AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

  • + A
  • - A
  • 21-05-2024, 17:25

    Fransa Yeni Kaledoniyada hərbi gücünü artırır - Makron narahatdır - TƏHLİL

     
    Yeni Kaledoniyada başlayan azadlıq hərəkatını qanla boğmaqda israrlı olan Fransa hər vasitə ilə adanı nəzarətdə saxlamağa çalışır. Prezident Emmanuel Makron 10-a yaxın insanın ölümü, 200-ə yaxın etirazçının həbsindən sonra baş verənlərə özünəməxsus qaydada reaksiya verib. O, Yeni Kaledoniyada “asayişin bərpasında aydın irəliləyiş” olduğunu qeyd edib. Mediada yer alan xəbərlərə görə, prezident etirazları yatırtmaq üçün əlavə ordu birləşmələri göndərmək qərarının qəbuluna nail olub. Bununla da Yelisey sarayı kolonial siyasətinə etiraz edən insanların tələblərini özünəməxsus şəkildə cavablandırb.

    Bu ölkənin BFMTV telekanalının yaydığı məlumata görə, Beşinci respublikanın rəhbəri Yelisey sarayında keçirilən Müdafiə və Milli Təhlükəsizlik Şurasının iclası zamanı bildirib ki, ictimai binaları qorumaq və bununla da daxili təhlükəsizlik qüvvələrini müvəqqəti olaraq hərbi qüvvələrlə əvəz etmək üçün "əlavə resurslardan" istifadə ediləcək. “Əlavə resurslar” nədən ibarət olacaq, göndəriləcək hərbi heyətin sayı nə qədər olacaq və s. məsələlərə aydınlıq gətirilməyib. Rəsmi məlumatda sadəcə bildirilib ki, hərbçilər “ictimai əhəmiyyət” kəsb edən binaların mühafizəsində istifadə olunacaqlar. Paytaxt Numeada şiddətli etirazlar fonunda Fransa hakimiyyəti komendant saatı tətbiq edib. Polis dəfələrlə nümayişçilərə qarşı kobud davranıb və güc tətbiq edib. Eyni zamanda, paytaxtda ictimai tədbirlər qadağan olunub, dövlət, özəl orta məktəb və kolleclərdə mayın 21-dən 24-dək dərslər dayandırılıb.

    Qeyd edək ki, buna qədər Fransa Yeni Kaledoniyada fövqəladə vəziyyət elan edib. Yerli xalq olan kanakların etirazlarına özünəməxsus formada cavab verən Makron hakimiyyəti təsdiq edib ki, bölgəni tərk etmək niyyətində deyil. Yeni Kaledoniyada 10 ildən artıqdır ki adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu nəzərdə tutan konstitusiyaya təklif edilən düzəlişlə başlayan etirazlar mayın 13-də başlayıb. Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Numea Sazişinə zidd olduğunu bildiriblər. Hazırda Yeni Kaledoniyada fransız müstəmləkəçiliyinə qarşı etirazçılarla polis və fransız hərbçilər arasında toqquşmalar davam edir.

    Yerli əhalinin böyük əksəriyyəti Yeni Kaledoniyanın Fransadan müstəqillik qazanmasını istəyir. Fransanın adanı itirməmək sevgisi eləbelə deyil. Məsələ ondadır ki, Yeni Kaledoniya ən zəngin nikel yataqlarına malikdir (dünyanın təsdiq edilmiş ehtiyatlarının təxminən 25%-i). Bundan əlavə, Yeni Kaledoniyada xrom, kobalt, manqan, gümüş, qızıl, qurğuşun və mis filizləri yataqları var. Görünən odur ki, Makron hökuməti Niger və Qabonun ardınca bu ərazini də itirmək istəmir.

    Bəs Fransanın yeni Kaledoniyaya iddiası nə qədər qanunidir? Məsələ ondadır ki, beynəlxalq hüquq baxımından Yeni Kaledoniya Fransa ərazisi deyil. BMT-nin təsnifatına görə, Yeni Kaledoniya özünü idarə etməyən ərazidir, yəni müstəmləkəsizləşdirmə prosesinin hələ də başa çatmadığı yerdir. Yeni Kaledoniya BMT Nizamnaməsinin 73-cü maddəsinə əsasən, Fransa tərəfindən idarə olunan bir ölkədir. Onun öz müqəddəratını təyin etmək hüququ var. Sadəcə, yerli kanak xalqı millətlər ailəsinə qoşulmaq istəyir. Fransa müstəmləkəçilik dövrünün bitdiyini konkret addımlarla nümayiş etdirə bilməsə, dünya ictimaiyyəti Əlcəzairdə yürüdülən siyasəti ona xatırlatmalıdır. Paris Yeni Kaledoniyanın müzakirə ediləcəyini müşahidə edilə bilər.

    Yerli gəlmişkən, Makron nəzarətində olan media vasitəsilə Yeni Kaledoniyada baş verən hadisələrdə “xarici iz” axtarışını dayandırmır. Nəzarətində olan media vasitəsilə Azərbaycana qarşı hücumlarını səngitmir.
    Məlumat üçün bildirək ki, Fransanın daxili işlər naziri Jerar Darmanan bir neçə gün əvvəl “France 2” telekanalına müsahibəsində Azərbaycanı Yeni Kaledoniyada etirazlara müdaxilə etməkdə və ölkəsinin daxili işlərinə qarışmaqda ittiham edib. Darmananın iddialarını tirajlayan Makron mediası Yeni Kaledoniyada törədilən qanlı hadisələri separatizmə son qoyulması kimi dəyərləndirib. Məsələn, nazirin Azərbaycanı ittiham etməsi ilə bağlı fikirlərini dərc edən “l'Opinion” nəşri iddia edib ki, Yeni Kaledoniyada baş verən hadisələri Azərbaycan qızışdırıb. “Azərbaycan isə hadisələrdə əli olmadığını bildirib, Parisi böhrana son qoymağa çağırıb”, - deyə nəşr yazıb.

    Digər bir nəşr “Entreprendre” isə qatı ermənipərəst mövqe oraya qoyub. İddia edib ki, Türkiyə və Azərbaycan Ermənistanı və erməniləri silməyə çalışır. Paris isə guya buna qarşı çıxır. Bu səbəbdən də Ermənistanı müdafiə silahları ilə təchiz edir. Erməni lobbisindən yemlənən digər nəşr - “Le Point” isə Yeni Kaledoniyada azadlıq hərəkatı ilə bağlı ermənipərəst “Respublikaçılar” partiyasının sədri K.Bertanın fikirlərini yerləşdirib. O da Yeni Kaledoniyada baş verən hadisələrdə “Azərbaycan izi” axtarıb.

    Beləliklə, Yeni Kaledoniyadakı böhran göstərir ki, Fransanın indi dənizaşırı ərazilər adlandırılan keçmiş müstəmləkələri ilə bağlı siyasəti dalana dirənir. Prosesi zor gücünə yatırmağa çalışması isə sadəcə nəticə verməyəcək. Fransa hakimiyyəti ümid edir ki, zorakı vasitələr tətbiq etməklə adanı ram etməyə müvəffəq olacaq. Lakin unudur ki, artıq ada sakinləri əvvəlki qaydada yaşamaq istəmirlər. Fransa hökmranlığından qurtulmaq, sosial və siyasi müstəqillik əldə etməyi prioritet kimi görürlər. Özlərinin də ifadə etdiyi kimi, Yeni Kaledoniyada təhlükəsiz gələcəyə nail olunmasına çalışırlar.(Report)


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR