AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İsrailli məskunlaşanlar İordan çayının qərb sahilində zeytun ağaclarını yandırıb, fələstinlilərə hücum ediblər

  • + A
  • - A
  • Bu gün, 16:26

    İsrailli məskunlaşanlar İordan çayının qərb sahilində zeytun ağaclarını yandırıb, fələstinlilərə hücum ediblər


    İsrailli məskunlaşanlar İordan çayının qərb sahilində yerləşən Əbu-Fəlah kəndində zeytun məhsulu yığan fələstinli fermerlərə hücum ediblər. Hadisə nəticəsində azı iki nəfər xəsarət alıb. Yaralananlar arasında “The Washington Post” qəzetinin fotomüxbiri Heydi Levin də var.

    “Reuters” agentliyinin şahidlərə istinadən yaydığı məlumata görə, cümə günü üzlərini gizlədən və silahlı olan təxminən 80 israilli məskunlaşan təpədən enərək zeytun bağlarında məhsul yığan fələstinlilərə hücum edib. Hücum edənlər zeytun ağaclarını yandırıb, yerli sakinləri daşlayıblar.

    Məlumata əsasən, hücum edənlərdən bəzilərinin üzərində gözyaşardıcı qaz balonları olub. Onlar ağacların sıraları qarşısında mövqe tutaraq sapandlarla fələstinlilərə daş atıblar. Yerli sakinlər əvvəlcə təpənin ətəyinə doğru geri çəkilib, daha sonra isə özlərini müdafiə etmək məqsədilə cavab olaraq daş atmağa başlayıblar.

    Hadisə zamanı ərazidən yüksək sürətlə azı iki İsrail hərbi avtomobili keçib. Hərbi avtomobillərin hərəkəti zamanı sakinlər yoldan çəkilməyə məcbur olublar.

    Lakin hərbçilərin əraziyə gəlməsindən sonra da hücum davam edib. İsrail əsgərləri hərbi avtomobillərdən yayınmağa çalışan fələstinlilərə qarşı gözyaşardıcı qazdan istifadə ediblər. Ərazidə döyüş sursatlarından atəş səsləri də eşidilib. “Reuters”in fotoqrafı ən azı bir silahlı məskunlaşanın atəş açdığını müşahidə edib.

    İsrail hərbçiləri məsələ ilə bağlı agentliyin şərh sorğusuna operativ cavab verməyiblər.

    Fələstinli tibb işçilərinin məlumatına görə, xəsarət alan iki nəfər Ramallah ətrafındakı xəstəxanalara çatdırılıb. Yaralananlardan biri “The Washington Post” qəzetinin fotomüxbiri Heydi Levin olub. Nəşrin nümayəndələri də hadisə ilə bağlı dərhal açıqlama verməyiblər.

    İşğal altındakı İordan çayının qərb sahilində israilli məskunlaşanların fələstinlilərə qarşı zorakılıqları artmaqdadır. Məskunlaşanların fəaliyyətini izləyən İsrailin “Yesh Din” hüquq-müdafiə təşkilatının məlumatına görə, illik zeytun yığımı mövsümünün başlandığı təxminən 27 sentyabrdan etibarən azı 170 hücum qeydə alınıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR