Azadlığı məhdudlaşdırılan xanımların məşğulluğa cəlb edilməsi ilə bağlı suala aydınlıq gətirildi.
8 mart - Beynəlxalq Qadınlar Günü ərəfəsində Azərbaycan Respublikasının Vəkillər Kollegiyası və Ədliyyə Nazirliyinin birgə təşkilatçılığı ilə barəsində azadlığın məhdudlaşdırılması ilə bağlı hökm çıxarılan qadın məhkumlara pulsuz hüquqi yardım göstərilməsi ilə bağlı tədbir keçirildi. Məhkum xanımların ən çox verdiyi suallardan biri onların məşğulluq xidmətlərinə cəlbi ilə bağlı idi.
Məhkumluğu olan, hazırda azadlığı məhdudlaşdırılan xanımlar Dövlət Məşğulluq Xidmətinin yaratdığı imkanlardan istifadə edə bilərmi? Azadmedia.az mövzu ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyində Strateji Kommunikasiya departamentinin rəhbəri
Mayis Musayevin fikirlərini öyrəndi.
M.Musayev sorğumuza cavab olaraq bildirdi ki,
qeyd olunan kateqoriyada olan şəxslərin məşğulluq ximdətlərinə cəlb edilməsi ilə bağlı hər hansı məhdudiyyət yoxdur. Digər vətəndaşlar kimi onlar da ilk olaraq Məşğulluq filiallarına və ya DOST Mərkəzlərinə yaxınlaşaraq qeydiyyatdan keçə bilərlər. Qaydaya uyğun olaraq qeydiyyatdan keçdikdən sonra onların məşğulluq imkanları qiymətləndirilir və Fərdi Məşğulluq Proqramı tərtib olunur. Daha sonra həmin şəxslərin məşğulluğunun təmini istiqamətində tədbirlər görülür.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.