Çinin ali qanunverici orqanı olan Çin Xalq Nümayəndələri Yığıncağının illik sessiyası işə başlayıb. Qanunverici orqanın sessiyası Çində ilin əsas siyasi hadisəsidir.
Azadmedia.az xəbər verir ki, sessiyasının açılış mərasimində Çin Xalq Respublikasının (ÇXR) Sədri Si Cinpin və ölkənin digər rəhbər şəxsləri iştirak edirlər.
Belə ki, Çinin müxtəlif bölgələrindən təxminən 3 min nümayəndənin qatıldığı sessiyada Dövlət Şurasının sədri (Baş nazir) Li Çian hökumətin hesabatını təqdim edib.
Qeyd edək ki, Martın 11-dək davam edəcək 14-cü çağırış Çin Xalq Nümayəndələri Yığıncağının 2-ci sessiyasında ölkə həyatının müxtəlif sahələrinə aid məsələlərlə bağlı müzakirələr aparılacaq, müvafiq qərarlar qəbul olunacaq. Sessiyanın gedişində hökumətin hesabatı müzakirə olunacaq, ötən il üçün milli iqtisadi və sosial inkişaf planının nəticələri, büdcənin icrası nəzərdən keçiriləcək, cari maliyyə ili üçün plan və büdcə təsdiqlənəcək. Bundan əlavə, yığıncağın Daimi Komitəsinin, Ali Xalq Məhkəməsinin, Ali Xalq Prokurorluğunun hesabatları dinləniləcək, ölkə əhəmiyyətli digər məsələlərə baxılacaq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.