Bakı, 10 mart — Azadmedia.az7 mart 2023-cü il tarixdə Ombudsmanın Cənub Regional Mərkəzi Masallı rayon Gənclər və İdman İdarəsi ilə birgə 8 Mart-Beynəlxalq Qadınlar Günü münasibətilə “Ümummilli lider Heydər Əliyev və Azərbaycanda dövlət qadın siyasəti” mövzusunda tədbir keçirib. Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) xanım Səbinə Əliyevanın adından tədbir iştirakçıları olan xanımları salamlayaraq, Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik və xoş arzularını çatdırıb.
Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Z.İsmayılov və Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Sabiq Cahangirov çıxış edərək bildiriblər ki, tarixin bütün sınaqlarından alnıaçıq, üzüağ çıxan Azərbaycan qadını bu gün ölkəmizdə demokratik cəmiyyətin fəal üzvü kimi çıxış edir. Azərbaycan qadını öz zəkası, müdrikliyi, sədaqəti, qəhrəmanlığı, vəfası, yüksək analıq keyfiyyəti ilə hər zaman xalqımızın adını uca tutub. Respublikamızda qadın hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətidir. Bu gün təhsil, səhiyyə, mədəniyyət sahələrində çalışanların əksəriyyətini xanımlar təşkil edir. Artıq cəmiyyətdə elə bir aparıcı sahə yoxdur ki, qadınlar orada təmsil olunmasın. Bu, Ulu öndər Heydər Əliyev siyasətinin tərkib hissəsidir. Z.İsmayılov Ulu Öndər Heydər Əliyev tərəfindən qadınlara verilən böyük dəyərin təcəssümü olaraq onun təşəbbüsü ilə 1998-ci ildə Azərbaycan Qadınlarının I Qurultayının təşkil edildiyini və bu hadisənin ölkəmizin müasir qadın hərəkatı tarixində ən böyük hadisələrdən biri olduğunu, bu qurultayla ölkəmizdə qadın hərəkatının, onların cəmiyyət və dövlətin müxtəlif sferalarında iştirakının əsasının qoyulduğunu qeyd edib. O vurğulayıb ki, Ulu öndər Heydər Əliyev istər sovet dövründə, istərsə də müstəqillik illərində respublikamıza rəhbərliyi dönəmində Azərbaycan qadınlarının problemlərinin həllinə, onların ölkənin ictimai, siyasi, sosial, iqtisadi və mədəni həyatında rolunun artırılması məsələlərinə böyük diqqət ayırmışdır. Ulu öndər Heydər Əliyev kişilər və qadınlar arasında bərabərliyin, xüsusilə onların dövlət idarəçiliyinin müəyyən səviyyələrində təmsil olunmasının təmin edilməsi məqsədilə imzaladığı "Azərbaycan Respublikasında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında" 2000-ci il 6 mart tarixli Fərmanının və Milli Fəaliyyət Planının icrası nəticəsində gender bərabərliyi və qadınların imkanlarının genişləndirilməsi sahəsində dövlət strategiyasının yaradılmasının əsası qoyuldu. Keçirilən tədbirdə o da qeyd olunub ki, bu gün qadınlarımız cəmiyyətin bütün sahələrində yüksək fəallıqları ilə seçilir, seçdikləri sahədə də böyük uğurlar qazanırlar. Azərbaycanın Birinci-vitse prezidenti Mehriban xanım Əliyevanın timsalında Azərbaycan qadınının dünyadakı nüfuzu ölkədə gender siyasəti sahəsində aparılan məqsədyönlü fəaliyyətin nəticəsidir. Azərbaycan dövləti və cəmiyyəti belə qadınlarla həmişə fəxr edir.
Ülkər Piriyeva