Azadmedia.az xəbər verir ki, bu gün Milli Məclisin Plenar iclasında Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsini (birinci oxunuş) təqdim edib.
Diqqətə çatdırılıb ki, Miqrasiya Məcəlləsində əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün Azərbaycanda uzun müddətli yaşamağın iki növü var – müvəqqəti və daimi yaşamaq. Müvəqqəti yaşamaq icazəsinin müddəti 1 ildir və bu, hər bir ildən bir artırıla bilər. İkinci ildən sonra həmin müvəqqəti yaşamaq hüququ olan şəxslərin daimi yaşamaq üçün hüququ yaranır. Daimi yaşamaq icazəsinin müddəti isə 5 ildir. Daimi yaşamaq icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan şəxslərin tək vətəndaşlıq adından başqa, digər Azərbaycan vətəndaşları kimi sosial, işləmək və pensiya hüquqları mövcuddur.
Bildirilib ki, birinci dəyişiklik müvəqqəti yaşamaq icazəsi ilə bağlıdır. Miqrasiya Məcəlləsinin 45-ci maddəsində edilən dəyişiklik əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verildiyi halları, həmin icazənin müddətinin uzadıldığı halları əhatə edəcək. Bu təklif ölkə daxilində miqrasiya proseslərinin təkmilləşdirilməsinə xidmət edir. Yeni redaksiyada verilmiş 45.1.2-ci maddədə əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri yumşaldılır. Qeyd edilib ki, 45.1.6-1-ci maddəsinə əsasən, Azərbaycanda təsis edilmiş və təsisçisi və ya təsisçilərdən ən azı biri xarici hüquqi və ya fiziki şəxs olan hüquqi şəxsin rəhbəri və onun müavini vəzifəsini tutan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə verilir. Həmin maddənin yeni redaksiyada verilməsi nəticəsində azı 1 il Azərbaycanda müvəqqəti yaşamış əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müvəqqəti yaşamaq üçün icazənin verilməsi şərtləri sərtləşdirilir.
Qeyd olunub ki, Məcəlləyə əlavə edilən yeni 45.3-cü maddəyə əsasən, dövlət qiymətli kağızlarına və ya paylarının (səhmlərinin) 51 və daha artıq faizi dövlətə məxsus olan hüquqi şəxslərin investisiya qiymətli kağızlarına malik olmaqla, Azərbaycan ərazisində müvəqqəti yaşamaq üçün icazə almış şəxslərin siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən 3 iş günü müddətində Milli Depozit Mərkəzinə göndərilir. Həmin siyahıda göstərilmiş şəxslərin mülkiyyətində olan investisiya qiymətli kağızlarının, o cümlədən dövlət qiymətli kağızlarının ümumi nominal dəyəri 100.000 manatdan aşağı düşdükdə və ya həmin qiymətli kağızlar özgəninkiləşdirildikdə, Milli Depozit Mərkəzi bu barədə müvafiq icra hakimiyyəti orqanına 3 iş günü müddətində məlumat təqdim edir. 45-ci maddənin “Qeyd” hissəsində ediləcək dəyişiklikdən sonra ölkəmizdə sahibkarlıq fəaliyyətinin dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi həcmdə olmalıdır, əcnəbi və vətəndaşlığı olmayan şəxs azı 1 il Azərbaycan ərazisində müvəqqəti yaşamalıdır.
Nəzərə çatdırılıb ki, Miqrasiya Məcəlləsinin 52.1-ci maddəsi təkmilləşdirilərək yeni redaksiyada verilir. Belə ki, Azərbaycan ərazisində daimi yaşamaq icazəsinin əcnəbilərə ölkə ərazisində uzun müddət yaşamaq icazəsi almadan haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq, gələcəkdə Azərbaycan Respublikası vətəndaşlığının əldə edilməsi üçün müraciət etmək imkanı və digər geniş imkanlar yaradır. Bundan başqa, qabaqcıl ölkələrin təcrübələrinə əsasən, əcnəbilər yüksək ixtisaslı mütəxəssis və ya ərazisində olduğu ölkənin vətəndaşı ilə birinci dərəcəli yaxın qohum olarsa, həmin ölkə ərazisində daimi yaşamaq icazəsi almaq imkanı verilir. Bu baxımdan qohumluq münasibətlərinə görə daimi yaşamaq icazəsinin alınması üzrə qohumların dairəsinin məhdudlaşdırılması və yalnız müraciət edən şəxsin atası, anası, əri (arvadı), övladı, bacısı və ya qardaşı Azərbaycan vətəndaşı olduqda, daimi yaşamaq icazəsi ala bilməsi təklif olunur.
İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Mahir Abbaszadə məsələ barədə bu komitənin rəyini səsləndirib, dəyişikliklərin təqdirəlayiq olduğunu qeyd edib.
Müzakirələrdə çıxış edən deputatlar Fazil Mustafa, Fəzail Ağamalı, Məlahət İbrahimqızı, Elşən Musayev təklif edilən dəyişikliklərin vacibliyindən danışıblar, bəzi qeydlərini səsləndiriblər.
Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.