AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Alterantiv enerji üçün ayrılan pullar hara getdi? – Qohumlara ayrılan milyonlar

  • + A
  • - A
  • 19-07-2018, 11:30

    Alterantiv enerji üçün ayrılan pullar hara getdi? – Qohumlara ayrılan milyonlar














    Mirgəçevirdə yerləşən “Azərbaycan İES”-də baş verən qəzadan sonra ölkə ərazisində 2 gün elektrik enerjisinin verilişində problem yarandı.

    Ölkənin böyük bir hissəsinin işıqla təminatının Mingəçevirə möhtac qalması, yeni suallar ortaya çıxarır. Nə üçün hələ də Azərbaycanda alternativ və bərpa edilən enerjidən istifadə mümkün deyil? Bu sahəni nizama salmaq üçün yaradılmış Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin başı nəyə qarışıb ki, ilin 265 günü günəşli olan ölkəmizdə günəş enerjisindən və digər alternativ enerjilərdən istifadə edə bilirik?

    Alternativ və bərpa oluna bilən enerji dedikdə, günəş, külək, dalğa, geotermal enerji, su və digər bərpa olunan mənbələrdən alınan enerji nəzərdə tutulur. Bu zaman təbiətdə daim baş verən proseslərdən istifadə olunur və bu mənbələr insan istifadəsi nəticəsində tükənməsi mümkün deyil.

    Yəni, nə qədər istifadə etsək də, bitib-tükənməyən, hər zaman əlçatımlı olan təbiət enerjisindən istifadə həm ətraf-mühitin qorunmasına, həm də dövlət büdcəsinə xeyir verir.
    Azərbaycan özünün coğrafi vəziyyətinə, təbii şəraitinə və iqtisadi infrastrukturuna görə 800 MVt-a yaxın illik külək enerji ehtiyatına malikdir. Bu ehtiyat ildə təxmini hesablamalara görə, 2,4 milyard kVt/saat elektrik enerjisi deməkdir. Bu isə, öz növbəsində, ildə 1 milyon tona yaxın şərti yanacağa qənaət, ən əsası isə ildə küllü miqdarda tullantıların, o cümlədən ozondağıdıcı olan karbon dioksidin atmosferə atılmasının qarşısının alınması deməkdir.

    Bunu nəzərə alaraq 2012-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyi yaradılıb. Plana əsasən isə, 2020-ci ilə qədər ölkənin elektrik enerjisinə olan tələbatının 20 faizi məhz alternativ və bərpa olunan mənbələr hesabına təmin edilməliydi. Ancaq Agentlik yaranandan bəri tutarlı bir işlə məşğul olduğu görünməyib. Məlum elektrik kəsilməsindən sonra da alternativlərin köməyə çatmaması bunu sübut edir. Qurumun faəliyyətsizliyini isə Hesablama Palatasının auditi üzə çıxarıb.

    Agentliyin büdəcsi 2016-cı ildə dövlət büdcəsindən ayrılmış və Agentliyin aparatının və onun saxlanılması üçün 7,3 mln. manat, həmçinin cəlb edilmiş 2,5 mln. manat kredit resursunu və dövlət büdcəsinin əsaslı vəsait qoyuluşu hesabına ayrılmış 10,6 mln. manat məbləğində vəsaiti əhatə edib.

    Bu qədər vəsaitin qarşılığında isə agentliyin gücünün yalnız 46 faizi istifadə edilib. Hesablama palatasının auditi zamanı bəlli olub ki, “Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadə olunması üzrə Dövlət Proqramı”nda müəyyən edilmiş tədbirlər vaxtında və tam icra edilməyib, “Azalternativenerji” MMC-nin idarəetmə orqanlarından olan Müşahidə Şurası və Elmi metodiki Mərkəz bu günə kimi yaradılmayıb, Proqramda nəzərdə tutulmuş tədbirlər bəzi hallarda gecikmə ilə yerinə yetirilib, Proqramda qoyulan məqsədlərin bəzilərinə, ümumiyyətlə, nail olunmayıb, “2015-2020-ci illər üçün Azərbaycan Respublikasında alternativ və bərpa olunan enerji mənbələrindən istifadəyə dair Dövlət Strategiyası” layihəsinin müvafiq direktiv orqanlarında təsdiq edilməsi təmin edilməyib. Əlavə olaraq, layihə güclərinin işə salınmasına çəkilən xərclərin təhlili layihə gücü eyni olan bir neçə obyektin smeta dəyərlərinin müxtəlif olduğunu göstərir.

    Hesablama Palatası onu da müəyyən edib ki, əksər hallarda enerji satışı üzrə hesablaşmaların uçotu vaxtında aparılmayıb, quraşdırılmış alternativ enerji mənbələri obyektlərinin istismara verilməsi ilə bağlı işlərin həyata keçirilməsi, sadəcə, təmin edilməyib, bəzi aktivlər əsas vəsait kimi heç uçota da alınmayıb, yaxud, 2015-ci ilin hesabat dövrü üzrə mənfəət vergisinin bəyannaməsində mənfəət vergisi az göstərilib, debitor və kreditor borcların ləğv edilməsi istiqamətində zəruri tədbirlər isə görülməyib.

    Əlavə olaraq, agentlik rəhbəri Akim Bədəlovun öz ailə biznesinə qurumun əli ilə maliyyə köçürdüyü bəllidir. 2014-cü ildə Layihə-smeta sənədlərinin hazırlanması üçün məsləhətçi xidmətlərin alınmasına görə, agentlikdən “Xəzər Konsaltinq Agentliyinə” QSC-yə 1.250.000 vəsait ötürülüb.

    Bu QSC Akim Bədəlovun ailəsinin nəzarətində olduğu iddia edilir və “Xəzər” Gənclərin Elmi-Texniki Yaradıcılıq Mərkəzinə də sədrin yaxın qohumu Asif İsmayılov rəhbərlik edir. Xəzər Konsaltinq Agentliyinin səhmdarı isə onun həyat yoldaşı və oğludur, bəs belə olan halda həmin şirkət Akim Bədəlovun sədri olduğu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyində necə podratçı ola bilər?

    Qanunla bu cür haqsız rəqabət mühitində keçirilmiş tender əsasında podratçılıq qadağandır. Elektrik enerjisinin verilməsi dayandıqdan sonra Alternativ və Bərpa Olunan Enerji üzrə Dövlət Agentliyi ilə əlaqə saxlamağa çalışdıq.

    Əslində bizim məqsədimiz alternativ və bərpa oluna bilən enerji mənbələri barədə məlumat almaq idi. Qurum yazdığımız elektron sorğuya operativ cavab verəcəyini vəd etsə də, artıq 15 gündür bizə cavab vermək istəyən tapılmır.

    Deyəsən, agentliyin özündə bu barədə məlumatlı kimlərsə yoxdur. Agentliyin bu “operativliyindən” sonra, iddialara cavab almaq üçün yenidən sorğu göndərməyin əbəs olacağını düşündük.
    Minval.info


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR