Səbailin polis zabitinin cinsi azlıqla görüşən ailəli kişilərə - Şantaj oyunu
Hədə-qorxu yolu ilə pul tələb etməkdə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirli bilinən 1980-ci il təvəllüdlü Zamir Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Zamir Hüseynov Cəbrayıl rayonunda anadan olub və ali təhsillidir. O, həbs olunana kimi Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin cinayət axtarışı üzrə əməliyyat müvəkkili vəzifəsində işləyib.
Zamir Hüseynov həmin vəzifədə işləyən zaman Dəmirova Ayla Altay qızının qəsdən öldürülməsi faktı üzrə Səbail rayon prokurorluğunda Şahlar Əliyevin haqqında Cinayət Məcəlləsinin 120.2.5-ci (tamah məqsədilə qəsdən adam öldürmə) və sair maddələri ilə ibtidai istintaqı aparılan 150026054 nömrəli cinayət işi üzrə araşdırma aparıb.
O, 29 iyun 2015-ci il tarixli əməliyyat tapşırığının icrası ilə əlaqədar əməliyyat tədbirlərini həyata keçirib. O, vəzifəli şəxs kimi qətlə yetirilən Ayla Dəmirovanın istifadəsində olmuş mobil telefonun yaddaşında olan nömrələrə baxış keçirib.
Ailəli kişiləri rüsvay etməklə hədələmək
Baxış əsasında Zamir Hüseynov Bakı şəhər sakinləri Emil Babayev (cinayət işində adı keçən bütün zərərçəkmişlərin adı və soyadı şərti göstərilib - red.) və digər şəxsləri 2015-ci ilin iyul ayı ərzində işlədiyi Səbail rayon Polis İdarəsinin 9-cu polis bölməsinin inzibati binasındakı xidməti otağına dəvət edib.
Zamir Hüseynov vəzifə səlahiyyətlərindən sui-istifadə edərək, özündə olan məlumatlar əsasında dəvət olunan şəxslərin ailəli olmalarını onlara bildirib və cinsi azlıqlara mənsub olan Ayla Dəmirova ilə telefon və sosial şəbəkə vasitəsi ilə tanış olmaqla əlaqə saxladıqlarına və intim əlaqədə olduqlarına görə barələrində bununla bağlı rüsvayedici məlumatlar yaymaqla hədələyib.
Zamir Hüseynov iyulun 1-də Emil Babayevi polis bölməsinə dəvət edib. Həmin gün Emil Babayevi xidməti otağında qəbul edən polis zabiti onun haqqında rüsvayedici məlumatlar olduğunu bildirib.
O, Emil Babayevin haqqında həmin məlumatların yayılmaması və telefon nömrəsinin Ayla Dəmirovanın telefonunun yaddaşından silinməsi üçün ondan 100 manat alıb.
Rüsvay olmaması üçün 800 manat verdi
Zamir Hüseynovun şantaj etdiyi növbəti zərərçəkmiş Samir Əliyev olub. Ayla Dəmirova ilə telefonda SMS-lə yazışan və görüşən Samir Əliyev polis zabiti tərəfindən şantaj olunub.
O, Samir Əliyevdən barəsində olan rüsvayedici məlumatların sosial şəbəkədə yayılmaması üçün 1500 manat tələb edib. Ailəli olan Samir Əliyev də biabır olmaması üçün Zamir Hüseynova iyulun 7-də 800 manat verib.
Zamir Hüseynovun şantaj etdiyi növbəti şəxs Elçin Əkbərov olub. O, Elçin Əkbərovu iyul ayının əvvəllərində xidməti otağına çağırıb və onun Ayla Dəmirova ilə görüşdüyünü deyib.
700 manatla canını xilas edən kişi
Əvvəlcə Elçin Əkbərov cinsi azlığın nümayəndəsi olan Ayla Dəmirova ilə görüşməsini təkzib edib. Amma polis zabiti Elçin Əkbərovun Ayla Dəmirova ilə SMS vasitəsi ilə yazışmalarını qarşısına qoyub.
Bu zaman Elçin Əkbərov çıxılmaz vəziyyətdə qalıb və Ayla Dəmirova ilə bir neçə dəfə görüşdüyünü Zamir Hüseynova etiraf edib. Zamir Hüseynov onun ailəli olduğunu, ailəli ola-ola cinsi azlığın nümayəndəsi ilə görüşdüyünü sosial şəbəkələrdə yaymaqla hədələyib. O, Elçin Əkbərovdan 3 min manat verməsini tələb edib.
Amma Elçin Əkbərov ona 3 min manat verə bilməyəcəyini deyib. Nəhayət, Elçin Əkbərov polis zabitinə 700 manat verib və canını xilas edə bilib.
20 yaşlı oğlana 200 manatlıq şantaj
Polis zabiti Zamir Hüseynovun şantaj etdiyi növbəti zərərçəkmiş gənc oğlan olub. 20 yaşlı Fərda Məmmədov polis zabiti tərəfindən polis bölməsinə çağırılıb.
Orada dindirmə zamanı Fərda Məmmədovun Ayla Dəmirova ilə olan münasibətlərindən danışılıb. Fərda Məmmədov polis zabitinə 200 manat verməklə biabır olmaqdan xilas olub.
Bundan sonra həmin ay Zamir Hüseynov Rahib Məlikovu polis bölməsinə çağırıb. Onun Ayla Dəmirova ilə olan münasibətlərini ört-basdır etmək məqsədlə 1000 manat tələb edib.
Lakin Rahib Məlikov polis zabitinə bu qədər pul verməyə imkanının olmadığını bildirib. Aralarında olan söhbətdən sonra Rahib Məlikov 300 manat verməklə cinsi azlığın nümayəndəsi ilə adının hallanmasından xilas ola bilib.
Zamir Hüseynovun növbəti şantaj etdiyi Şəhriyar Səlimov olub. Polis bölməsinə çağırılan Şəhriyar Səlimovu Zamir Hüseynov xidməti otağında qəbul edib. Zamir Hüseynov Şəhriyar Səlimovun ailəli olduğunu, cinsi azlığın nümayəndəsi ilə görüşdüyünü, bununla bağlı SMS yazışmaları olduğunu deyib.
200 manata biabırçılığın qarşısını aldı
Əvvəlcə Şəhriyar Səlimov Ayla Dəmirovanı tanımadığını deyib. Ancaq polis zabiti Şəhriyar Səlimovun Ayla Dəmirova ilə görüşməsi barədə SMS yazışmalarını ortaya qoyub.
Bundan sonra çıxılmaz vəziyyətdə qalan Şəhriyar Səlimov Ayla Dəmirova ilə telefonla danışdığını, bir neçə dəfə onun evində olduğunu etiraf edib. Polis zabiti Şəhriyar Səlimovu Ayla Dəmirova ilə görüşməsi barədə məlumatları sosial şəbəkələrdə yaymaqla hədələyib, ondan 1000 manat verməsini tələb edib. Sonra Şəhriyar Səlimov bu məsələlərin üstünün bağlanması üçün polis zabitinə 200 manat verib.
Emir Yıldıza 2500 manatlıq şantaj
Zamir Hüseynovun növbəti şantaj etdiyi şəxs Türkiyə vətəndaşı olub. Ayla Dəmirova ilə görüşən Türkiyə vətəndaşı Emir Yıldız Bakıda özəl şirkətlərdən birində işləyib. Sosial şəbəkələrdən birində Ayla Dəmirova ilə tanış olan Emirin sonradan onunla telefon danışıqları olub. Ayla Dəmirovanın qətlə yetirilməsindən sonra Emir Yıldızın telefon nömrəsi aşkarlanıb. Bu vasitə ilə polis bölməsinə çağırılan Türkiyə vətəndaşını Zamir Hüseynov xidməti otağında qəbul edib. Bu zaman o, Türkiyə vətəndaşına cinsi azlığın nümayəndələri ilə görüşdüyünü deyib və bununla bağlı əllərində məlumat olduğunu, həmin məlumatları sosial şəbəkədə yaymaqla hədələyib.
Zamir Hüseynov bu tip məlumatların internetdə yayılmaması üçün Emir Yıldızdan 2000 manat verməsini tələb edib. Sonra o, Emir Yıldızdan 500 manat alıb.
Polis zabitinin növbəti şantaj etdiyi Ayla Dəmirovanın görüşdüyü İsmayıl Əhmədov olub. O, İsmayıl Əhmədovu xidməti otağına çağıraraq onun cinsi azlığın nümayəndəsi ilə görüşdüyünü iddia edib.
