AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA

  • + A
  • - A
  • 25-04-2024, 15:33

    Tbilisidə etirazlar: Gürcüstan “Maydan hadisələri”nin astanasındadırmı? - ARAŞDIRMA


    Gürcüstanda baş verən vacib ictimai-siyasi proseslər Azərbaycanda hər zaman yaxından izlənilir. Bunu şərtləndirən amillər sırasında qonşuluq, iki ölkənin birgə iqtisadi layihələri, Gürcüstanda yüz minlərlə soydaşımızın yaşaması, regional təhlükəsizlik kimi məsələlər dayanır. Ötən ilin sonundan etibarən Gürcüstanda fərqli ictimai-siyasi qütblər arasında münasibətlərin gərginləşməsi müşahidə edilir. Buna paralel olaraq Gürcüstanın hakimiyyət rəsmiləri ölkədə müəyyən QHT-lərin əli ilə inqilabi ssenarilərin hazırlanmasına dair ardıcıl bəyanatlar səsləndirirlər.

    Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının ötən il iğtişaşlar səbəbilə ləğv etməli olduğu “Xarici agentlər haqqında” qanun layihəsini bu il “Xarici təsirin şəffaflığı haqqında” adı ilə yenidən parlamentə təqdim etməsi Tbilisidə kütləvi etirazları yenidən alovlandırıb. Vətəndaş cəmiyyəti sektoru, həmçinin müxalif partiyalar, Gürcüstanın ABŞ və Avropa İttifaqı (Aİ) kimi Qərb tərəfdaşları qanun layihəsinin ölkədə söz və mətbuat azadlığını məhdudlaşdıracağını, QHT sektorunda çalışanları “xarici agent” kimi damğalayacağını, həssas qruplar üçün həyata keçirilən müxtəlif layihələrin dayandırılması ilə nəticələnə biləcəyini bildirirlər. ABŞ Dövlət Departamenti ən son bəyanatında qanun layihəsinin Kremldən ilhamlanaraq hazırlandığını bəyan edib. Aİ-nin xarici siyasət rəhbəri Cozep Borrell, Aİ Şurasının Prezidenti Şarl Mişel də bundan narahatlığını ifadə edib.

    Lakin Gürcüstanın hakimiyyət rəsmilərinin bəyanatlarından belə anlaşılır ki, hakim partiya qanun layihəsinin qəbul edilməsində bu dəfə daha qətiyyətlidir. Partiyanın parlament fraksiyasının rəhbəri Mamuka Mdinaradze aprelin 3-də layihənin yenidən parlamentə təqdim ediləcəyini bəyan edərkən ictimaiyyətlə bu dəfə daha düzgün kommunikasiya strategiyası qurulacağını da bəyan etdi. Onun fikirlərindən belə anlaşıldı ki, hakimiyyət ötənilki genişmiqyaslı etirazları qanun layihəsi ilə əlaqədar düzgün məlumatlandırma strategiyasının olmaması, həmçinin “radikal müxalifətin ictimaiyyətdə çaşqınlıq yaradan bəyanatları” ilə əlaqələndirir və bu dəfə ictimai dəstəyin qazanılması üçün daha fərqli strategiya mənimsəyib. Partiya qanuna “ictimai dəstəyin olduğunu göstərmək” məqsədilə aprelin 29-da Tbilisidə parlament binasının qarşısında nəhəng mitinq də planlaşdırıb. Artıq Tbilisinin küçələrinə müxtəlif posterlər də vurulub.

    Gürcüstan Siyasət İnstitutunun (Georgian İnstitute of Politics) direktoru Korneli Kakaçia APA-nın Gürcüstan bürosuna açıqlamasında bildirib ki, hakimiyyət bu addımı ilə qumar oynayır: “Belə ki, hakimiyyət etirazlar səbəbilə qanun layihəsini bu dəfə də geri çağırmağa məcbur olacağı təqdirdə parlament seçkiləri ərəfəsində nüfuzu ağır zədələnəcək. Odur ki, qanunun qəbulu üçün əlindən gələni edəcək. Bu isə qanunu ekzistensial təhdid kimi başa düşən vətəndaş cəmiyyəti sektorunun və müxalifətin ciddi mübarizəsinə səbəb ola, ölkənin sabitliyinə təhdid törədə bilər”.

    Bəs rəsmi Tbilisi öz əsas strateji tərəfdaşlarına və etiraz aksiyalarına baxmayaraq, qanun layihəsinin qəbul edilməsində niyə bu qədər israrlıdır? Xüsusilə də həlledici parlament seçkilərinə altı aydan da az bir müddət qaldığı indiki dövrdə belə bir riskli addımın atılması nə ilə əlaqədardır?

    Bu, Gürcüstan siyasəti ilə maraqlanan hər kəsi bəlkə də ən çox düşündürən suallardır. Məsələ ilə bağlı müxtəlif arqumentlər səsləndirilir.

    Gürcüstanlı politoloq Gela Vasadzenin fikrincə, qanunun qəbul edilməsində bu qədər israr edilməsinin müxtəlif səbəbləri ola bilər və mümkündür ki, bunlardan biri hakim “Gürcü Arzusu” partiyasının təsisçisi və hazırkı fəxri sədri olan milyarder biznesmen Bidzina İvanişvilinin məğlub olmağı sevməməsidir: “İvanişvili məğlub olmağı sevmir. O vaxt həyata keçirə bilmədiklərini indi həyata keçirmək istəyir və bu yolla bir daha öz gücünü göstərməyə çalışır. Əslində, bu çox kədərli məqamdır, çünki faktiki olaraq, söhbət ondan gedir ki, kifayət qədər ciddi etirazlar baş qaldıra bilər. Düşünmürəm ki, bu etirazlar sabitliyin kütləvi şəkildə pozulmasına gətirib çıxaracaq. Bu etirazların son dərəcə xoşagəlməz nəticələri ola bilər. Bu nəticələrin nədən ibarət olacağını deyə bilmərəm, amma bu, cəmiyyətin sabitliyinə xələl gətirəcək”.

    Gela Vasadze də düşünür ki, qanun layihəsini geri çağırmaq bu dəfə hakim partiya üçün daha çətin olacaq: “Əlbəttə, indi “Gürcü Arzusu” üçün bu qanunu geri çağırmaq ötən ilə nisbətən çətin olacaq, çünki ikinci dəfə geri addım atılması artıq partiyaya ciddi zərbədir. Digər tərəfdən, baxaq görək, cəmiyyətin fəal hissəsinin buna reaksiyası necə olacaq? Cəmiyyətin fəal hissəsinin, xüsusən gənclərin reaksiyasının necə olacağı çox vacibdir. Gənclərin reaksiyası isə kiminsə “xarici agent” qismində yazılmasından asılı olmayacaq. Gənclər buna Rusiyanın təqlid olunmasına görə reaksiya verəcək. Biz isə Rusiyaya bənzəmək istəmirik”.

    Politoloq qanun layihəsi qəbul ediləcəyi təqdirdə Qərbin hakimiyyət rəsmilərinə və ya ümumilikdə Gürcüstana qarşı hansısa ciddi sanksiya qəbul etməyəcəyi qənaətindədir. Onun fikrincə Aİ-nin gürcülərin hakimiyyətə qarşı narazılığını artırmaq məqsədilə vizasız rejimi ləğv etməsi də fayda verməyəcək, necə ki, 2006-cı ildə Rusiyanın buna bənzər addım atması nəticəsiz qalmışdı: “Əgər Gürcüstan Aİ ilə vizasız rejimdən məhrum olsa, bu, istər bütünlüklə ölkə, istərsə də hökumət üçün böyük zərbə olacaq. Bundan ciddi halların baş verəcəyini isə düşünmürəm. 2006-cı ildə Putinin belə bir ideyası var idi ki, bütün gürcüləri ölkədən qovsun. Bir milyon nəfərdən danışdıqları halda, cəmi beş min nəfər gürcü tapa bilmişdilər. Düşünürdü ki, əgər gürcüləri qovsa, onlar gəlib Saakaşvilini devirəcəklər. Amma belə olmadı. Bunun nəticəsi ölkə üçün ölümcül olmasa da, çox ağır olacaq, çünki vizasız rejimi əldə etmək çətindir. Bu rejimi itirmək ağırdır, onu qaytarmaq isə daha ağrılıdır”.

    Digər arqumentlərdən biri də budur ki, hakim partiya Rusiyanı yenilməz hesab edir. Bu arqumenti səsləndirənlər arasında Gürcüstan Prezidenti Salome Zurabişvili də var. O, Fransa mətbuatına açıqlamasında hakim partiyanın Rusiyanın məğlubedilməz olduğuna inandığını qeyd edib. Bu arqumentin tərəfdarlarının fikrincə, hakimiyyət Rusiyanın Ukraynada qalib gələcəyinə inanır, buna görə də Moskva əleyhinə davranmır, hətta onun xoşuna gəlməyə çalışır.

    Qanun layihəsinin hətta birbaşa Kremlin göstərişi ilə hazırlandığı qənaətində olan siyasətçilərin və ekspertlərin sayı da az deyil. Təsadüfi deyil ki, parlament binası qarşısında keçirilən aksiyalarda iki əsas şüar səsləndirilir: “Rusiya qanununa yox!” və “Avropaya hə, Rusiyaya yox!”. Bu baxımdan Qırğızıstan parlamentinin bu ilin martında “xarici agentlər” qanununu qəbul etməsi, bundan bir neçə gün sonra Slovakiyanın hakim koalisiyasının eyni mahiyyətli qanunu təklif etməsi və bunu Gürcüstanın izləməsi olduqca maraqlı təsadüflərdir.

