AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ermənistan Laçından Azərbaycana hücum edəcək? - Yeni TƏXRİBAT

  • + A
  • - A
  • 8-03-2024, 17:47

    Ermənistan Laçından Azərbaycana hücum edəcək? - Yeni TƏXRİBAT


    Bir müddət əvvəl Ermənistanın hakim “Mülki Müqavilə” Partiyasından olan deputatı, parlamentin müdafiə və təhlükəsizlik komissiyasının üzvü, general-leytenant Qaqik Melkonyan “Azadlıq” radiosuna müsahibəsində Rusiyanın Ermənistana silahlar göndərdiyini bildirib. O, hansı silahların gətirildiyini açıqlamayıb.

    Eyni zamanda İrandan Ermənistana yük avtomobil karvanının hərəkəti qeydə alınıb. Yerli mətbuatda yayılan məlumata görə, İran İslam Respublikasının Culfa qəsəbəsi ərazisindən iki ədəd “HINO” markalı avtomaşının keçdiyi görünüb. Avtomobil karvanı Nurduz sərhəd-keçid məntəqəsindən Ermənistanın Aqarak gömrük-keçid məntəqəsinə, daha sonra Meğridən Leqvaz qəsəbəsi istiqamətində hərəkət edib.

    Nəzərə alsaq ki, daşınma qaranlıqda aparılıb, yükün özü isə gizlədilmək üçün ört-basdır olunub, onun hərbi məqsəd daşıdığı gün kimi aydın olur.

    Ermənistanın Fransadan zirehli texnikalar aldığı, Hindistandan artilleriya silahları sifariş etməsi barədə də xəbərlər yayılıb.

    Eyni zamanda sosial şəbəkələrdə Ermənistanın Laçın istiqamətində Azərbaycana qarşı müharibəyə hazırlaşdığı ilə bağlı məlumatlar paylaşılıb.

    Bəs həqiqətən də, Ermənistan Laçın istiqamətindən Azərbaycana hücum edə bilərmi? Əgər bu baş tutarsa, Azərbaycanın cavabı necə olacaq?

    Məsələ ilə bağlı danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Ermənistanın Laçın istiqamətindən Azərbaycana hücum etmək üçün heç bir əsası yoxdur:

    “Azərbaycana qarşı nəinki müharibə, hətta ən kiçik hərbi əməliyyatları keçirmək istəyən istənilən dövlət 100 ölçüb bir biçməlidir. Əvvəla onu demək lazımdır ki, Ermənistanın Laçın istiqamətindən Azərbaycana hücum etməsinin heç bir əsası yoxdur və ola da bilməz. Buna cürət etməsinlər. Yaddan çıxarmasınlar ki, bu dəfə  belə bir şey olsa, cavab çox ciddi olacaq. Ona görə də belə fikirləşənlərin gərək 10 başı olsun. Dəfələrlə, bildirmişik ki, biz Qarabağ səhifəsini bağlamışıq və sülhün tərəfdarıyıq. Ermənistana da, beynəlxalq ictimaiyyətə də, Ermənistana havadarlıq edənlərə də mövqeyimiz aydındır. Əgər Ermənistandakı bəzi qüvvələr yenidən revanş barədə düşünürlərsə, onda gərək onların 10 başı olsun. Onlar 100 ölçüb bir biçməlidirlər ki, Azərbaycana qarşı hansısa hərbi əməliyyata başlasalar, bunun nəticəsi nə olacaq? Yenə də deyirəm ki, Dəmir Yumruq həmişə qüvvədədir və qüvvədə də qalacaq”.

    Komitə sədri 8 kəndin Azərbaycana qaytarılması məsələsi barədə də danışıb:

    “8 kəndin qaytarılması məsələsi gündəmdədir. Ermənistanın qarşısında 7-si Qazağın, 1-i Naxçıvanəın olmaqla işğal olunan kəndləri qaytarmaq öhdəliyi durur. Ermənistan qonşu ölkələrlə sülh istədiyini deyir. Lakin bu, hələlik ancaq söz kimi qalır. Biz isə konkret əməl gözləyirik. Bizim sülh şərtlərimizə onlar cavab verməlidirlər. Hər halda biz bunu gözləyirik. Görək, necə olacaq? Ermənistanın hələki düşünməyə vaxtı var. Əgər kəndlər qaytarılmasa, yenə deyirəm ki, Dəmir Yumruq həmişə onun üstündə qalacaq. Biz imkan verə bilmərik ki, bizim torpaqlarımız hansısa dövlətlərin işğalı altında qalsın. Bu mümkün olan məsələ deyil. Ancaq hər halda yenə deyirəm, Ermənistanın fikirləşməyə vaxtı var”.

