Şimali Koreya lideri Kim Yonqun bacısı Kim Yo-Conq, Şimali Koreyanın ballistik raket sınaqlarına qarşı birgə hava təlimləri təşkil edən ABŞ və Cənubi Koreyanı təlimləri dayandırmasalar, daha çoxunun gələcəyi ilə hədələyib.
Azadmedia.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi olan Koreya Mərkəzi Xəbər Agentliyinə əsaslanan CNN-in xəbərinə görə, Kim Yo-Conq deyib ki, Sakit Okeandan atəş poliqonumuz kimi istifadə tezliyi ABŞ ordusunun fəaliyyəti ilə müəyyən ediləcək.
Şimali Koreyanın daha çox ballistik raket atmağa hazır olduğunu deyən Kim, ABŞ ordusunun Koreya yarımadasındakı təlimlərini təhdid kimi qəbul edəcəyi təqdirdə ölkəsinin də buna bənzər tədbirlər görəcəyini bildirib.
"Bölgədə gərginliyi artıran ekstremistlər bunun bədəlini ödəyəcəklər", - Kim deyib.
Şimali Koreyanın qisas almaq üçün kifayət qədər texnologiya və imkana malik olduğunu vurğulayan Kim, geriyə qalan tək şeyin hərbi gücünü artırmağa fokuslanmaq olduğunu bildirib.
Yaponiya və Cənubi Koreya Şimali Koreyanın fevralın 18-də Yapon dənizi üzərində ballistik raket sınağı keçirdiyini açıqlamışdı..
66 dəqiqə havada qalan ballistik raketin 900 kilometr yol qət etdiyi və 5 min 700 kilometr yüksəkliyə çata bildiyi qeyd edilmişdi.
Birləşmiş Ştatlar Şimali Koreyanın qitələrarası ballistik raket sınağını “qətiyyətlə” pislədiyini bildirmişdi.
Cənubi Koreya dünən Şimali Koreyanın uzaqmənzilli ballistik raket sınağına cavab olaraq ABŞ-la birlikdə hava təlimləri keçirdiyini açıqlamışdı.
Cənubi Koreya Baş Qərargahı təlimdə "B-1B" bombardmançılarının, həmçinin F-16, F-35A və F-15K döyüş təyyarələrinin iştirak etdiyini açıqlamışdı.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.