    Səsləndirilən digər cəlbedici arqumentlər arasında Bidzina İvanişvilinin Qərbin mümkün sanksiyaları fonunda Gürcüstanı “öz qalası”na çevirməyə çalışması da var. Bu arqumentin tərəfdarları hesab edirlər ki, hakim partiyanın bir neçə gün öncə ofşor hesablardan Gürcüstana köçürülən vəsaitlərin vergidən azad edilməsini nəzərdə tutan qanun layihəsini parlamentdə qəbul etməsi də iş adamının ölkə xaricindəki vəsaitlərinin Gürcüstana gətirilməsini asanlaşdırmaq məqsədi daşıya bilər. İvanişvilinin sanksiyaların tətbiq edilməsindən sığortalanmağa çalışdığını bildirənlərin gətirdiyi digər arqument isə onun yenidən siyasətə qayıtması və bu yolla Gürcüstanın hakimiyyət iyerarxiyasında yarım-rəsmi, lakin kifayət qədər səlahiyyətli (fəxri sədr olsa da, partiyanın siyasi şurasını çağıra, Baş nazir namizədini təklif edə bilər) mövqe tutmasıdır. Bildirilir ki, hakim partiya bu yolla Qərbi öz təsisçisi İvanişviliyə qarşı sanksiya tətbiq etməkdən çəkindirməyə çalışır.

    Digər iddia isə hakimiyyətin bu qanun layihəsi ilə QHT-lərin əli ilə Gürcüstanda növbəti inqilabda maraqlı olanların imkanlarını məhdudlaşdırmağa çalışmasıdır. Xatırlamaq yerinə düşər ki, Gürcüstan Dövlət Təhlükəsizlik Xidməti 2023-cü ilin yayında ölkə daxilindəki və xaricindəki müəyyən qüvvələrin ilin sonuna doğru hakimiyyətin güc yolu ilə ələ keçirilməsi və destabilizasiya planları olduğunu bəyan edib. Bu, Gürcüstan DTX-nın bir neçə gün öncə parlamentə təqdim etdiyi 2023-cü il üzrə illik hesabatında da əks olunub. Bundan başqa, ötən il Gürcüstan DTX ölkəyə Serbiya vətəndaşlarından ibarət bir qrupun gələrək gənclərə vətəndaş itaətsizliyi təlimləri keçməsi ilə bağlı məlumat da yaymışdı.

    Digər bir arqumentisə budur ki, artıq müxalifəti fraqmentasiya etməyi bacarmış hakim partiya qarşıdan gələn parlament seçkilərində qələbəsinə əsas maneə kimi vətəndaş cəmiyyəti sektorunu görür və bu yolla QHT-lərin fəaliyyət imkanlarını məhdudlaşdırmağa çalışır.

    “Xaric təsirin şəffaflığı haqqında” qanun layihəsi artıq parlamentin birinci oxunuşundan keçib, lakin onun qüvvəyə minməsi üçün daha iki oxunuşdan da keçməsinə ehtiyac var. Azlıqda olması səbəbilə qanunun qəbuluna mane olmaq imkanından məhrum olan parlament müxalifəti öz etirazını səsverməni boykot edərək bildirir. Gürcüstan Prezidenti Salome Zurabişvili isə qanun layihəsini boykot edəcəyini açıqlayıb, lakin parlament çoxluğu olan “Gürcü Arzusu” partiyası daha bir səsvermə ilə onun boykotunu ləğv etmək hüququna malikdir, bu isə o deməkdir ki, üçüncü oxunuşdan keçən qanun layihəsi Prezidentin boykotundan ən pis halda bir neçə gün sonra qüvvəyə minəcək.

    Ümumilikdə isə qanun layihəsi ətrafında digər hadisələr cərəyan etməkdədir.

    Prezidentin ötənilki iğtişaşlar zamanı polisə “Molotov kokteyli” atmaqda və polis maşınını yandırmaqda ittiham edilərək 9 il müddətinə həbs edilmiş yeganə etirazçı Lazare Qriqoriadisi ötən gün əfv etməsi onun etirazları dəstəkləməkdə qətiyyətli olacağını, hakimiyyətin isə aksiyalarla bağlı qaydaları sərtləşdirməsi (Gürcüstan DİN parlament binasının qarşısındakı Rustaveli prospektini bağlamağa çağıranların müəyyən ediləcəyini bəyan edib) qarşıda daha genişmiqyaslı etirazların keçirilməsinin gözlənildiyini, gərginliyin artacağını göstərir. (APA)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR