İqtisadiyyat naziri Mikayıl Cabbarovun Qətərə səfəri çərçivəsində keçirilmiş görüşlərdə bu ölkə ilə iqtisadi əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişləndirilməsinə dair müzakirələr aparılıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərlik etdiyi nümayəndə heyəti Qətərə səfər edib. Səfər çərçivəsində bir sıra görüşlər keçirilib, Qətərlə əməkdaşlığın inkişafına dair müzakirələr aparılıb.
Azərbaycanın iqtisadiyyat naziri Qətər Dövlətinin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Taninin qəbulunda ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin gücləndiyi, tərəfdaşlığın inkişafında yüksək səviyyəli səfərlərin, keçirilən görüşlərin əhəmiyyəti vurğulanıb. Azərbaycanın iqtisadi prioritetləri və potensialı, investorlar üçün yaradılan fürsətlər haqqında məlumat verilib, birgə fəaliyyətin inkişaf perspektivləri qeyd olunub.
Qətərin Baş naziri və xarici işlər naziri Şeyx Məhəmməd bin Əbdülrəhman bin Casim Al Tani ölkəsinin Azərbaycanla münasibətlərinin səmimi dostluq və tərəfdaşlıq prinsiplərinə əsaslandığını bildirib, iqtisadi sahədə işbirliyinin genişləndirilməsinə dair fikirlərini bölüşüb. Tərəflər ölkələrimiz arasında iqtisadi-ticarət tərəfdaşlığının möhkəmləndirilməsi istiqamətlərini dəyərləndiriblər.
Qətərin ticarət və sənaye naziri Şeyx Faisal bin Tani bin Faisal Al Tani ilə görüşdə diqqətə çatdırılıb ki, Qətərlə ticarət əlaqələrinin genişləndirilməsi ikitərəfli münasibətlərdə prioritet məqsədlərdəndir. Qarşılıqlı investisiyaların həcminin artırılması hər iki ölkənin iqtisadi inkişafına töhfə verəcək. Görüşdə ölkəmizin əlverişli işgüzar mühiti, tranzit imkanları haqqında məlumat verilib, yaşıl texnologiyalar, kənd təsərrüfatı, infrastruktur və sənayenin modernləşdirilməsi kimi prioritet istiqamətlərə investisiyaların artırılması imkanları nəzərdən keçirilib.
Qətər Investisiya Qurumunun baş icraçı direktoru Məhəmməd Saif Al-Suveydi ilə görüş zamanı Qətərlə birgə investisiya fəaliyyətinin gücləndirilməsi üçün böyük imkanlar olduğu qeyd edilib. Qarşılıqlı sərmayə qoyuluşu, potensial birgə layihələr, hər iki ölkənin biznes subyektləri arasında tərəfdaşlıq münasibətlərinin dərinləşdirilməsi kimi məsələlər müzakirə olunub.
Qətərin “Power International Holding”in Direktorlar Şurasının sədri Mutaz Al-Xayyat ilə görüşdə iqtisadi sferada qarşılıqlı faydalı təşəbbüslərin icrasının xüsusi əhəmiyyəti qeyd edilib. Şirkətlə enerji sektoru üzrə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin icrası imkanları dəyərləndirilib.
Səfər çərçivəsində SOCAR-la Qətərin UCC holdinqi arasında enerji sektoru üzrə tərəfdaşlığı nəzərdə tutan sənədlər imzalanıb. Anlaşma memorandumlarını SOCAR-ın prezidenti Rövşən Nəcəf və UCC holdinqinin prezidenti Ramez Al-Xayyat imzalayıblar. SOCAR və Qətərin UCC holdinqi arasında imzalanan Anlaşma Memorandumu üçüncü ölkələrdə neft-qaz, neft-kimya, infrastruktur və enerji layihələrində əməkdaşlıq üçün yeni imkanlar açır. Şirkətlərin imzaladığı digər Anlaşma Memorandumu isə Suriyada enerji sektorunda tərəfdaşlığı nəzərdə tutur və ölkənin enerji infrastrukturunun bərpası, regionun davamlı inkişafı baxımından əhəmiyyət kəsb edir.