    Hərbi ekspert Şair Ramaldanov bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanmasına mane olan qüvvələr var:

    “Bu qüvvələr artıq özlərini ifşa ediblər. Azərbaycana qarşı qərəzli yanaşmalar, təzyiqlər, Ermənistanın sürətlə silahlandırılması buna sübutdur.Fransa, Yunanıstan və Hindistanın bu istiqamətdə Ermənsitanın müdafiəsində durması gərginliyə səbəb ola bilər. Çünki bütün bunlara arxalanan Ermənistanda revanş çağırışları getdikcə artmaqdadır. Hansısa münaqişənin olması, Ermənistanın müəyyən təxribatlar törətməsi heç bir zaman üçün istisna deyil. Sakitliyin hökm sürdüyü bir vaxtda bu yaxınlarda yenidən təxribat törədildi. Bu da bizim hərbçimizin yaralanması, sonra isə  digər istiqamətlərdə atəşkəsin pozulması ilə nəticələndi. İndi isə Ermənistanda açıq-aşkar guya Azərbaycanın bu ölkəyə hücum edəcəyi ilə bağlı fikirlərin söylənməsi göstəririr ki, bu istiqamətdə hansısa işlər aparılır. Maraqlı qüvvələr açıq-aşkar aktivliyini göstərir. Məqsəd Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin olmamasından istifadə edərək regionda maraqlarını təmin etmək naminə iki ölkə arasında münaqişənin alovlanmasına nail olmaqdır”.

    Hərbi ekspert yeganə hədəfin Azərbaycan olmadığını söyləyib:

    “Yenə də deyirəm, hədəf tək Azərbaycan yox, eyni zamanda regiondur. Təhlükəsizlik şəraiti yaratmaq adı ilə, guya, təhlükəsizliyə zəmanət vermək üçün regiona daxil olmayan qüvvələr bölgəyə təkliflər verəcək. Digər yandan, regiondan Rusiyanı çıxarmaq üçün Ermənistanda çox böyük oyunlar oynanılır.  Belə olduğu halda Ukraynada olan vəziyyətin Ermənistanda da ola biləcəyi haqqında söhbətlər gəzir. Bütün bunlar təbii ki, Azərbaycan üçün təhlükə yaradan məsələlərdir. Ona görə ki, Azərbaycanla həmsərhəd olan Ermənistanda hər hansı proses getsə, regionda, eləcə də Azərbaycanda müəyyən təsirləri ola bilər. Ermənistanda Azərbaycan tərəfindən hücum olacağı ilə bağlı məlumatların yayılması hansısa təxribatların olacağından xəbər verir”.

    Ş.Ramaldanov Azərbaycanın görəcəyi tədbirlərdən də bəhs edib:

    “Təxribat olacağı halda Azərbaycanın hansı addımı atması ilə bağlı hesab edirəm ki, artıq Azərbaycan Prezidenti cənab İlham Əliyev cavab verib. Həm Laçında, həm də andiçmə mərasimində açıq-aşkar söylədi ki, əgər Ermənistandan ölkəmizə hər hansı təhlükə yaranarsa, öz təhlükəsizliyini təmin etmək üçün Azərbaycan cavab tədbirlərini görəcək. Cavab tədbirləri də Ermənistan tərəfindən atılacaq addım və təxribatlardan asılı olacaq. Düşünürəm ki, əvvəlkinə nisbətən gərginlik dərəcəsi artmaqdadır. Hər halda Azərbaycan Ordusu ölkəmizin ərazi bütövlüyünü qorumağa qadirdir və hazırdır. Ermənistanın silahlandırılması məsələsi ciddi hadisədir. Bu, gələcəkdə Azərbaycana hər hansı bir təhlükə yaradarsa, beynəlxalq normalar çərçivəsində Azərbaycanın həmin silahları legitim hərbi hədəf sayaraq məhv etmək hüququ var”.(Modern)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR