Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan prezidenti Vaaqn Xaçaturyanın Bakıya qarşı əsassız iddialarına münasibət bildirib.
Azadmedia.az xəbər verir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə martın 23-də İtaliyanın “La Repubblica” qəzetinə müsahibəsində Vaaqn Xaçaturyanın səsləndirdiyi fikirləri şərh edərkən deyib: “Biz Ermənistan rəhbərliyinin təcavüzkar ritorikasını qətiyyətlə pisləyirik. Azərbaycan və Ermənistan arasında sülh gündəmini irəli sürmək üçün artan beynəlxalq səylərə məhəl qoymayan bu cür bəyanatlar regionda vəziyyətin qəsdən gərginləşməsinə xidmət edir.
Həm işğal dövrünün, həm də 2020-ci il müharibəsindən sonrakı dövrün təcrübəsi göstərdi ki, Ermənistan tərəfi hərbi təxribatlar törətməzdən əvvəl məsuliyyəti Azərbaycan tərəfinin üzərinə atmaq üçün adətən belə kütləvi dezinformasiya kampaniyası aparır.
30 ildir azərbaycanlılara qarşı etnik təmizləmə və kütləvi qırğınlar həyata keçirən, 30 il ərazilərimizi işğal altında saxlayan, şəhər və kəndləri viran qoyan Ermənistan rəhbərliyinin Azərbaycanı etnik təmizləmə və döyüşçü ritorikasında ittiham etməsi saxtakarlıq nümunəsidir.
Regionda sülhün bərqərar olması üçün Ermənistan rəhbərliyi təcavüzkar ritorikadan əl çəkməli, Azərbaycanın ərazi bütövlüyünə qəsd, daxili işlərinə qarışma kimi aqressiv fəaliyyətlərə son qoymalıdır”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.