AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Elton Məmmədov: “Azərbaycanın xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevdir”

  • + A
  • - A
  • 10-05-2024, 14:15

    Elton Məmmədov: “Azərbaycanın xilaskarı və qurucusu Ulu Öndər Heydər Əliyevdir”

    Elton Məmmədov - Kiçik bir ölkə Ümummilli lider Heydər Əliyevin uğurlu siyasəti sayəsində dünyada tanınan nüfuzlu bir dövlətə çevrilmişdir
    Ötən əsrin 90-cı illərində dövlət müstəqilliyini bərpa edən Azərbaycan Ermənistanın təcavüzü, xarici təzyiqlər və daxili çəkişmələr üzündən dünyanın siyasi xəritəsindən silinmək və dövlətçiliyini itirmək təhlükəsi ilə qarşı-qarşıya idi. Belə ki, taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Ümummilli lider Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin məngənəsindən qurtarmış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir.

    Bəli, məhz bununla əlaqədar olaraq XX əsr siyasi tariximizdə Ulu Öndər qədər həyatını Azərbaycana həsr edən, Azərbaycançılıq uğrunda, dövlətimizin və xalqımızın müstəqilliyi uğrunda bu qədər fədakarlıqlar göstərən və hətta öz canından belə keçməyə hazır olan ikinci bir şəxsiyyət, ikinci bir dövlət xadimi yoxdur. Dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın əsrlərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilmiş, Azərbaycan müstəqilliyə qovuşmuşdur. Ümummilli Lider Heydər Əliyev sosial-iqtisadi böhran keçirən, iqtisadi cəhətdən geridə qalan ölkəni qısa zaman ərzində keçmiş ittifaqın ən qabaqcıl respublikalarından birinə çevirmişdir.
    “Mənim həyatımın məqsədi Azərbaycandır, Azərbaycan xalqıdır, Azərbaycan Respublikasıdır, Azərbaycan vətəndaşıdır”, – deyən xalqımızın böyük oğlu Azərbaycan dövlətinin əbədi müstəqillik konsepsiyasını yaratmışdır. Sözsüz ki, ona görə də 1969-cu ilin 14 iyulunda görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbər seçilməsi ölkəmizin müstəqillik tarixinin, inkişaf və tərəqqi yolunun başlanğıcı kimi qiymətləndirilir. Bəli, dövlətçilik tariximizdə silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur və iftixar mənbəyimiz olan Ümummilli lider bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

    Uıu Öndərin ideyaları bu gün də Azərbaycanın yoluna işıq saçır, Azərbaycan xalqını Ali Baş Komandanın rəhbərliyi altında xoşbəxt gələcəyə aparır. Fəxrlə qeyd edə bilərik ki, siyasi arenada, dünya dövlətləri sırasında layiqli yerini tutan Azərbaycanın Ulu Öndərimiz tərəfindən müəyyənləşdirilən inkişaf xəttini hazırda ölkə başçısı cənab İlham Əliyev uğurla davam etdirir. Xalqımız əmindir ki, ümummilli liderimizin siyasi kursu əmin əllərdədir. Bu kursu davam etdirən ölkə rəhbəri nəinki regionda, bütövlükdə, dünyada qəbul edilmiş siyasətçi kimi Azərbaycanı, azərbaycançılıq ideologiyadını, onunla birlikdə Heydər Əliyev kursunu da yaşadır, ölkəmizi inamla daha xoşbəxt gələcəyə aparır, həmçinin bütün yüksək səviyyəli arenalarda böyük uğurlara imza atır. 

    Qəhrəman xalqımızın böyük oğlunun mənalı ömür yolunu, müstəqil və müasir Azərbaycanın quruculuğu sahəsindəki fədakar əməyini göz önünə gətiririk. Azərbaycanın ağır günlərində onun xilaskarına çevrilən Ulu Öndər olmasaydı, bu gün müstəqil və qüdrətli Azərbaycan da olmayacaqdı. Azərbaycan müstəqil dövlət kimi mövcudluğuna və müasir dünyanın siyasi arenasında tutduğu mövqeyə görə qurucu və xilaskar lider Heydər Əliyevə borcludur. Ulu Öndər “Mən gələcək nəsillərə çox qüdrətli, güclü, inkişaf etmiş Azərbaycan qoyub getmək istəyirəm”, – deyərək gecəli-gündüzlü zəhməti və müdrik siyasəti ilə güclü, qüdrətli və inkişaf etmiş Azərbaycan yaradaraq xalqımızın bugünkü və gələcək nəsillərinə ərməğan etdi. Ümummilli Liderimizin xalqımıza əmanəti olan müstəqil Azərbaycan bu gün etibarlı əllərdədir.
    Bu gün, Prezident İlham Əliyev tərəfindən davam etdirilən Heydər Əliyev siyasi xətti ölkəmizi əsl inkişafa qovuşdurmuşdur!

    Xalqımız Ulu Öndərin əziz xatirəsini həmişə uca tutur və minnətdarlıqla yad edir!


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR