adı ilə bağlıdır.

    Məhz, əsası Ümummilli lider tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndər Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Elə o tarixdən etibarən, 2 Fevral MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanılıb. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü olaraq elan edilib.

    Azərbaycan Gəncliyi Ulu Öndərin xalqımız qarşısındakı xidmətlərini yüksək qiymətləndirir.Əsası Ümummilli lider tərəfindən qoyulan siyasi kurs bu gün ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafına təkan vermiş, onların özlərini cəmiyyətdə təsdiq etməsində mühüm rol oynamışdır. Əlbəttə, bu siyasət çərçivəsində uğurla icra olunan bir sıra tədbirlərə nəzər saldıqda, biz gənclərimizin dövlətçiliyə bağlı, yüksək dünyagörüşlü bir qüvvə kimi formalaşmasının şahidi oluruq.Prezident 2005-ci il avqustun 30-da "Azərbaycan Gəncliyi Dövlət Proqramının (2005-2009-cu illər) təsdiq edilməsi haqqında" sərəncam imzaladı. Proqram çərçivəsində görülən işlər gənclərin potensialından ölkənin mənafeyi naminə tam və düzgün istifadə olunması, onların faydalı məşğulluğunun təmin edilməsi, dövlət idarəçiliyi sistemində iştirakının gerçəkləşdirilməsi yönündə ciddi irəliləyişə gətirib çıxardı. Prezident İlham Əliyevin bu sahəyə olan diqqəti özünü ayrıca bir ilin (2007-ci il) “Gənclər ili” elan edilməsində də göstərdi. 2007-ci ildə prezident İlham Əliyev "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın təsdiq edilməsi barədə sərəncam imzaladı. Proqram çərçivəsində 5000 gəncin dünyanın nüfuzlu ali məktəblərində təhsil almağa göndərilməsi nəzərdə tutulmuşdur. 2011-ci ilin 6 aprel tarixində prezident İlham Əliyev "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı haqqında sərəncam imzaladı. Proqramın əsas məqsədi ölkəmizdə gənclər siyasətini daha da inkişaf etdirmək, gənc mütəxəssislərin işlə təminatı və digər sosial-iqtisadi problemlərinin həllini təmin etməkdi. Gənclərin hərtərəfli inkişafını, cəmiyyətin həyatında fəal iştirakını bir qədər də stimullaşdırmaq məqsədi ilə Prezident İlham Əliyev 19 dekabr 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması barədə sərəncam verdi. Fondun qarşısında gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönəlmiş ictimai və sosial əhəmiyyətli, o cümlədən beynəlxalq səviyyədə həyata keçirilən layihə və proqramları qrant şəklində maliyyələşdirmək məqsədi qoyuldu. Prezident İlham Əliyevin gənclərə dəstək yönündə verdiyi mühüm və əlamətdar qərarlardan biri də ölkədə ilk dəfə "Gənclər üçün Prezident Mükafatı"nın təsis edilməsi oldu.

    Azərbaycanda əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan dövlət gənclər siyasəti mövcuddur və indi həmin siyasət ölkə başçısı tərəfindən daha qətiyyətlə həyata keçirilir. Bu gün ölkənin hər yerində Azərbaycan gəncləri öz bayramlarını uğurlarla qeyd edirlər. Ulu öndərin gəncliyə və gənclərə etimadı indi öz təsdiqini tapmaqdadır.

    Bu gün Azərbaycanda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev Ulu öndərin gənclər siyasətinə sadiqliyini öz qərarları ilə təsdiq edir. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı, onların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması, inkişafı üçün yaradılan şərait və imkan məhz ölkə rəhbərinin böyük diqqətinin nəticəsidir.

    İndi ölkəmizdə dövlət qeydiyyatından keçən 170-dən çox Gənclər təşkilatı fəaliyyət göstərir. Eyni zamanda, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin gördüyü işlər də diqqəti xüsusilə cəlb edir.

    Azərbaycan gənclərinin xarici ölkələrdə təşkilatlanması da uğurla gedir. Beləliklə, Azərbaycanda gəncliyə dövlət qayğısı sabaha və uğurlara hesablanan bir siyasətdir, bu siyasət sağlam və intellektual nəslin formalaşmasına xidmət edir. Bütün bunlar isə Azərbaycan gəncliyinin sabahına daha böyük inamla baxmağa əsas verir. Bu gün 2 Fevral Gənclər Gününü qeyd edən Azərbaycan gəncliyinin Qarabağımızın geri qaytarılması uğrunda apardığı əvəzsiz mübarizə, keçdiyi qəhrəmanlıq yolu, qazandığı Şanlı Zəfər tarixi ədaləti bərpa etməkdə rolunundanılmaz olduğunun göstəricisidir.

    Qeyd edim ki, 50 gündən çoxdur ki, Xankəndi-Laçın yolunda Azərbaycan gəncləri, fəal könüllülər tərəfindən “Ekoloji cinayətə son!” kimi şüarların səsləndirilməsi ilə müşayiət olunan dinc ekoaksiyanı davam etdirirlər.
    Sözsüz ki, bu gün qətiyyətlə deyə bilərik ki, ölkə gəncləri Prezident Cənab İlham Əliyevin uğurla apardığı daxili və xarici siyasət kursunu alqışlayır, bu siyasətin icrasında daim onun yanındadır.
    Əziz gənclər bayramınız mübarək!Bu münasibətlə bütün Azərbaycan gənclərini ürəkdən təbrik edirəm!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR