Şimali Kipr Azərbaycanla münasibətlərə xüsusi önəm verir.
Belə ki, bunu Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) Baş naziri, Ulusal Birlik Partiyasının (UBP) Sədri Ünal Üstel arasında III Antalya Diplomatiya Forumu çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqovla görüşündə deyib.
T.Budaqov xalqlarımız arasında ortaq dəyərlərə və tarixi ənənələrə əsaslanan dostluq və qardaşlıq münasibətlərinin nümunəvi xarakter daşıdığını vurğulayıb. O, Azərbaycan ilə ŞKTC arasında sıx təmasların olduğunu, müxtəlif sahələri əhatə edən çoxşaxəli və qarşılıqlı faydalı əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu diqqətə çatdırıb.
T.Budaqov beynəlxalq münasibətlər sisteminin hazırkı reallıqlarının Türk dünyası üçün də yeni çağırışlar yaratdığını söyləyib. Qeyd edib ki, mövcud gerçəkliklər fonunda xalqlarımızın həmrəyliyi və Türk dünyasında səmərəli işbirliyinin həyata keçirilməsi başlıca prioritetlərdəndir.
YAP Sədrinin müavini Azərbaycan və ŞKTC-nin hakim partiyaları arasında işbirliyinin genişləndirilməsinin də xüsusi diqqət mərkəzində olduğunu nəzərə çatdırıb.
Ü.Üstel qeyd edib ki, iki ölkənin xalqlarını ortaq dəyərlər birləşdirir və bizim gücümüz birlikdədir. Baş nazir birgə təşəbbüslər əsasında hazırda Türk dünyasının yüksələn gücə çevrildiyini vurğulayıb. O, TDT-nin IX Zirvə Görüşündə ŞKTC-nin təşkilata müşahidəçi üzv statusunda qəbul olunmasının əhəmiyyətindən bəhs edərək Azərbaycanın qardaş dəstəyinin Kıbrıs Türk xalqı tərəfindən yüksək qiymətləndirildiyini və heç zaman unudulmayacağını bildirib.
“Türkiyə, Azərbaycan və Şimali Kiprin iqtidar partiyalarının ötən il imzaladıqları Anlaşma Memorandumu işbirliyinin əsas istiqamətlərini müəyyənləşdirən “yol xəritəsi” kimi böyük əhəmiyyət daşıyır. Memorandumun yüksək səviyyədə icrası bizə əhəmiyyətli uğurlar qazandıracaq”, - hakim partiyalar arasında əməkdaşlığın yüksələn xətt üzrə inkişafının təqdirəlayiq olduğunu diqqətə çatdıran Ünal Üstel vurğulayıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər, o cümlədən iki ölkə arasında təhsil və turizm sahələrində əməkdaşlıq barədə də müzakirələr aparılıb. Ordu.az
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.