“Xəzərin suyu bu sürətlə azalarsa, Azərbaycanı Orta Asiya ölkələri ilə birləşdirən quru yol yarana bilər.”
Azadmedia.az xəbər verir ki, bu fikirləri Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sosial media hesabı üzərindən qeyd edib.
Xəzərin suyunun sürətlə azalması müşahidə olunur. Su azalarsa hansı reallıqlar ortaya çıxa bilər?Bəzi tarixi qaynaqlara görə bizim eranın II-VII əsrlərində Abşeron yarımadası ilə Türkmən ellərini birləşdirən, Xəzərin ortasından keçən yol mövcud olub, suyun səviyyəsininin artması ilə su altında qalıb, Səbayıl qalası kimi.
Məsələn, A.Bakıxanov özünün “Gülüstani-İrəm” əsərində yazırdı ki: “Yerli sakinlər arasında belə bir əfsanə qorunub saxlanılmışdır ki, qədim zamanlarda Bakıdan Türkmənistan sahillərinə qədər yol olub və oradan Türkmən atlıları bura göndərilirdi… "
Maraqlıdır ki, dənizdə olan zəngin neft-qaz yataqlarının da əksəriyyəti məhz bu qurşaq üzərində yerləşmişdir…
Əgər belə bir hal baş verərsə (təbii ki, bu ekoloji fəlakətdir), onda Qərb-Şərq arasında mühüm nəqliyyat dəhlizi olan Orta Koridorun fəaliyyətində “su yolu” amili ortadan qalxar, Azərbaycanı Orta Asiya ölkələri ilə birləşdirən quru yol yarana bilər..
Ülkər Piriyeva