Bu məlumatların yayılmaması üçün Zamir Hüseynov İsmayıl Əhmədovdan 3 min manat verməsini tələb edib. İsmayıl Əhmədov bu qədər pulunun olmadığını deyib. Sonda İsmayıl Əhmədov polis zabitinə 750 manat verərək özü barədə məlumatların internetdə yayılmasının qarşısını ala bilib.
200 manatlıq şantaj
Zamir Hüseynov növbəti dəfə Murad Orucovu şantaj edib. Polis zabiti Murad Orucovdan hədə-qorxu yolu ilə 200 manat alıb.
Zamir Hüseynov Dəmirova Ayla Altay qızının qətlə yetirilməsinə aidiyyəti olmayan şəxsləri polis bölməsinə dəvət edib və heç bir prosessual sənəd tərtib etməyib.
5 il 6 ay cəza
Bu əməlləri ilə Zamir Hüseynov Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu yolu ilə təkrar pul tələb etmə) və 308.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zamir Hüseynov 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi barədə qərar qəbul edib.
Hökmdən narazı qalan Zamir Hüseynov apelyasiya şikayəti verib. O, günahsız olduğunu, barəsində bəraət hökmünün çıxarılmasını istəyib. Onun şikayəti araşdırılması üçün Bakı Apelyasiya Məhkəməsinə göndərilib.
Hakim Abid Abdinbəyovun sədrliyi ilə keçirilən prosesdə Zamir Hüseynovun apelyasiya şikayəti üzrə ilkin baxış iclası keçirilib. Prosesdə Zamir Hüseynovun apelyasiya şikayətinin dəlilləri müəyyən edilib. Onun apelyasiya şikayəti üzrə məhkəmə baxışı martın 30-na təyin edilib.
Qətl hadisəsindən xatırlatma
Səbail rayonu, Axundov bağının yaxınlığında, Səid Rüstəmov, 26 ünvanında 1988-ci il təvəllüdlü Alya Altay qızı Dəmirova qətlə yetirilib. Hadisə zamanı daha iki nəfər də xəsarət alıb.
Səbail Rayon Polis İdarəsinin 9-cu polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat zamanı 1995-ci il təvəllüdlü Şahlar Əliyev tutulub. Şahlar Əliyev ilə Alya Dəmirovanın sevgili olduğu məlum olub.
Xəyanət, yoxsa...
Şahlar Əliyev istintaqa verdiyi ifadəsində Alya Dəmirovanı ona dostu ilə xəyanət etdiyinə görə qısqanclıq zəminində qətlə yetirdiyini bildirib.
Şahlar Əliyev Cinayət Məcəlləsinin 29.120-ci (qəsdən adam öldürməyə cəhd), 120.2-ci (qəsdən adam öldürmə) və 181.2.3-ci (quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə) maddələri ilə ittiham olunub.
Xatırladaq ki, qətlə yetirilən Alya Dəmirova hadisədən əvvəl mətbuatın gündəminə avtomobil qəzası törətməsi ilə gəlib. Həmin vaxt məlum olmuşdu ki, o, əvvəllər Dəmirov Hətəmpaşa Altay oğlu olub, lakin sonradan cinsini və şəxsiyyət vəsiqəsində adını dəyişdirib.
"Dedi ki, qadın deyiləm, kişiyəm”
Şahlar Əliyev Bakı Ağır Cinayətlər Məhkəməsində ifadə verən zaman cinayətin təfərrüatını belə açıqlayıb: "Ayla ilə tanış olduqdan sonra onunla görüşməyə getdim. Görüşə görə ona pul verəcəkdim. O, görüş zamanı mənə dedi ki, qadın deyil, kişidir. Mən onunla razılaşmadım və evdən çıxmaq istədim. Ayla mənə "vaxtımı aparmısan pulumu ver” dedi. Evdə ondan başqa şəxslər də var idi. Dava düşdü, stolu və stulları mənim üzərimə atdılar. Mən də cinayət törətdim”.
19 il cəza
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Şahlar Əliyev 19 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan Şahlar Əliyev apelyasiya şikayəti verib. O, cəzasının yüngülləşdirilməsini istəyib.
Hakim Mirpaşa Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib. Qərara görə, Şahlar Əliyevin apelyasiya şikayəti təmin edilməyib.
///Teleqraf.com