Bakı, 18 aprel — Azadmedia.az"İran hizbullah zindanında" romanının İsveçdə tanıtımı..
İsveçdə fəaliyyət göstərən İsveş-Azərbaycan Təşkilatı (SAF) və Stokholmdakı Xalq Evinin birgə əməkdaşlığı ilə 16 aprel 2023-cü ildə İsveçdə yaşayıb yaradan Azərbaycan yazarı Eluca Atalının İsveç ictimaiyyəti ilə görüş keçirilmişdir. Görüşü çıxış sözü ilə açan SAF-ın rəhbəri Sevda xanım Dadaşova görüşə gələn qonaqları azərbaycan və isceç dillərində salamlayıb yazarın fəaliyyəti haqda qısa məlumat vermişdir.
Bu vaxta qədər müxtəlif dillərdə və müxtəlif ölkələrdə 35 kitabı yayımlanmış müəllif yaradıcılığı - yazdığı ədəbi janrlar, çalışdığı mövzular və onlara yanaşma prinsipini geniş şəkildə şərh etmişdir. Əsərlərinə Asif Atanın Mütləqə İnam fəlsəfəsi əsasında yanaşan xanım yazar fəlsəfi-bədii miniatür janrını filosof Asif Atanın göstərişi ilə yaratmasını incəliyinə qədər şərh etmişdir. Qeyd edek ki, müəllif görüşdə əsasən son günlər Bakıdakı "Qanun" nəşriyyatı tərəfindən yayımlanmış Güney Azərbaycan Milli Azadlıq Hərəkatından, Bütöv Azərbaycan dərdindən bəhs edən "İran hizbullah zindanında" romanının yazılma şəraiti, mövzusu haqda qonaqlara geniş bilgi vermişdir.
"İran hizbullah zindanında" romanını yazmaqla müəllif hizbullah zindanında olmuş yüzdən artıq soydaşımızı dinləyib onlar üzərində psixo-terapiya əməliyyatı apardığını, onların dərdlərini danışmaqla acılarını, çəkdikləri işgəncələri özlərindən uzaqlaşdırdıqlarını qeyd etdi.
Səməd Bəhrənginin "Balaca Qara Balığın nağılı" üzərində kompozisiyası qurulmuş bu roman dörd kitabdan ibarətdir:
Birinci kitab "İnqilabın travması" adlanıb, 10 yaşlı əsərin qəhrəmanı Fatma Kəriminin hələ inqilabın birinci ilində ana dili müəllimi Əlirza Şükrü Əfşarın, şəxsi kitabxanasını ictimai kitabxana edib Urmu şəhər əhalisi üçün açıq elan edən Bəhram Əfşarın edamlarına şahid olub inqilabdan ilk travmasını alır. Və bu travma ardıcıl, həm də amansız formada davam etdikcə zərbələrdən sarslmış qızcığaz meylini zoomağazadan aldığı xırda qara balıqlara salır.
İkinci kitab "Üç vəd, üç tələb" adlanıb imam Ayətullah Xomeyni ilə Ağ Ev arasında olan məktublaşmalardır. Elə bu məktublarla da sübut olunur ki, əslində İslam inqilabını Xomeyni yox, Amerika İran sənayesini və neftini millilikdən çıxarmaq, şahın əlindən alamq üçün etmişdir.
Üçüncü kitab "Qanlı orkestr" Urmudakı 480 nəfərlik qadın zindanında baş verən acınacaqlı, qeyri-insani, hizbullah və molla tayfasının azğınlığından bəhs edən hadisələrlə doludur. Zindandakı qadınlar üçün günün üç hissəyə bölündüyü və hər hissənin xüsusi anlam daşıdığı məlum olur. Yetər ki, kitabın üz kapağında olan bir cümləni xatırlayaq: "Müqəddəsliyə və insanlığa çağırış olan sübh azanının ilk sədası səsləndiyi an sanki zindanın içində saatlı bomba partlayırdı". Sübh azanından sonra xahəri Zeynəb əsgərləri əllərində qara siyahı ilə zindan otağına girib axşam edam olunacaq qız və gəlinlərin adlarını oxuyurdular. Xatırladaq ki, kitabın üz kapağında verilmiş bu bir cümlə 16 yaşından zindana düşüb, eyni zamanda onunla yanaşı yeddi bacı-qardaş zindanda olub, edam hökmü oxunmuş, lakin Beynəlxalq Qırmızı Xaçın müdaxiləsi ilə təsadüfən sağ qalmış bir məhbus qadının xatirələrindəndir.
Dördüncü kitab "Həyatı tabutda axtaranlar" adlanıb, "inqilab, yoxsa intibah" suallarına cavab verilir. Eyni zamanda bu hissədə Xomeyninin varisi Müntəzirinin sələfinə yazdığı "Mutasiyaya uğramış inqilab" adlı geniş məktubu ilə tanış olmaq mümkündür.
Kitabın ilk oxucularından aldığı saysız-hesabsız suallardan bəhs edən müəllif, həmçinin Bakıdakı EM teatrının baş rejissoru, xalq artisti Vidadi Həsənov tərəfindən romanın "Lenin və Xomeyni ruhdaşlığı" hissəsinin uğurlu səhnə həllindən bəhs etmişdir.
(Tamaşa bu ilin 28 fevralında Bakıda nümayiş etdirilib. Qeyd Araz news aiddir).
Müəllifin yaradıcılığı haqda pianoçu Aydın Ziyadxanlı, yazar Şəlalə Əbil, rejissor Rahim Sadıqbəyli çıxış etmişdilər. Görüşdə həmçinin müəllifin yaradıcılığını daimi izləyən azərbaycanlı oxucularla yanaşı, isveç, fin, ərəb, türkdilli oxucularda iştirak edib, romanla bağlı fikir mübadiləsi edən oxucular, bu romanı ana dilində oxumaq arzularını müəllifə bildirmişdilər.
Qeyd edək ki, kitab artıq türk dilinə uyğunlaşdırılmış, fars dilinə tərcüməsi gedir.
Eluca Atalı xanıma gələcək yaradıcılığında uğurlar diləyir və "Iran hizbullah zindanında" kitabını hər kəsin oxuyub yaxın tariximizi və İranı tanımasını arzu edirik.