AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına etiraz edir - Problem o qədər böyüyüb ki...

  • + A
  • - A
  • 23-02-2017, 12:22

    Sakinlər MTK sahiblərinin özbaşınalıqlarına etiraz edir - Problem o qədər böyüyüb ki...

















    Havaların soyuq keçməsi qışa hazır olmayan Bakının problemlərini birə on artırıb. Kommunal xidmətlərin qiymətinin artması əhalinin bahalaşma ilə bağlı gərginliyini daha da tarıma çəkib. Xüsusən çoxmərtəbəli qazsız binalarda elektrik enerjisinə görə kommunal xərclərin 300-500 manata çıxması sakinləri əsəb sarsıntısına məruz qoyub. Çoxmənzilli yaşayış binalarını inşa edən tikinti koperativləri gün-gündən güzəranı aığrlaşan sakinləri o qədər istismar eləyir ki, bu binalardan mənzil alan sakinlər dözməyib etiraza qalxırlar. Etiraz edənlərə isə mənzil tikinti koperativlərindən (MTK), tikintiylə məşğul olan məhdud məsuliyyətli cəmiyyətlərdən (MMC) təzyiqlər olunur.

    MTK-lardan prezidentə 100-dən çox şikayət gedib

    Prezident Administrasiyasının (PA) Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun sözlərinə görə, 2016-cı ildə PA-ya 100-dən çox mənzil-tikinti koperativi və şirkət barəsində şikayət daxil olub. Bu şikayətlərdə çoxmərtəbəli yaşayış binalarının müvafiq norma və qaydalara uyğun tikilməməsi, müqavilə şərtlərinin kobud surətdə pozulması, bəzi şirkətlərin mənzilin pulunu aldıqdan sonra yoxa çıxması, mənzillərin dövlət komissiyası tərəfindən istismara qəbul edilməməsi, vətəndaşların bu binalarda aldıqları mənzilə mülkiyyət hüququnu təsdiq etdirə bilməməsi, süründürməçilik, qazın və suyun vaxtında verilməməsi, bunun üçün sakinlərdən dəfələrlə əlavə pul yığılması kimi problemlər öz əksini tapıb.

    KVN-çilərin reklamıyla mənzil alanlar indi “Bu binalardan mənzil almayın” deyir

    Elə Hurriyyet.org-a da "Yeni Bakı" yaşayış kompleksinin sakinləri şikayət edib. “İlin 4 fəsli” MMC-nin əməllərindən narazı sakinlər deyirlər ki, bu şəhərcikdə 3 minədək mənzilin çoxusunda (80 faizə qədər) yaşayış var, amma buna yaşayış demək olarsa. MMC-nin ATV telekanalından Cabir, Tahir İmanov qardaşları vasitəsilə etdiyi reklamın həvəsinə bu binalardan mənzil alan sakinlər indi peşiman olduqları üçün “bu binalardan mənzil almayın” deyə insanları zərər çəkməməyə səsləyirlər: “Hazırda "Yeni Bakı" yaşayış kompleksində 5 həyət var. 3 həyətdə yerləşən binalarda qaz yoxdur. Qalan 2 həyətdəki binalar isə 1 il olar ki, qazlaşdırılıb. Amma biz bura mənzil almağa gələndə dediər mənzillərə qaz da çəkiləcək, “kupça” da veriləcək”.

    “Elektriki qoşuruq, acından, qoşmuruq, soyuqdan ölürük”

    Sakinlərə isə mənzillər müqavilə əsasında satılıb. Sonradan sakinlər anlayıblar ki, müqavilə şərtləri pozulur: “Biz ödənişimizi tam bitirənə qədər təmirə başlamağa icazə vermirdilər. Amma şirkətin öhdəlikləri vardı ki, bizə mülkiyyəti təsdiq edən sənəd təqdim etməlidir, etmir. Binalar qazlaşdırılmalıdır, bütün şəhərcikdə qaz, su, elektrik sayğacları quraşdırılmalıdır, quraşdırılmır. Kommunal xidmətlərin ödəniş haqlarını isə özləri yığırlar. Sayğacın göstərişindən əlavə ödənişlər tələb eləyirlər. Sakinlərə ayda 200-500 manatlıq, hətta bəzən daha çox elektrik qəbzi gəlir və bu ödəniş sakinlərdən aybay tələb olunur. Elektriki qoşuruq, acından ölürük, qoşmuruq, soyuqdan. Qəbz isə rəsmi və aidiyyəti qurumların deyil, MMC-nin daxili hesablaşma blankı ilə verilir. Qəbzdə, sadəcə, göstərici və ödənəcək məbləğ yazılıb, biz bu qədər məbləğin necə yarandığını və hara ödəndiyini bilmirik. Etiraz edənlərə isə təzyiq göstərilir. Biz sanki blokadaya alınmış şəraitdə yaşayırıq. Bu cür münasibətdən cana doymuşuq, bu işlərin sonu çox pis nəticələnə bilər”.

    Ayda 3 manat kommunal haqqı alıb dövlətə vergi ödəmirlər

    "Mənzilin kvadratına görə iki ildir ki, heç bir şərait dəyişikliyi olmadan kommunal xidmət haqqı 28 qəpikdən 40 qəpiyə qaldırılıb. Bu da 92 kvadratmetrlik mənzil üçün 36 manat 80 qəpik edir. Normal bir xidmət göstərilsəydi, yenə bu pulu ödəməyinə dəyərdi. Heç bir xidmət də yoxdu”.

    Yeri gəlmişkən, Bakının mərkəzi rayonlarında kommunal xidmət haqlarına görə, nəinki 40, 50 qəpik, 3 manat ödəniş haqqı tələb edən MTK sahibləri var.

    Sakinlər hesab edirik ki, bu gün dövlət büdcəsinin zərərə məruz qalmasının başlıca səbəblərindən biri bu cür tikinti şirkətlərinin özbaşına pul yığımı və üstəlik də vergidən yayınmasıdır.

    Televiziya və interneti də öz monopoliyalarına alıblar

    Sakinlər dedi ki, tikinti sahibləri televiziya və interneti də öz monopoliyalarına alıblar. Şəhərciyə kabel televiziyasının çəkilməsinə imkan verilmir, bina üzərində sakinlərin antenna yerləşdirilməsinə də icazə yoxdur: "Binalarda sputnik antennalar quraşdırılıb, qeyri-qanuni şəkildə telekanallardan verilişlər götürüb insanlara ayı 6 manatdan satırlar. İnternet provayderləriylə əməkdaşlığa imkan verilmir. Özlərinin qiyməti isə minimum 20 manatdır”.

    “Mənzillərimizi qeyri-yaşayış sahəsi kimi qeyd edib 700 manat sayğacpulu yığılıb”

    Sakinlərin sözlərinə görə, mənzillərdə sayğacların quraşırılması üçün onlardan 200, 300, hətta 700 manat pul yığıblar, amma bu günə kimi sayğac quraşdırılmayıb: “Halbuki prezidentin 2009-cu ildə verdiyi fərmana görə çoxmənzilli binaların kommunal xidmətlər üzrə sayğaclaşması pulsuzdur. Bu səbəbi gətirdikdə isə bizə deyilir ki, bu şirkətin tikdiyi mənzillər qeyri-yaşayış sahələri hesab olunur deyə, sayğaclar pulla quraşdırlacaq. Burada 3 min yaşayış məzili varsa, necə qeyri-yaşayış sahəsi ola bilər? Məgər biz corab istehsal edən sexdə yaşayırıq? Görünür, burada kiminləsə əlbir olub dövlətin bizə verdiyi vəsaitləri mənimsəyirlər. Bizim də narazılığımız ondandır ki, MTK-lar sakinləri çox sıxıb, istismar edirlər. İnsanlar onsuz da baha qiymətə aldığı bu mənzilləri kommunal xərcləri üzündən ailəsinə, uşağına quru çörək belə almağa çətinlik çəkir”.

    Komendat cavab verməkdən boyun qaçırır

    Qeyd edək ki, vətəndaşların prezidentə şikayət etdikləri tikinti koperativləri arasında “İlin dörd fəsli” də var. Həmin tikinti koperativinin “Yeni Bakı-2” həyəti üzrə Ehtiram adlı komendatı ilə əlaqə saxladıq. Dedi ki, yoldadır, qısa müddət ərzində bizimlə əlaqə saxlayıb, bütün suallara aydınlıq gətirəcək. Sonradan isə telefonu qapandı.

    Ekspert: "Vətəndaş mənzili alıbsa, çıxarışı olmasa da, artıq mülkiyyətçidir"

    Daşınmaz əmlak bazarı üzrə ekspert Ramil Osmanov Hurriyyet.org-a açıqlamasında bildirdi ki, problemlə əlaqədar vətəndaşların çıxış yolu qanunvericiliyin tələb etdiyi qaydada yeni kollegial idarəetmə qururmu - Mənzil Mülkiyyətçiləri Müştərək Cəmiyyəti (MMMC) yaratmaqdadır: “Bununla bağlı vətəndaşlar sənədlərini Ədliyyə Nazirliyinə təqdim edirlər. İstehlakçı hüquqlarının pozulması ilə bağlı mənzil tikinti kooperativindən İqtisadiyyat Nazirliyinin Antiinhisar və İistehlak Bazarının Nəzarət İdarəsinə müraciət ünvanlayırlar. MMMC-nin təsis olunması ilə bağlı İqtisadiyyat Nazırliyinin Kommunal Təsərrüfat şöbəsinə və eyni zamanda digər instansiyalara şikayətlər edə bilərlər. Yəni mülkiyyətçi, payçı aldığı mənzilin pulunu tam şəkildə ödəyə bilibsə, o artıq Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq mülkiyyətçi hesab olunur. Baxmayaraq ki, onun əlində çıxarışı yoxdur”.

    “Sakinlərin MTK rəhbərləri qədər binadan istifadə etmək haqları var”

    Ekspert bildirdi ki, Mənzil Məcəlləsinə görə, binada iki nəfərdən artıq vətəndaş birləşib, öz idarəetmə təşkilatlarını formalaşdıra bilər. Azərbaycan reallığında buna görə ola bilər ki, binanının rəhbərliyi onlara təzyiq göstərsin, desin ki, bizim həyətdən, qurğulardan istifadə eləməyin: “Amma qanunvericilik nəzərdə tutur ki, binanın daxilində və kənarında ümumi istifadə olan dam, bina, zirzəmi, lift və sair vətəndaların birgə əmlakı hesab olunur. Sakinlər bilməlidirlər ki, onların da bu binadan istifadə etməkdə MTK rəhbərləri qədər haqları var. Bu məsələ o dərəcədə ciddidr ki, artıq Prezident Adminstrasiyasından Süleyman İsmayılov bu tikinti sahiblərinin öz fəaliyyətlərində yol verdikləri nöqsanlardan danışdı. Yeni tikintilərin, mənzil-tikinti koperativlərinin 70-80 faizində oxşar problemlər yaşanır”.

    “Hökumət MTK-lara qarşı çox loyal davranır”

    Ramil Osmanovun fikrincə, bu problemin həlli həm də dövlətin iradəsindən asılıdır: "İqtisadiyyat Nazirliyi Binəqədi rayon İcra hakimiyyətiylə birgə pilot layihə icra edir. Rəqəmlər dəqiq olmasa da, bildirlir ki, 50-dən artıq MMMC yaradılıb. Amma həmin qurumların fəaliyyəti haqqında kampaniyalar, marrifləndirici məlumatlar həyata keçirilmir. Xüsusilə yeni tikintilərlə bağlı Prezident Adminstarsiyasına, İqtisadiyyat Nazirliyin müraciət etdikdə, onlar da müraciəti ünvanlayırlar yerli icra hakimiyyəti orqanlarına. Əgər rayon icra hakimiyyəti bir MNTK-ya bina tikintisi üçün sərəncam verməyibsə, onun özbaşınalığına hansı formada nəzarət edə bilər?! Üstəlik, istehlakçı hüquqularının kütləvi şəkildə pozulması faktı varsa, buna qarşı tədbir görməyə icra hakimiyyətinin səlahiyyəti yoxdur. Bu məsələ bilavasitə iqtisadiyyat Nazirliyinin səlahiyyətində olan məsələdir. Burada təkcə binaların idarəetməsi problem deyil. Vətəndaş öz mənzilini satır, mənzili satarkən müqaviləni dəyişmək üçün ondan 3-4 min manat mənzil-tikinti koperativindən ödəniş tələb olunur. Rəsmi qurumlar MMC, MNTK rəhbərlərinə qarşı çox loyal münasibətdədir. Ona görə dövlət burada ciddi iradə ortaya qoymalıdır. Bakının ən ucqar ərazisində hətta kvadratın 1,5 əmsalı ilə götürsək, dövlətət büdcəsinə 2 min 2250 manat vergi ödəməlidir. Amma dövlət bu vergini faktiki olaraq MNTK rəhbərinə bağışlayır. Bu cür münasibət başadüşülən deyil”.

    “Mənzil alanları buraxıblar taleyin hökmünə, tikinti koperativləri də onları aldadır”

    Azad İstehlakçılar İctimai Birliyinin rəhbəri Eyyub Hüseynov hesab edir ki, MTK-larda böyük anarxiyalar hökm sürür: “Bina təhvil verilməmiş, niyə mənzillər satışa çıxarılır?! Aidiyyəti dövlət qurumları hara baxır? Bu cür binaların siyahısı əhaliyə açqılansın, camaat bilsin ki, bu bina dövlət qurumlarının komisiyasından keçməyib. Niyə qeyri-şəffaf iş görürlər? İqtisadiyyat Nazirliyinin əməkdaşları ilə görüşdə mən bu sahədəki nöqsanlar barədə dəfələrlə bildirmişəm. Problemhəm də ondan doğur ki, tələb təklifi üstələyir bu tələbatdan da MTK-lar sui istifadə edirlər. Mənzil alanları buraxıblar taleyin hökmünə, tikinti koperativləri də onları necə gəldi aldadır. Çox təəssüf ki, dövlət orqanları istehlakçını qorumaq üçün heç bir addım atmır”.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR