DİN-in Mətbuat Xidmətindən Azadmedia.az-a verilən məlumata görə,
- Dekabrın 18-də ölkə ərazisində qeydə alınan 34, əvvəlki dövrlərdən bağlı qalan 16 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
- Axtarışda olduğuna görə ümumilikdə 94, o cümlədən borclu şəxs qismində axtarışda olan 75 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
- Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 10 fakt müəyyən edilib.
- Cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.
***
*Dekabrın 18-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatdırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 13 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.*
***
*Polis əməkdaşlarının dekabrın 18-də keçirdikləri əməliyyat tədbirləri ilə dələduzluğa görə axtarışda olan 5 nəfər saxlanılaraq istintaqa təhvil verilib.*
***
*Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.*
*Dekabrın 18-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 2 avtomat silahı, 1 tapança, 6 qumbara, 4 alışdırıcı, 7 tüfəng, 4 patron darağı və 861 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.*
***
Sürücülük hüququ olmayan şəxs saxta nömrə nişanından istifadə edirmiş
Baş DYP İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.
Belə ki, Qobustan rayonu ərazisində hərəkətdə olan “VAZ” markalı, tranzit dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xarici işıq cihazları nasaz olduğu üçün Alayın 3-cü taqımının əməkdaşı tərəfindən saxlanılıb. Sənədləri təqdim etmədiyi üçün sürücü Mustafa Mahmudzadə barəsində aparılan araşdırma zamanı məlum olub ki, o, sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etməklə yanaşı, həm də kustar üsulla hazırlanmış saxta nömrə nişanından istifadə edib.
Qanunvericiliyin tələblərini kobud şəkildə pozan M.Mahmudzadə barəsində müvafiq protokollar tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib.
Baş Dövlət Yol Polisi İdarəsi məsuliyyətdən yayınmaq məqsədi güdən belə hallara qarşı bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirir və hər bir yol hərəkəti iştirakçısını hüquqazidd əməllərdən çəkinməyə çağırır.
***
Dələduzluq
*Səbail RPİ 9-cu Pollis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* Bakı şəhər sakininin 60.000 ABŞ dollarını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 41 yaşlı E.Haqverdiyev müəyyən olunaraq saxlanılıb.
*Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlə isə* bir qadının 400 manatını dələduzluq yolu ilə ələ keçirməkdə şübhəli bilinən 32 yaşlı S.Şahverdiyev saxlanılıb.
*Hər iki faktla bağlı araşdırma aparılır.*
***
Oğurluq
*Sabunçu rayonu ərazisində baş vermiş oğurluqla bağlı polisə məlumat daxil olub.*
*Sabunçu RPİ 15-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla* dekabrın 16-da Pirşağı qəsəbəsində yaşayan şəxsin 9300 manat dəyərində 31 baş qoyununun oğurlandığı məlum olub.
*Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə* oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş 52 yaşlı C.Hacıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Oğurluq
Səbail rayonu ərazisində yerləşən xəstəxanada bir qadının çantasından içərisində 2640 manatı, bank kartı və sənədləri olan pulqabısının oğurlanması barədə polisə məlumat daxil olub.
*Səbail RPİ 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə* əməli törətməkdə şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 43 yaşlı F.Tağıyev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
***
Oğurluq
*Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə* paytaxtın Yasamal və Suraxanı rayonlarında marşrut avtobuslarında pul və mobil telefon oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 40 yaşlı E.Hümmətov və 44 yaşlı R.Qənizadə saxlanılıblar.
*Faktlarla bağlı araşdırmalar aparılır.*